Məhkəmə qərarları › İş №2-1(114)-831/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-831/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-831/2020 30.07.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Goranboy rayon şöbəsinə qarşı iş, hərbi xidmət illərinin və akademik məzuniyyətdə olduğu müddətin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Goranboy rayon şöbəsinin (bundan sonra Dövlət X2 Goranboy rayon şöbəsi) xx xxxxxx 2020-ci il tarixli, **********2 nömrəli məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qiyabi təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyi bildirilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdeh Dövlət X2 Goranboy rayon şöbəsinə qarşı onun xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğu, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Qasım İsmayılov rayonu tədarük idarəsində meyvətərəvəz anbarında anbardar vəzifəsində işlədiyi müddətin və 1973-cü ildən 1980-ci ilədək hər il 60 gün akademik məzuniyyətdə olduğu günlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Dövlət X2 Goranboy rayon şöbəsinə müraciət edərək, qiyabi təhsil müddətində 1973-cü ildən 1980-ci ilədək onun qiyabi təhsil alan zaman ildə bir dəfə 60 gün akademik məzuniyyətdə olduğu günlərin, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğu, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Qasım İsmayılov rayonu tədarük idarəsində meyvə-tərəvəz anbarında anbardar vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan xx xxxxxx 2020-ci il tarixli, **********2 nömrəli məktubla müraciətindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının iş, hərbi xidmət illərinin və akademik məzuniyyətdə olduğu müddətin sosial sığorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. İşdə olan Dövlət X2 Goranboy rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı 2 il 14 gün hərbi xidmətdə olduğu, 21 il 5 ay Goranboy rayon Dövlət Arxivinin verdiyi arayışa əsasən kolxozda və 5 ay Tədarük idarəsində işlədiyi dövr hesablanmaqla cəmi 23 il 10 ay 14 gün sosial sığorta stajı qeydə alınmışdır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qiyabi təhsil müddəti sosial sığorta stajına daxil edilmədiyindən iddiaçıya yaşa görəəmək pensiyasının təyin edilməsi mümkün deyildir. . Məhkəmənin qənaətinə görə, pensiya təyin olunması barədə mübahisələrə baxılarkən məhkəmə araşdırması təkcə inzibati orqanın etiraz dəlilləri ilə kifayətlənməməli, İPM-nin 12-ci maddəsindən irəli gələn vəzifələrə uyğun olaraq, pensiya təyin olunması barədə qərar qəbul edilməsinə təsir edən digər hüquqi məsələlər də (iddiaçının pensiya yaşına çatması, sığorta stajı, şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği və s.) araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hisssəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur və 63 il 6 aylıq yaş həddinə xx.xx.2018-ci il tarixdə çatmışdır. Pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuşdur. İkinci şərt, yəni 25 il sığorta stajına münasibədə isə 2 il 14 gün hərbi xidmətdə olduğu, 21 il 5 ay Goranboy rayon Dövlət Arxivinin verdiyi arayışa əsasən kolxozda və 5 ay Tədarük idarəsində işlədiyi dövr hesablanmaqla cəmi 23 il 10 ay 14 gün sosial sığorta stajı qeydə alınmışdır. İddiaçı hazırkı iddia ərizəsində 1973-cü ildən 1980-ci ilədək hər il 60 gün akademik məzuniyyətdə olduğu günlərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qiyabi təhsil müddəti sosial sığorta stajına daxil edilmir. İddia tələbinin xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Qasım İsmayılov rayonu tədarük idarəsində meyvə-tərəvəz anbarında anbardar vəzifəsində işlədiyi müddətin sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(83)-245/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 1973, 1975- 1997-ci illərdə “Faxralı” və “R.Qasımov” adına kolxozlarda və xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixə kimi Qasım İsmayılov rayon Tədarük İdarəsində meyvə-tərəvəz anbardarı vəzifəsində işlədiyi illərin əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması, iddia tələbinin İddiaçı xx.xx.1970-ci il tarixdən 1973-cü ilin iyun ayına kimi Goranboy rayonu “Faxralı” (keçmiş “Karl Marks”) adına kolxozda kolxozçu vəzifəsində işlədiyi illərin ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(104)-360/2019 nömrəli qərarı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(83)-245/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(102)-3014/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(104)-360/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbinin xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Qasım İsmayılov rayonu tədarük idarəsində meyvə-tərəvəz anbarında anbardar vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində də mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçı məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının inzibati orqana və məhkəməyə təqdim etdiyi sənədlərdə onun sığorta stajı cəmi 23 il 10 ay 14 gün təşkil etmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının pensiya almaq hüququ yoxdursa, müvafiq dövrün onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmir və bu halda iddianın mümkün sayılması üçün Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərtləri də olmayacaqdır. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin olunmasından imtina etməsi əsassız deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Goranboy rayon şöbəsinə qarşı iş, hərbi xidmət illərinin və akademik məzuniyyətdə olduğu müddətin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar