Məhkəmə qərarları › İş №2-1(114)-833/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-833/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-833/2025 03.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı ziyan tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə qarşı hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı 10.000 manat, mənəvi ziyanla bağlı 5000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı 10.000 manat, mənəvi ziyanla bağlı 5000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3919/2024 saylı qərardadı ilə İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı 10.000 manat, mənəvi ziyanla bağlı 5000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, hazırkı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azəbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsi ilə əvəz edilmişdir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, hazırkı cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi ilə əvəz edilmişdir.

5. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli 16/5155m/25 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi Xudat şəhərində yerləşir. II. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyatla bağlı məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.

7. İddiaçının vəkili məhkəməyə xx.xx.2025-ci il tarixli vəsatət göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

8. Məhkəmə aidiyyatla bağlı məsələyə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri və həmçinin məhkəmə sorğusu nəticəsində əldə olunan cavab məktubunu nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.

10. Belə ki, iddiaçının hazırkı tələbi cavabdeh orqanın hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi ilə bağlı olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növünə aiddir və iddianın mümkün sayılması üçün İPM-in 8.1.4-cü maddəsində nəzərdə tutulmuş aidiyyət qaydalarına riayət edilməlidir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara... Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

12. Məhkəmə qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz .dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62-ci maddələri).

13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

14. Göründüyü kimi, hazırkı iddiaya ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.

15. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin yerləşdiyi ünvan isə Xaçmaz rayonunun Xudat şəhəridir.

16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.

17. Cavabdehin yerləşdiyi Xaçmaz rayonu Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.

18. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə qarşı hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı 10.000 manat, mənəvi ziyanla bağlı 5000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.

19. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə qarşı hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı 10.000 manat, mənəvi ziyanla bağlı 5000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar