Məhkəmə qərarları › İş №2-1(114)-835/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-835/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-835/2022 14.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinə (üçüncü şəxslər X7, X5, X8, X1, X2, X3, X9, X11, X12) qarşı üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq Müəyyən etdi: İddiaçı 26.01.2022-ci il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 28.01.2022-ci il və 18.02.2022-ci il tarixlərdə iddiaçıya iddia ərizəsini inzibati prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını təklif etmiş, lakin hazırki vaxtadək iddiaçı tərəfindən iddia ərizəsi inzibati prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırılmamışdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia geri götürülmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.1-ci maddəsində qeyd olunur ki, iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (46.1.1); iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları (46.1.2); iddiaçının (ərizəçinin) tələbi (46.1.3). Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Lakin bu vaxtadək iddia ərizəsi qanunun tələblərinə uyğunlaşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinə (üçüncü şəxslər X7, X5, X8, X1, X2, X3, X9, X11, X12) qarşı üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar