Məhkəmə qərarları › İş №2-1(114)-83/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-83/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-83/2021 09.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məharət dərəcəsinə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məharət dərəcəsinə görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Müdafiə Nazirinin 0623 nömrəli əmrinə əsasən xx.xx.2011-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən hərbi geyim forması daşımaq hüququ ilə ehtiyyata buraxılmışdır. xx.xx.2011-ci il tarixindən məharət dərəcəsi üçün nəzərdə tutulmuş sınaqlardan uğurla keçdiyinə görə ona 1-ci məharət dərəcəsi verilmişdir. Həmin məharət dərəcəsi rəhbər sənədlərin tələblərinə uyğun olaraq 2011-ci ilin sonunadək qüvvədə olmuşdur. Onun ehtiyyata buraxılma əmri də, xx.xx.2011-ci il tarixinə təsadüf etdiyindən hesab edir ki, ehtiyyata buraxılarkən pensiyasının hesabatında 1ci məharət dərəcəsinin nəzərə alınmaması onun hüquqlarının pozulmasıdır və bu hüquq pozuntusu aradan qaldırılmalıdır. Hal-hazırda o, 1-ci məharət dərəcəsinə görə vəzifə maaşına 25 faiz əlavəni ala bilmir. Bu səbəbdən də, o, hər ay pensiyasında 100 manata yaxın pul itirir. İddiaçı hərbi xidməti dövründə komandanlıq tərəfindən həmişə mükafatlandırılmışdır. Töhməti olmamışdır. Ona məharət dərəcəsinə görə kompensasiyanın verilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona məharət dərəcəsinə görə kompensasiyanın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 11/4732 nömrəli etirazda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 12/465 nömrəli nömrəli imtina məktubunun əsli; - İddiaçıya məxsus ******* nömrəli, xx.xx.2013-cü il tarixli hərbi biletin təsdiqlənmiş surəti; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 11/5341 nömrəli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi haqqında” Əsasnamənin: 24-cü bəndinə əsasən məharət dərəcəsi verilmiş hərbi qulluqçular bu dərəcəni ildə bir dəfə təsdiq etdirməlidirlər. 13 və 15-ci bəndlərinə əsasən sınaqlar (nəzarət yoxlamaları) bilavasitə hərbi hissələrindəki komissiyalar tərəfindən bir qayda olaraq ildə iki dəfə, qış və yay tədris dövrlərində keçirilir. Tədris dövrünün ikinci ayı ərzində hərbi hissələrin komandirləri hərbi qulluqçuların namizədliyini araşdırır, ən layiqlilərini müəyyənləşdirir və siyahıları təsdiq edir. 21-ci bəndinə əsasən hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) haqqında əmr verilir və çıxarış hərbi hissələrə verilir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 11/5341 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, münasibətlərin yarandığı zaman qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi qaydaları haqqında” Əsasnamə’’nin ll-ci fəsilin (Məharət dərəcəsinə sınaqların keçirilməsi və məharət dərəcələrinin verilməsi) 15-ci bəndində müəyyən edilmiş qaydaya müvafiq iddiaçının Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsi rəisinin xx.xx.2010-cu il tarixli 093 nömrəli əmri ilə verilmiş 1-ci məharət dərəcəsinin müəyyən edilmiş qaydada təsdiqlənməsi ilə bağlı qış tədris dövrünün (iyul-dekabr ayları) birinci ayı ərzində təqrirlə hərbi hissə komandirinə müraciət etməməsi, onun 2011-ci ilin qış tədris dövründə keçirilmiş məharət dərəcəsi üzrə sınaqlarda iştirak etməməsi ilə nəticələnmişdir. Qeyd olunan səbəbdən İddiaçı 2010-cu ildə malik olduğu məharət dərəcəsi təsdiq olunmamış, pul təminatına müvafiq əlavənin hesablanması həyata keçirilməmişdir. Məhkəmə araşdırma zamanı belə nəticəyə gəlir ki, iddiaçının müəyyən edilmiş qaydaya uyğun qış tədris dövrünün (iyul-dekabr ayları) birinci ayı ərzində təqrirlə hərbi hissə komandirinə müraciət etməməsi, onun 2011-ci ilin qış tədris dövründə keçirilmiş məharət dərəcəsi üzrə sınaqlarda iştirak etməməsi ilə nəticələnmişdir. Buna görə də, iddiaçıya məharət dərəcəsinə görə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi məqsədəuyğun deyildir. Cavabdehin iddiaçıya ünvanladığı imtina qanunamüvafiqdir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məharət dərəcəsinə görə kompensasiyanın ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar