Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-83/2022 03.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin hesabına enləndirilən yola görə 200.000 manat kompensasiya ödənilməsi, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə imkan yaradılması və ona dəymiş 500.000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin hesabına enləndirilən yola görə 200.000 manat kompensasiya ödənilməsi, və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 500.000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 2- 1(083)-444/2019 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-444/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-8/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-374/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(114)-8/2021 nömrəli qərardadı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsində yerləşən iaşə obyektini alğı-satqı müqaviləsi yolu ilə almış və həmin obyekt mövsümi qaydada fəaliyyət göstərmişdir. Bu barədə iddiaçıya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, ******* saylı çıxarış təqdim edilmişdir. Həmin çıxarışa görə iaşə obyekti iddiaçının xüsusi mülkiyyətində olmaqla, ümumi sahəsi 243.3 kv.m, torpaq sahəsi 0.0394 ha ərazi də xüsusi mülkiyyətindədir. DƏDRX-nin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş həmin tarixli texniki pasportundan görünür ki, iddiaçının xüsusi mülkiyyətində və faktiki sahibliyində olan obyektin ölçüsü 399.7 kvm yemək zalından, 154 kv.m çayxana binasından, 264 kv.m yardımçı otaqlardan ibarət olmaqla, cəmi 807.7 kv.mdən ibarətdir. İaşə obyekti alındıqdan sonra ona bitişik olan Azərbaycan küçəsi bina 44, mənzil 1-4-də yerləşən mənzillər üzərində Gəncə şəhəri 1 saylı notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixli, 4ə-2-213 saylı, 4ə-2-214 saylı və 4ə-2-215 saylı alğı-satqı müqavilələrinə əsasən İddiaçı mülkiyyət hüququ yaranmış, mülkiyyət hüququnu təsdiq edən 23030-15261-8748 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 2012-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya bildirilmişdir ki, aparılan abadlaşdırılma ilə əlaqədar olaraq yuxarıda qeyd edilən əmlak sökülməli, onun yerində yeni istirahət kompleksi tikilməlidir. 08 noyabr 2012-ci il tarixdə 510 saylı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçıya məxsus iaşə obyektinin sökülməsi ilə əlaqədar onun yerində istirahət kompleksinin inşa edilməsinə icazə verilməsi qərara alınmışdır. Gəncə şəhəri 10 dövlət təşkilatı (elektrik şəbəkəsi, “Sukanal” idarəsi, X4 idarəsi və s.) tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən, yeni istirahət kompleksi inşa edilmişdir. Qeyd edilən istirahət kompleksi və Hacıkənd qəsəbəsində bir neçə kilometr əsas yolboyu ərazi xüsusi qaya daşları ilə dövlət tərəfindən hasarlandığı üçün istirahət kompleksi ətrafında da ümumi mənzərəyə xələl gətirilməməsi üçün iddiaçı tərəfindən inşa edilmiş 100 metr uzunluğunda və 2.5 metr hündürlüyündə hasar vəsaiti hesabına həyata keçirilmişdir. Onun tərəfindən 100 000 manat məbləğində vəsait xərclənmiş, layihəyə uyğun olaraq, restoran, kottec, 3 ədəd kupe, hovuz və sair inşa edilmişdir, istirahət kompleksi dövlət tərəfindən verilmiş layihəyə əsasən inşa edilmiş, kompleksdə həyətyanı sahə, tikintialtı sahə, hovuz və sair qurğular nəzərə alınmaqla cəmi 0.60 ha ərazi iddiaçının qanuni və faktiki sahibliyində olmuşdur. 2017-ci ilin may ayında ona bildirilmişdir ki, yeni inşa etdirdiyi istirahət kompleksi onun qarşısında yerləşəcək mehmanxananın görüntüsünü pozduğu üçün üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən söküləcəkdir və bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti arasındakı danışıqlar zamanı ona bildirilmişdir ki, həqiqətən də istirahət kompleksi söküləcəkdir. İddiaçı hər bir halda ona ədalətli kompensasiya verilməsini tələb etsə də, Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, əvəzində başqa yerdə torpaq sahəsi veriləcəkdir. Beləliklə də, cavabdehin bir-birinin ardınca həyata keçirdiyi heç bir hüquqi əsası olmayan, qanunsuz hərəkətləri nəticəsində ona 1 000 000 manat məbləğində ziyan dəymişdir. Üstəlik, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən də istifadə edə bilmir. Onun mülkiyyətində olan torpaq sahəsinin hesabına yol endiriləndə də bunun əvəzi ödənilməmişdir və hazırda onun mülkiyyətində olan torpaq sahəsi ümumi istifadədədir. İş üzrə şifahi məhkəmə baxışı iclası 03 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə hazırkı məhkəmə iclası ilə əlaqədar məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, H-2-071 nömrəli məktubunun surəti, "Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 510 nömrəli sərəncamının surəti, xx.xx.2011-ci il tarixli, **********39- 12301 reyestr nömrəli texniki pasportun surəti, xx.xx.2005-ci il tarixli, 23030-15261-8748 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surəti, xx.xx.2005-ci il tarixli ev sahibinin qiymət vərəqəsinin surəti, eskiz layihənin surəti, xx.xx.2010-cu il tarixli, 2615 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiqlənmiş surəti, "Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqına" xx.xx.2003-cü il tarixli, 001354 qeydiyyat nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2005-ci il tarixli, 246614 nömrəli müqavilənin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1MK-2248/2005 nömrəli qətnaməsinin təsdiqlənmiş surəti, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-974 nömrəli qətnaməsinin təsdiqlənmiş surəti, xx.xx.1991-ci il tarixli, 64 nömrəli orderin təsdiqlənmiş surəti, Gəncə Şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, H-80-149 nömrəli məktubu, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 03/757 nömrəli məktubu, Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli məktubu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 510 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən İddiaçı məxsus yararsız vəziyyətdə olan iaşə obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülməsini nəzərə alaraq onun yerində müvafiq qaydada razılaşdırılmış layihə əsasında istirahət kompleksinin inşa edilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, H-80-149 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, həmin ərazidə dövlət hesabına tikinti işləri aparılmamış və torpaqların dövlət ehtiyacı üçün ayrılması zərurəti olmamışdır. Gəncə-Toğana avtomobil yolunun genişləndirilməsi işləri Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmamışdır. - Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2021-ci il tarixli, 03/757 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə-Toğana avtomobil yolunun genişləndirilməsi işlərinin hansı orqan və ya hüquqi şəxs tərəfindən aparılması barədə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatında heç bir rəsmi məlumat yoxdur. Həmçinin, İddiaçı məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması zərurəti olmamışdır. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, Gəncə-Toğana avtomobil yolunda saxlanma üçün nəzərdə tutulan maliyyə vəsaiti hesabına mövcud avtomobil yolunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə asfalt-beton (aşınma qatı) örtüyünün yenilənməsi işləri həyata keçirilmişdir. Avtomobil yolunun keçdiyi ərazidə heç bir söküntü və ya yolun genişləndirmə işləri Agentlik tərəfindən həyata keçirilməmişdir. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi cavabdeh iddiaçının əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişdir. Halbuki, “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 4.16.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, torpaq sahəsinin alınmasına dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: - Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərti ilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; - Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; - Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakının tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyətli obyektləirin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 203.3-ü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasına yol verilmir: - öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi (maddə 203.3.1); - qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.2); - sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.3); - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması (maddə 203.3.4); - rekvizisiya (maddə 203.3.5); - müsadirə (maddə 203.3.6). Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir (maddə 203.5). Qeyd olunan Məcəllənin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mulkiyyət hüquna xitam verilməsi həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Sözügüdən ünvan 1 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərinin iddiaçının mülkiyyətində olması mübahisələndirilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müəyyən edir ki, iaşə obyektləri “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə əsasən iddiaçının mülkiyyəti olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun mülkiyyəti dövlət tərəfindən alınmışdır. Bu müdaxilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. Məhkəmə iddiaçının əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ərizəçinin şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmiş, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçıya məxsus əmlakın cavabdeh tərəfindən sökülmədiyini göstərmişdir. Həmçinin aşağıda qeyd olunan əsasnamənin müddəalarına əsasən rayon ərazisində abadlıq və yaşıllaşdırılmaların aparılması şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətinə aid edilməmişdir. “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin: - 3.9.10-cu maddəsinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir; - 4.9.14-cü maddəsinə əsasən yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək və 4.9.20-ci maddəsinə əsasən müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsini təşkil etmək səlahiyyəti nəzərdə tutulmuşdur. - 4.18.1-ci maddəsinə əsasən bu Əsasnamənin 3.16.3-cü yarımbəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. - 4.18.2-ci maddəsinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Normaların məzmunundan göründüyü kimi cavabdeh inzibati orqanın qeyd edilən ərazi üzrə yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını, müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək, ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsini təşkil etmək və s. səlahiyyətləri nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. İddiaçı öz mülkiyyətindən cavabdehin hərəkəti nəticəsində qanunsuz olaraq məhrum olunmuşdur və iddiaçı öz mülkiyyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir. İddiaçı maddi zərərə görə 200.000 manat məbləğin kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Hazırki işdə maddi zərərin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi təyin edilmiş və rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli, LP- 229/2021 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 44 saylı binanın 1-4 olan mənzillərinin həmin ərazidə digər ölçülü və eyni təyinatlı müqayisə yanaşması ilə hazırki bazar dəyəri 90.000 (doxsan min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən əmlak kompleksinin həmin ərazidə digər ölçülü və eyni təyinatlı əmlak kompleksinin və torpaq sahəsinin dəyəri 197.000 (bir yüz doxsan yeddi min) manat təşkil edir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən, yəni 200.000 (iki yüz min) manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində təmin edilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində 500.000 manat məbləğində əldən çıxmış faydanın da cavabdehdən alınıb ona verilməsi ilə bağlı tələb irəli sürsə də, o, mübahisələndirilən əmlakından, sökülənə qədər və ya həmin əmlakından istifadəsi məhdudlaşana qədər hər hansı gəlir əldə etməsi barədə dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iş materiallarında iddia tələbinin əldən çıxmış faydanın mövcudluğuna dəlalət edən mötəbər sübutlar mövcud olmadığından iddia tələbinin həmin hissədə təmin edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 200.000 (iki yüz min) manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-83/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-83/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver