Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-837/2024 29.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, Üçüncü şəxs X3 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və Bərdə rayonu Soğanverdilər bələdiyyəsi) qarşı çıxarışın ləğvi iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə(üçüncü şəxslər X5 və Bərdə rayonu Soğanverdilər bələdiyyəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavadeh tərəfindən verilmiş X3 adına olan xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Soğanverdilər kəndində onun və ailə üzvlərinin sahibliyində 0,20 ha həyətyanı torpaq sahələri olmuşdur və həmin torpaq sahəsinin 0,14 hektarına dair Torpağın mülkiyyətə verilməsinə dair JN-108 A saylı şəhadətnamə də almışlar. Qalan 0,06 ha torpaq sahəsi 1990-cı illərdən onun sahibliyində və istifadələrində olmuşdur.Həmin torpaq sahəsi həyətyanı torpaq sahəsi ilə bərabər hasarın içərisində olmuş 30 ilə yaxındır ki, onların istifadələrindədir. 0,06 ha mübahisəli torpaq sahəsi 1990-cı illərdən onun və ailəsinin sahibliyində və istifadəsində olmuş, onun xəbəri olmadan həmkəndlisi X1 rayon Soğanverdilər bələdiyyəsi ilə gizli sövdələşmələr etmiş, hətta xx.xx.2023-cü il tarixdə 0,06 ha mübahisəli torpaq sahəsinə çıxarış əldə edilməsi məlum olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia tələbinə qarşi etiraz edərək bildirmişdir ki, tələb əsassızdır, onun qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydə alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki,məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 1037/2024 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, İddiaçı tərəfindən X3 adına verilmiş xx.xx.2023-cü il tarixl ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə rəsmi müraciət olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Şərh olunanlara əsaslanaraq qeyd edilməlidir ki, iddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə iddiaçıya xx.xx.2023-cü il tarixli sərəncam göndərilərək, Bərdə rayon Soğanverdilər bələdiyyəsinin arayışında bələdiyyənin ehtiyat fond torpaqlarından 0,06 ha torpaq sahəsi X3 adına verildiyindən iddia tələbini dəqiqləşdirərək Bərdə rayon Soğanverdilər bələdiyyəsinin qərarının ləğv edilməsi tələbinə dair yenilənmiş iddia ərizəsini təqdim etməsi təklif edilərək yuxarıda qeyd edilən hal ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmişdir. Lakin həmin müddət daxilində iddiaçının nümayəndəsi tərəfindən sərəncama əməl edilməmiş, xətalar və çatışmazlıqlar aradan qaldırmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, işin materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)-184/2023 saylı hökmü ilə müəyyən edilir ki, İddiaçı 2023-cü ilin yanvar ayının sonlarından hal-hazıradək 16 yanvar 2023-cü il tarixdə **********805 reyetsr nömrəsi ilə Bərdə rayonu Soğanverdilər kənd sakini X4 yaşadığı kənd ərazisindəki xüsusi mülkiyyət subyekti kimi verilmiş 0,06 ha torpaq sahəsini həmin torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət,istifadə icarə hüququ olmadan hər tərəfini dəmir məftillə, giriş hissəsini isə iki taylı darvaza ilə hasarlayaraq Elçin Abbasovun xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsini özbaşına tutmaqla onun torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-87/2024 saylı qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)- 184/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, üçüncü şəxs X3 adına Bərdə rayonu Soğanverdilər kəndi ərazisindəki 0,06 ha torpaq sahəsinə dair çıxarış mövcuddur. İddiaçı iddia tələbinə 0,06 ha torpaq sahəsinin 1990-cı illərdən onun istifadəsi və sahibliyində olduğunu qeyd etsə də, bu faktı təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir və yuxarıda qeyd edilmiş hökmlədə məlum olduğu kimi üçüncü şəxs X4 məxsus olan 0.06 ha torpaq sahəsi iddiaçı tərəfindən zəbt olunmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Başqa sözlə, 0.06 ha torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və Bərdə rayonu Soğanverdilər bələdiyyəsi) qarşı cavadeh tərəfindən verilmiş X3 adına olan xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-837/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-837/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver