Məhkəmə qərarları › İş №2-1(114)-832/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-832/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-832/2023 29.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. xx.xx.1974-cü il tarixli 139 & 4 saylı əmrlə Tovuz rayonu S.M.Kirov adına Üzümçülük sovxozuna çilingir vəzifəsinə təyin edilmiş, xx.xx.1975-ci il tarixli 147 & 2 saylı əmrlə hərbi xidmətə çağırıldığı üçün çilingir vəzifəsindən azad edilmişdir, xx.xx.1978-ci il tarixli 116&2 saylı əmrlə əmək haqqı xx.xx.1978-ci il tarixdən verilməklə Tovuz rayonu S.M.Kirov adına üzümçülük sovxozuna əmək normallaşdırıcısı vəzifəsinə təyin olunmuş, xx.xx.1986-cı il tarixli 79&5 saylı əmrlə əmək normallaşdırıcısı vəzifəsindən iqtisadçı vəzifəsinə keçirilmiş, Tovuz Rayon Aqrar Kombinatının xx.xx.1991-ci il tarixli 167 nömrəli əmrinə əsasən Tovuz rayonu S.M.Kirov adına üzümçülük sovxozunun ləğv edilməsi ilə əlaqədar Tovuz rayonu S.M.Kirov adına üzümçülük sovxozun xx.xx.1991-ci il tarixli 145 saylı əmri ilə "Qaraxanlı" üzümçülük -heyvandarlıq sovxozunun sərəncamına göndərilmişdir və iddiaçı "Qaraxanlı" üzümçülük -heyvandarlıq sovxozunun müvəqqəti baş iqtisadçı vəzifəsinə təyin olunmuşdur. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı Qazax-Tovuz regional ərazi filialına müraciət etsə də, ona bildirilmişdir ki, təqdim etdiyi sənədlərin araşdırılması zərurəti yaranmış, təqdim etdiyi arxiv arayışında qeyd olunmuş Kirov və Qaraxanlı sovxozunun xx.xx.1974-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əməkhaqqı kitabları heç bir möhürlə təsdiqlənməyib və 1974-cü il tarixindən 1981-ci il tarixinədək, 1983-cü il tarixindən 1984-cü il tarixinədək və 1993-cü il tarixindən 1996-cı il tarixinədək olan şəxsi hesab kitablarda ata adı qeyd edilməmişdir. Eyni zamanda, Aqrar İslahat Komissiyasının əmr kitabları Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin müəsissədən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığından qeyd edilən dövrlərin sığorta stajina daxil edilməsi qanunauyğun hesab edilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia həmin tələbə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1997- 2004-cü illərdə Rayon Aqrar İslahat Komissiyasının üzvü və sədri vəzifəsində işləmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 2 il 18 gün sığorta staji mövcuddur. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilən sığorta stajı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək olan dövrlər nəzərə alınaraq cəmi 27 il, 11 ay 10 gün təşkil edir. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixə kimi "Kirov adına sovxoz"da və "Qaraxanlı adına sovxoz"da işlədiyini iddia edir. İşin tam, hərtərəfli araşdırılması məqsədi ilə Fondun 1 saylı Qazax-Tovuz regional filialı tərəfindən Tovuz rayon Dövlət arxivində sənədlərin qarşılıqlı yoxlanması həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən akta əsasən iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında qeyd olunmuş Kirov və Qaraxanlı sovxozunun xx.xx.1974cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək haqqı kitabları möhürlə təsdiqlənməmişdir. Həmçinin 1974-1981, 1983-1984, 1991, 1993-1996-cı illəri əhatə edən şəxsi hesab kitablarında iddiaçının ata adı qeyd olunmamışdır. İddiaçı xx.xx.1997-ci il tarixdə 01 nömrəli əmrlə işdən azad edildiyinə görə sonrakı dövrlər əmək haqqı alsa da sosial sığorta stajı kimi nəzərə alınmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1981-ci il tarixli, EB 275826 nömrəli diplomdan görünür ki, İddiaçı 1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə “mühasibat uçotu” ixtisası üzrə tam kursu bitirmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1975-ci il tarixli, НЗ ******* nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.1975-ci il tarixli, ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 08.05 1991-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəliş müəssisələrdə işləmiş, xx.xx.1991-ci il tarixdə Qaraxanlı sovxozunun baş iqtisadçısı vəzifəsinə təyin edilmiş, sonrakı əmək fəaliyyəti ilə bağlı qeydlər aparılmamışdır. -Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 275 nömrəli arayışından görünür ki, İddiaçı 1974-1975 və 1978-2004-cü illərdə Kirov adına və Qaraxanlı sovxozlarında işləmiş və əmək haqqı almış, 1974-1981,1983-1984,1991,1993-1996-cı illərin əmək haqqı kitabında vətəndaşın ata adı qeyd edilməyib, qalan illərdə ata adı Rzalı kimi qeyd edilib. -Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 221 nömrəli arayışından görünür ki, Tovuz rayonu S.M. Kirov və Qaraxanlı sovxozlarının Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində İddiaçı xx.xx.1974-cü il tarixdə 139 №-li əmrlə Kirov adına sovxoza slesar təyin edilmiş, xx.xx.1975-ci il tarixdə 147 №-li əmrlə hərbi çağırışa getdiyi üçün slesar vəzifəsindən azad edilmiş, 03 iyul 1978-ci il tarixdə 116 №-li əmrlə Kirov adına sovxoza əmək normalaşdırıcısı vəzifəsinə təyin edilmiş, əmək haqqı xx.xx.1978-ci ildən verilməsi göstərilmiş, xx.xx.1991-ci il tarixdə 145 №-li əmrlə Kirov adına sovxozdan azad edilərək yeni yaradılmış Qaraxanlı sovxozuna köçürülmüş, xx.xx.1991-ci il tarixdə 01 №-li əmr ilə xx.xx.1991-ci il tarixdən sabiq Kirov adına sovxozun müvəqqəti baş iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı il tarixdə 25 №-li əmrdə baş iqtisadçı İddiaçı komissiya üzvü kimi adı qeyd edilmişdir, xx.xx.1997-ci i ltarixdən sonrakı illərin əmr kitabı Tovuz rayon Dövlət arxivinə təhvil verilmədiyinə görə vətəndaşın işdən azad edilməsinə dair əmri tapmaq mümkün olmamışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının işlədiyi Kirov və Qaraxanlı sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək haqqı kitablarının möhürlə təsdiqlənmədiyinə, həmçinin 1974-1981, 1983-1984, 1991, 1993- 1996-cı illəri əhatə edən şəxsi hesab kitablarında iddiaçının ata adının qeyd olunmadığına görə həmin müddətləri onun sığorta stajına daxil etməmiş və ümumi iş stajının 2 il 18 gün təşkil etdiyini bildirərək imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 08.05 1991-ci il tarixədək ayrı-ayrı vaxtlarda müxtəliş müəssisələrdə işləmiş, 08.05 1991-ci il tarixdə Qaraxanlı sovxozunun baş iqtisadçısı vəzifəsinə təyin edilmiş, sonrakı əmək fəaliyyəti ilə bağlı qeydlər aparılmamışdır. Bundan əlavə, Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 275 nömrəli arayışı ilə təsdiq olunur ki, iddiaçı 1974-1975 və 1978-2004-cü illərdə Kirov adına və Qaraxanlı sovxozlarında işləmiş və əmək haqqı almış, 1974-1981,1983-1984,1991,1993-1996-cı illərin əmək haqqı kitabında vətəndaşın ata adı qeyd edilməyib, qalan illərdə vətəndaşın ata adı Rzalı kimi qeyd edilmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi onun sığorta stajının ümumilikdə 2 il 18 gün olması göstərilmişdir. Bundan əlavə, iddiaçının işlədiyi Kirov və Qaraxanlı sovxozunun xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək haqqı kitablarının möhürlə təsdiqlənmədiyinə, həmçinin 1974-1981, 1983-1984, 1991, 1993-1996-cı illəri əhatə edən şəxsi hesab kitablarında iddiaçının ata adının qeyd olunmadığına görə həmin müddətləri onun sığorta stajı kimi nəzərə alınmasının mümkün olmadığını qeyd etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə 1974-2004-cü illərə dair əmək haqqı kitablarına baxış zamanı müəyyən edildi ki, iddiaçıya 1996-2004-cü illərdə AİK-nın üzvü kimi əmək haqqı ödənilmişdir. Həmçinin əmək haqqı kitablarını heç biri möhürlə təsdiq edilməmişdir. Buna baxmayaraq kitablarda hər-hansı şübhə doğuran qeydlərə rast gəlinmədi. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, müəssisənin əmək haqqı kitablarının möhürlə təsdiqlənməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki əmək haqqı kitablarının möhürlənərək arxivə təhvil verilməsi, eləcə də müvafiq sənədlərin düzgün formada tərtibatı iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında, eləcə də müvafiq arxiv arayışında olan məlumatlardan da görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sığorta stajı xx.xx.1974ci il tarixdən xx.xx.1975-ci il tarixədək (1 il 1 ay 10 gün) və xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (26 il 10 ay) olan dövrlər (ümumilikdə 27 il 11 ay 10 gün), eyni zamanda mübahisələndirilməyən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövrləri (2 il 18 gün) nəzərə alındıqda ümumilikdə onun sığorta stajı 29 il 11 ay 28 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar