Məhkəmə qərarları › İş №2-1(114)-830/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-830/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-830/2020 17.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin xx xxxxxx 2020-ciiltarixli, ********** nömrəli məktubu ilə İddiaçı tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinə (bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi) qarşı arxiv sənədində göstərilən həmin illərin onun sığorta stajına daxil edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək Samux rayonu “Qırımızı Samux” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək Samux rayonunda “Qırımızı Samux” sovxozunda çoban işləmişdir. Sonradan Samux rayonu ayrıldığından, o indiki Göygöl rayonunda işə başlamışdır. “Qırımızı Samux” sovxozunda işlədiyi illəri əmək kitabçasına yazılmadığı üçün Samux rayon Dövlət Arxivindən arayış almışdır. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, vətəndaşın əmək kitabçasında və hərbi biletində xx.xx.2006-cı il tarixədək cəmi 22 il 2 ay 16 gün sosial sığorta stajı var və həmin müddətlər vətəndaşın sığorta stajına daxil edilmişdir. Lakin arxiv arayışında Samux rayonunun “Qırımızı Samux” sovxozunda işlədiyi qeyd olunan xx.xx.1969-xx.xx.1972-ci illərdə olan müddət əmək kitabçasında qeyd olunmadığı üçün nəzərə alınmamışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığı üçün vətəndaşa əmək pensiyası təyin etmək mümkün olmamışdır. İddiaçının “Qırımızı Samux” savxozunda işlədiyi illər nəzərə alınarsa cəmi 25 il 2 ay 21 gün sosial sığorta stajı vardır və pensiya hüququ xx.xx.2019-cu il tarixdə, yəni 64 yaşında yaranacaqdır. Odur ki, vətəndaşın iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Samux rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli və xx.xx.2020-ci il tarixli, 87 nömrəli arxiv arayışlarının təsdiqlənmiş surətləri, xx.xx.1974-cü il tarixli, NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, iddiaçının pensiya işinin təsdiqlənmiş surəti və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin iddiaçıya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, **********2 nömrəli imtina məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmətərəflərinizahatınıdinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmişdir. Məhkəmə iddia tələbinin xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək Samux rayonunda “Qırmızı Samux” sovxozunda çoban işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək Samux rayonunda “Qırmızı Samux” sovxozunda çoban işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sovxozda işlədiyi stajı əmək kitabçası ilə təsdiqlənmir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək Samux rayonunda “Qırmızı Samux” sovxozunda çoban işlədiyi dövr Samux rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli və xx.xx.2020-ci il tarixli, 87 nömrəli arxiv arayışlarında öz təsdiqini tapmışdır və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan Samux rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli və xx.xx.2020-ci il tarixli, 87 nömrəli arxiv arayışlarından məlum olur ki, İddiaçı xx.xx.1969-cu il tarixli, 157 nömrəli əmrlə işə girmiş və xx.xx.1972-ci il tarixli, 155 nömrəli əmrlə məzuniyyətə buraxılmış, məzuniyyətə gedib geri qayıtmamışdır. Məhkəmə iddiaçının Samux rayonu “Qırmızı Samux” sovxozunda əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Samux rayonu “Qırmızı Samux” sovxozunda işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Bundan başqa, İddiaçı iddia ərizəsində ona hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalıəmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyulundan - 2019-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə ямяк pensiyaсы hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür və xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək Samux rayonunda “Qırmızı Samux” sovxozunda çoban işlədiyi dövr də daxil edilməklə, cəmi 25 il 02 ay 21 gün sığorta stajı vardır və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək Samux rayonunda X3 çoban işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Samux rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli arxiv arayışında İddiaçı əmək fəaliyyətini əks etdirən xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixədək Samux rayonunda “Qırmızı Samux” sovxozunda çoban işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx xxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar