Məhkəmə qərarları › İş №2-1(114)-828/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-828/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-828/2021 18.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı şəhidlik statusunun təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 17 avqust 1982-ci il tarixdə Ermənistan Respublikası, İcevan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ölümünə qədər Qazax rayonu, Kosalar kəndində yaşamış X7 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəhidlik statusunun təyin edilməsi və bu bərədə müvafiq orqana təqdim edilmək üçün arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu – 17 avqust 1982-ci il tarixdə Ermənistan Respublikası, İcevan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ölümünə qərar Qazax rayonu, Kosalar kəndində yaşamış X12 03 mart 2010-cu il tarixdə Qazax rayonu, Quşçu kəndi istiqamətində erməni silahlı qüvvələri tərəfindən avtomat silahlardan açılmış atəşə məruz qalaraq öldürülmüş, bununla bağlı Qazax rayon prokurorluğunda 14 iyul 2010-cu il tarixdə cinayət işi başlanılmışdır. Qazax rayon prokurorluğundan 02.02.2021-ci tarixdə ərizələri əsasında onlara təqdim edilmiş cinayət işinin başlanılması, dayandırılması ilə bağlı qərarların və ekspertiza rəylərinin surətlərindən açıqca görünür ki, oğlu erməni təcavüzkarları tərəfindən odlu silahdan açılmış atəşlə öldürülmüş və öldürən şəxslərin şəxsiyyəti müəyyən edilə bilmədiyi üçün cinayət işi dayandırılmışdır. Buna baxmayaraq, bu günədək oğlu X7 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəhidlik statusu verilməmişdir. Cavabdehnə müraciət edərək oğluna şəhidlik statusu verilməsi barədə müvafiq orqana təqdim edilmək üçün arayış verilməsini xahiş etmiş, müraciətinə Qazax Rayon İcra Hakimiyyətindən cavab olaraq 17 fevral 2021-ci il tarixli məktubla cavab verilərək, mülki şəxsə şəhid statusu verilməsi üçün "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4-cü bəndinə əsasən rayon ərazisindən xidmət aparan hərbi hissənin arayışı tələb edilmişdir. Məktubda qeyd edilir ki, ölüm haqqında şəhadətnaməsi verilməlidir. O, isə müraciətə ölüm haqqında şəhadətnaməni, eləcə də, digər bütün sənədləri əlavə etmişdir. Qazax Rayon İcra Hakimiyyəti əsassız olaraq müraciətinə baxılmasından imtina etmişdir. Hansı ki, qeyd olunan Qaydaların tələblərinə əsasən cavabdeh bir ay müddətində müraciətinə baxaraq şəhid statusunu təyin etməklə müvafiq orqana bu barədə arayış verməli idi. Cavabdeh Qazax Rayon İcra Hakimiyyəti məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Eyni tərif “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarının 1-ci maddəsində də verilmişdir. Belə ki, həmin maddəyə əsasən, şəhid -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. İddiaçıya oğlu mərhum X5 həmin müddəalarda qeyd edilən əsaslardan hər hansı birinə əsasən şəhid hesab edilməsi üçün müvafiq sənədləri təqdim etdikdən sonra Qazax Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq arayışın təqdim ediləcəyi bildirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə yuxarıdakı əsaslardan hər hansı biri müəyyən edilməmişdir. Yalnız Qazax Rayon Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaqın sənədlərindən görünür ki, 02 mart 2010-cu il tarixdə təmas xəttinin Qazax rayonu, Məzəm kəndi istiqamətində olan erməni birləşmələrinə məxsus mövqelərdəki şəxsiyyəti istintaqa məlum olmayan şəxs(lər) döyüşlərdə hər hansı formada iştirak etməyən mülki şəxslər – rayonun Məzəm kənd sakini X8, Kosalar kənd sakini X12 və Qazax şəhər sakini X1 Ermənistan Respublikasının Noyemberyan rayonunun God kəndindən mal-qara gətirmək məqsədilə rayonun Quşçu Ayrım kəndi ərazisində yerləşən '“Kəkil” dağından “Boz” dağının ətəyinə doğru 100-150 metr irəlilədikdən sonra avtomat silahlardan dəfələrlə atəş açmaqla hücum edib Həsən Hüseynovu öldürmüşlər. Beləliklə, iddiaçının oğlunun şəhid hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasların hər hansı biri ilə bağlı sənədlər hazırki vaxtadək təqdim edilməmişdir. Odur ki, müvafiq arayışın verilməsi mümkün deyildir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X15 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı ******** nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Qazax Rayon İcra Hakimiyyətinin 17.02.2021-ci il tarixli H-45-055 nömrəli imtina məktubu; - Qazax rayonu Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09.03.2021-ci il tarixli 11-21/335 nömrəli arayışı; - Qazax rayon prokurorluğunun 02.02.2021-ci il tarixli 22-Ş-21 nömrəli məktubu, həmin məktuba əlavə edilmiş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Qazax rayon prokurorluğunun böyük müstəntiqi X4 14.07.2010-cu il tarixli qərarı, məhkəmə-tibbi ekspertizasının 21.05.2010-cu il tarixli 07/MEŞ nömrəli rəyi və “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında” Qazax rayon prokurorluğunun böyük müstəntiqi X6 23.02.2019-cu il tarixli qərarı; - Qazax şəhər sakinləri X12 və X9 erməni silahlı qüvvələri tərəfindən öldürülməsi faktına görə Azərbaycan Respublikası CM-nin 120.2.12-ci maddəsi ilə istintaq olunan 53568 nömrəli cinayət işi materialları; - AZ-İ 881180 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surəti; - X5 İİİ-SL 434203 nömrəli “Doğlum haqqında şəhadətnamə”sinin surəti; - Qazax rayon Qeydiyyat şöbəsinin 12.04.2021-ci il tarixli 05/13-61 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş ölüm haqqında qeydin surəti. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olduğu kimi, iddiaçı mərhum oğlu – X7 şəhidlik statusunun verilməsini tələb edir və iddiasını onunla əsaslandırır ki, oğlu 03.03.2010-cu il tarixdə Qazax rayonu, Quşçu kəndi istiqamətində erməni silahlı qüvvələri tərəfindən avtomat silahlardan açılmış atəşə məruz qalaraq öldürülmüşdür və bu hal ona şəhidlik statusunun verilməsi üçün əsasdır. Məhkəmə işin halların, tərəfin izahatını dinləyib, iddia tələbinin və etiraz qeydinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Qazax rayon prokurorluğunun 12.04.2021-ci il tarixli 156-xid-21 nömrəli mətkubu ilə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 116.0.10 və 120.2.12-ci maddələri ilə ibtidai istintaqı aparılmış 53568 nömrəli cinayət işinin materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14.07.2010-cu il tarixli qərardan görünür ki, Qazax rayon sakinləri X5 və X9 rayonun Quşçu-Ayrım kəndi istiqamətində erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalaraq öldürülməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Məhkəmə-tibbi ekspertizasının 21.05.2010-cu il tarixli 07/MEŞ nömrəli rəyindən görünür ki, X5 meyitinin bədənində aşağıdakı xəsarətlər – başın tüklü hissəsində, gövdənin ön divarında, bel nahiyəsində solda, kəllə, döş qəfəsi və İİ bel fəqərə sümüklərində, eləcə də bütün daxili üzvlərdə çoxsaylı kəsiklər və mişarlanma defektləri aşkar edilmişdir. Bu zədələr həyatiliyin əlamətlərinə malik olmayıb, mərhum H.H.Hüseynovun ölümündən sonra meyitin aparılmış ilkin təşrihi zamanı yaranan zədələrdir. Qarının ön divarının göbək nahiyəsində daxilə keçən, daxili üzvlərin və İİ bel fəqərəsinin zədələnməsilə müşayiət olunan həyati odlu silah güllə yaralanması isə İİ bel fəqərəsinin defekt nahiyəsində və onun ətrafını əhatə edən sümük toxumasının tərkibində atom-absorbsiya üsulu ilə aparılmış tədqiqat nəticəsində patronun kapsulunun alışdırıcı maddəsinin və güllənin, gilizin tərkib elementlərinin, qarın boşluğunda bel nahiyəsinə sola doğru yönəlmiş həyati yara kanalının aşkar olunması ilə təsdiq olunur. Qeyd edilən xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub, H.H.Hüseynovun ölümü ilə birbaşa səbəbli əlaqədədir. Döş qəfəsinin sağ yarısının yan səthində, sol yarısının arxa səthində iki ədəd qançır, boynun sağ yan səthinin və bel-sağrı nahiyələrinin 5 ədəd sıyrıqları da həyatiliyin əlamətlərinə malik olub, küt əşyaların təsirindən H.H.Hüseynovun ölümündən bir qədər əvvəl əmələ gəlmişlər, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər və H.H.Hüseynovun ölümünün səbəbi ilə səbəbli əlaqələri yoxdur. H.H.Hüseynovun ölümünə səbəb qarnın odlu silah güllə yaralanması nəticəsində daxili üzvlərin zədələnməsindən törənmiş kəskin qanitirmə və travma şoku olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsini, meyitin saxlanma şəraitini (meyit aşağı hərarət şəraitində saxlanılmışdır) nəzərə alaraq güman etmək olar ki, H.H.Hüseynovun ölümü qərarda göstərildiyi vaxtda, yəni 03-04.03.2010-cu il tarixdə alınmış odlu silah güllə yaralanmasından sonra müəyyən zaman çərçivəsində baş verə bilərdi. H.H.Hüseynovun meyitinin bədənində olan odlu silah güllə yaralanmasının morfoloji izləri – odlu silah giriş yarası, İİ bel fəqərəsindəki əsas odlu silah zədəsi və daxili üzvlərdəki zədələr meyitin Ermənistan Respublikasında ilkin müayinəsi zamanı kəsilibmişarlanıb götürüldüyünə görə, açılmış atəşin məsafəsi haqqında fikir söyləmək mümkün deyildir. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 29.09.2010-cu il tarixli qərardan görünür ki, həmin cinayət işi Qazax rayon sakinləri X12 və X9 02 mart 2010-cu ildə və 03 mart 2010-cu ildə Qazax rayonu Quşçu Ayrım kəndi istiqamətindən Ermənistan Respublikasının ərazisinə keçən zaman erməni silahlı qüvvələri tərəfindən avtomat silahlardan açılmış atəşə məruz qalaraq öldürülməsi faktına görə 14 iyul 2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 120.2.12-ci maddəsi ilə 53568 saylı cinayət işi başlanılaraq istintaq edilmişdir. İş üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Qazax rayon Məzəm kənd sakini X8, Kosalar kənd sakini X12 və Qazax şəhər sakini X3 02 mart 2010-cu il tarixdə saat 21 radələrində Ermənistan Respublikasının Noyanbryan rayonu God kəndindən mal-qara gətirmək məqsədi ilə rayonun Quşçu Ayrım kəndi ərazisindən “Kəkil” dağından erməni silahlı qüvvələrinin nəzarətində olan “Boz” dağın ətəyinə doğru 100-150 metr irəlilədikdən sonra onlar erməni silahlı qüvvələrinin atəşinə məruz qalmış, İ.D.Məmmədov və C.A.Abdullayev oradan qaçıb qurtasalar da H.H.Hüseynov aldığı güllə yarasından ölmüşdür. Həmçinin müəyyən edilmişdir ki, 03 mart 2010-cu ildə saat 21 radələrində Qazax rayon sakinləri İbrahim Məmmədov, Ceyhun Abdullayev, Sakit Namazov, Vəzir Vəliyev və Ramin Namazov “Boz” dağın ətəyində yaralı vəziyyətdə olan H.H.Hüseynovu xilas etmək məqsədi ilə Quşçu-Ayrım kəndi ərazisindən “Kəkil” dağından erməni silahlı qüvvələrinin nəzarətində olan “Boz” dağın ətəyinə doğru irəliləyən zaman onlar erməni silahlı qüvvələrinin avtomat silahlardan açdığı atəşə məruz qalmışlar, nəticədə Qazax rayonu Quşçu Ayrım kənd sakini X13 aldığı güllə yarasından hadisə yerində ölmüşdür. Cinayət işi üzrə bütün zəruri istintaq hərəkətləri həyata keçirilmiş, şahidlər dindirilmiş, məhkəmə-tibb ekspertizasının rəyi alınaraq cinayət işi materiallarına əlavə edilmiş, müvafiq sorğular və əməliyyat tapşırıqları verilərək müvafiq cavablar alınmışdır. İş üzrə aparılmış istintaqla Qazax rayon sakinləri Həsən Hüseynovun və Sakit Namazovun 02-03.03.2010-cu il tarixlərində erməni silahlı qüvvələri tərəfindən milli və düşmənçilik niyyəti ilə qəsdən öldürülməsi tam təsdiqini tapmış, lakin bu fakt üzrə təqsirləndirilən şəxs (şəxslər) qismində cəlb edilməsi olan şəxs müəyyən olunmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. - “Cinayət təqibi üzrə icraatın təzələnməsi haqqında” 22.02.2019-cu il tarixli qərardan görünür ki, əlavə istintaq hərəkətlərinin aparılması və prosessual qərarların qəbul edilməsi zərurəti yarandığı üçün cinayət işi üzrə icraat təzələnmişdir. - “Cinayət əməlinin tövsif edilməsi haqqında” 22.02.2019-cu il tarixli qərardan görünür ki, fakta görə 14.07.2010-cu il tarixdə başlanmış 53568 nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci maddəsindən həmin Məcəllənin 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə) və 120.2.12-ci (qəsdən milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələrinə tövsif edilmişdir. - “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında” 23.02.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 116.0.10 və 120.2.12-ci maddələri istinta edilən 53568 nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs(lər)in müəyyən olunmaması əsasına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi norma “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.1993-cü il tarixli Qanununun 1-ci maddəsidir. Həmin maddəyə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü və 2.1.2-ci bəndlərində qeyd edilir ki, ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar. Valideynlər şəhidin ailə üzvləri hesab olunurlar. Həmin Qaydaların 4.1-ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə verməlidir. İşin ibtidai istintaq orqanı tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçının mərhum oğlu H.Hüseynov 02 mart 2010-cu il tarixdə saat 21 radələrində Ermənistan Respublikasının Noyanbryan rayonu God kəndindən mal-qara gətirmək məqsədi ilə rayonun Quşçu Ayrım kəndi ərazisindən “Kəkil” dağından erməni silahlı qüvvələrinin nəzarətində olan “Boz” dağın ətəyinə doğru 100-150 metr irəlilədikdən sonra onlar erməni silahlı qüvvələrinin atəşinə məruz qalmış və aldığı güllə yarasından vəfat etmişdir. Məhkəmə qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.4-cü maddəsinin tələblərindən göründüyü kimi, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş mülki vətəndaşlar o halda şəhid hesab edilir ki, həmin şəxslər məhz Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş olsun. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatından isə müəyyən olunur ki, mərhum Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmamışdır. Belə olan halda iddiaçının istinad etdiyi hallar yuxarıda qeyd edilən və “Şəhid” anlayışını müəyyən edən normalarda nəzərdə tutulmuş şərtləri ödəmir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı mərhum oğluna «Şəhidlik» statusunu almaq üçün şərtlərin mövcud olmasını sübuta yetirə bilməmişdir. Qeyd olunan normaların tələblərini önəçəkən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı mərhum oğlu X7 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı mərhum oğlu X7 şəhid statusunun təyin edilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar