Məhkəmə qərarları › İş №2-1(114)-830/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-830/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-830/2022 09.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, 1964-cü ildə Cavabdeh səhv olaraq onun öldüyü haqqında yazılmış aktın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(021)-2342/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(104)-3846/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(021)-2342/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1958-ci ildə Bərdə rayonu, Mirzalıbəyli kəndində anadan olmuşdur. Cavabdeh səhv olaraq 20 may 1964-cü il tarixdə onun ölməsi haqqında akt yazmışdır. 20 may 1964-cü ildə ölmüşdür və kitabın 45-ci səhifəsində bu barədə 06 iyun 1964-cü il tarixdə qeydiyyat aparılmışdır. Onun bu vaxta qədər sağ olduğu və yaşadığı barədə sübutları vardır. Belə ki, o, 1978-ci ildə H.Zərdabi adına Kirovabad adına X4 Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuş və 1983cü ildə həmin institutu bitirmişdir. 09 aprel 1981-ci il tarixdə X6 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 2 övladları vardır. O, hazırda Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır. Barəsində olan ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 09 avqust 2022-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə teleqram göndərərək xəstə olduğu üçün məhkəmə iclasına iştirak etməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq qərar çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə xx.xx.2022-ci il tarixli, 303-05/13 nömrəli məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1.bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. İş materiallarında olan: - Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndində anadan olmuşdur və hazırda Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatdadır. - Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli İnzibati Ərazi Dairəsi üzrə Nümayədəliyi tərəfindən verilmiş 1407 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır. - A-Ə № ******* « Doğum haqqında » şəhadətnamədən ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. X16, anası Hüseynova Sürəyədir. - J1B № 013106 saylı diplomdan görünür ki, İddiaçı H.Zərdabi adına X9 İnstitutunu 1983-cü ildə bitirmişdir. - İİ-ЖГ № «Nikah haqqında» şəhadətnamədən görünür ki, X6 ilə X2 xx.xx.1981-ci il tarixdə Kələntərli kənd Sovetliyində 13 saylı akt qeydi ilə nikah bağlamışlar. - AZ-İV № ******* saylı « Doğum haqqında » şəhadətnamədən görünür ki, X7 xx.xx.1982-ci il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuşdur. X1, anası İddiaçıdır. - İX-ЖГ № 496693 saylı « Doğum haqqında » şəhadətnamədən görünür ki, X5 xx.xx.1984-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X1, anası İddiaçıdır. - Cavabdeh tərəfindən verilmiş 148239 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə vəfat etdiyi qeyd olunmuşdur. - 45 saylı « Ölüm haqqında » akt qeydindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə vəfət etməsi (ölüm səbəbi - yanğın nəticəsində) qeyd edilmişdir. - 344-05/15-02 saylı, 06.2020-ci il tarixli Cavabdeh tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı « Ölüm haqqında » akt qeydinin ləğv olunması barədə həmin orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-3785/13 nömrəli məktubundan görünür ki, İddiaçı doğumu xx.xx.1958-ci il tarixdə Bərdə rayonunun Güloğlular icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Həmin akt qeydi nəzərdən keçirilərkən onun doğumunun nikahı olmayan anadan doğulmuş uşağın doğumu kimi qeydə alındığı, ananın göstərişinə əsasən ata adının « Hilal » yazıldığı, anasının X3 olduğu, habelə xx.xx.1969-cu ildə həmin akt əsasında vətəndaşın təkrar şəhadətnamə tərtib edildiyi müəyyən edilmişdir. - Bərdə rayon Bərdə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 157 nömrəli məktubundan görünür ki, İddiaçı aid, qəbiristanlıqda heç bir baş daşı müəyyən edilməmiş və hal-hazırda Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 1958-ci il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndində anadan olmuş və bu barədə xx.xx.1958-ci il tarixli, 31 nömrəli “Doğum haqqında” akt qeydi tərtib edilmişdir. Bundan sonra iddiaçı müraciət edərkən barəsində xx.xx.1964-cü il tarixli, 45 nömrəli “Ölüm haqqında” akt qeydinin tərtib edilməsi aşkar olunmuş və Cavabdehnə müraciət edərək, qeyd olunan ölüm haqında akt qeydinin ləğv olunmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə həmin akt qeydinin ləğv edilməsinin şöbənin səlahiyyətləri daxilində olmadığını əsas gətirərək müraciətindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1964-cü il tarixli, 45 nömrəli “Ölüm haqqında” akt qeydi qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının; 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 8.1. maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.3. maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.5. maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. 8.14. maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. maddəsinə əsasən ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Qeyd olunan normalara əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyata alınmalı, bu barədə ölmüş şəxsin qohumlarının, qonşularının, müvafiq qurumların və başqa şəxslərin məlumatı olmalı, həmçinin ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Hazırki işdə isə iddiaçının Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmasına və yaşamasına baxmayaraq, onun barəsində olan ölüm haqqında akt qeydi tərtib edilərkən, onun ölüm faktı ilə bağlı hər hansı bir məlumat və ya sənəd olmamışdır. Eyni zamanda, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli İnzibati Ərazi Dairəsi üzrə Nümayədəliyi tərəfindən verilmiş 1407 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı hazırda Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı faktiki olaraq yaşadığı üçün, onun barəsində tərtib edilmiş xx.xx.1964-cü il tarixli, 45 nömrəli ölüm haqqında akt qeydi ləğv edilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun; 67.1. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində tərtib edilmiş xx.xx.1964-cü il tarixli, 45 nömrəli ölüm haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş 06 iyun 1964-cü il tarixli, 45 nömrəli ölüm haqqında akt qeydi ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar