Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-836/2024 28.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-16238 saylı qərarı ilə iddiaçıya təyin olunmuş yaşa görə 1351,04 manat məbləğində olan əmək pensiyası yenidən hesablanaraq 894,83 manat məbləğində müəyyən edilmişdir. İddiaçının müraciətinə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ona 5 may 2021-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılan araşdırma ilə əlaqədar vaxtilə təqdim edilən əmək haqqı cədvəlinə dair məlumatların dəqiqləşdirilməsi zərurəti yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş son 24 ay ərzində ödənilmiş əmək haqqına dair arayışda göstərilən 2021-ci ilin aprel ayında ödənilmiş 9182,70 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın 1691,55 manatının son 24 aya aid olduğu, həmçinin ümumilikdə vəzifə maaşının 1237,55 faizi həcmində ödənilmiş mükafatın 691,20 faizinin dövlət büdcəsindən, qalan 546,35 faizinin isə büdcədənkənar fond hesabına ödənildiyi bildirilib. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanları əməkdaşlarının əmək pensiyalarına 'qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qanunun 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası yenidən hesablanaraq məlum olmuşdur ki, 5 may 2021-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 505,00 manat, qulluq stajına görə əlavə 126,62 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 145,44 manat, digər növ əlavə 70,48 manat olmaqla orta aylıq əmək haqqı 886,54 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinə əsasən 26 il 8 ay 22 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (886,54 manat) 80 faizi-709,23 manat məbləğində hesablanmalı olduğu halda, 1070,81 manat məbləğində müəyyən edilərək xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 7184,94 manat artıq pul vəsaiti ödənilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 780,15 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 894,83 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6263,81 manat əmək pensiyası ödənilməli olduğu halda, 9457,28 manat ödənilərək həmin dövr üzrə 3193,47 manat artıq pul vəsaiti ödənilib. Həmçinin 2022-ci il üçün maddi yardım üzrə sizə 433,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq iddiaçıya xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10812,31 (7184,94+3193,47+433,90) manat artıq pul vəsaiti ödənilib. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müvafiq qərarın ləğv edilməsi və onun pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 may 2021-ci il tarixdən ona əmək pensiyası təyin edilmişdir. 24 avqust 2023-cü il tarixli məktuba əsasən qeyd edilən 10812 manat artıq vəsait ödənilmişir. Qeyd edilən hallar barədə inzibati icraat haqqında qanunun tələbləri düzgün həyata keçirilməmiş ona məlumat verilmədən pulu kəsilmiş və artıq ödənilmə olduğu bildirilmişdir. Cavabdeh tərəfindən pul tələbinin icraya yönəldilməsi haqqında qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət edilməmiş və haqlı olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmək pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-3- 16238/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması və pensiyanın büdcədən kənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmiş və ərizə inzibati məhkəm icraatına qəbul edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı etirazda imtinanın məzmunu ilə eyni əsaslar sadalanmış əlavə olaraq bildirilmişdir ki, hazırda İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə və 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən İddiaçı əmək pensiyasının məbləği 894,83 manat təşkil edir və iddiaçının əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir. Cavabdeh orqan iddiaçının əmək pensiyasını hesablayarkən bu normaya istinad edərək iddiaçıya büdcədənkənar vəsaitlər hesabına verilmiş ödənişləri nəzərə almamaqda maddi hüquq normasını düzgün tətbiq etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, qeyd olunan qərardan məlumatlı olmamışdır, buna görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə edərək iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-16238/2023 saylı əlverişsiz inzibati aktın ləğvi məqsədini güdür. Həmçinin, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.3. Hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. -1.0.4. Xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. -1.0.5. Təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. -3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. -7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. -20.12-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-c il tarixli Qanunla əlavə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 20.30-cu maddəyə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü məndinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. -2.4-cü bəndinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 94 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların: -2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. -3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. -9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 2021-ci ilin may ayında yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu ilin yanvar ayından qüvvədə olan 20.30-cu maddəsinin tələbinə əsasən isə dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınması istisna edilir. Qanunvericilik göstərilən məsələni məcburi göstərişlə şərtləndirdiyindən iddiaçı tələbində haqlı sayıla bilməz.”Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri 2019-cu ilin yanvar tarixindən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir.İddiaçıya əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-3-16238/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması və pensiyanın büdcədən kənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-836/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-836/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver