Məhkəmə qərarları › İş №2-1(114)-84/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-84/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-84/2021 16.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0,120 ha kənd təsərrüfatı təyinatlı **********73 reyestr nömrəli torpaq sahəsi üzərində İddiaçı (bundan sonra mətndə iddiaçı) xüsusi mülkiyyət hüququ 04.07.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə iddiaçıya RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının 02.07.2017-ci il tarixli 122 nömrəli sərəncamı ilə iddiaçıya ona məxsus olan torpaq sahəsində ölçüləri 48x28 m olan soyuducu anbar, ölçüləri 12x4,8 m olan ofis binasının yüngül konstruksiyadan quraşdırılmasına icazə verilmişdir. 31.08.2018-ci il tarixli Ö/002079 nömrəli İstismara hazırlıq aktına əsasən 20.08.2018-ci il tarixdə tikintisi qurtarmış iddiaçıya məxsus Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisi, Bakı-Qazax avtomobil yolunun 406-cı km-də bir mərtəbəli soyuducu anbar binasında tikinti-quraşdırma işlərinin Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Qərb Regional Müfəttişliyi tərəfindən təsdiq edilmişdir. Həmin tikili 07.12.2018-ci il tarixdə 001726 nömrə ilə tikintilərin Dövlət reyestrində qeydə alınmış və bu barədə iddiaçıya Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən AZE seriyalı 001726 nömrəli “tikinti obyektlərinə verilən koda dair” şəhadətnamə verilmişdir. Şəmkir rayon İcra Hakimiyyətinin başçısının 26.12.2018-ci il tarixli 01 nömrəli “Tikinti obyektinin istismarına” icazə ilə “tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 26.12.2018-ci il tarixdən X6 məxsus soyuducu anbar binasının istismarına icazə verilmişdir. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 “Şəmkir rayonu, Dəllər- Cəyir kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikilmiş qeyriyaşayış binasının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə” 17.02.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh 20.02.2020-ci il tarixli **********94 nömrəli bildiriş ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binası kənd təsərrüfatı təyinatlı (0,8120 ha çoxillik əkmə) torpaq sahəsi üzərində inşa edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bildirilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir. İmtina ilə razılaşmayan iddiaçının nümayəndəsi və vəkili 30.04.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir ərazi İdarəsi tərəfindən verilmiş 04.07.2017-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0,8120 ha torpaq sahəsində yerləşən anbar və ofis binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0,8120 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 04.07.2017-ci il tarixli RX seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının 02.08.2017-ci il tarixli 122 saylı sərəncamı ilə həmin torpaq sahəsində ölçüləri 48x28 m ölçüdə soyuducu anbar, ölçüləri 12x4,8 m olan ofis binasının yüngül konstruksiyadan quraşdırılmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” Dövlət baş layihə institutunun Mühəndis-geoloji mərkəzinin 14.12.2017-ci il tarixli 06-11355 saylı rəyi ilə həmin tikintinin hesabatı məqbul qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X3-Tədqiqat İnstitutunun 09.03.2018-ci il tarixli 06-1S-0948-2018 saylı ekspertiza rəyi ilə anbar binasının layihə sənədləri normativlərə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və X8 Agentliyinin 13.03.2018-ci il tarixli K/0948 saylı qərarı ilə tikintiyə dair rəyin texniki təhlükəsizliyə uyğun olması təsdiq edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Təhlil qrupunun 19.03.2018-ci il tarixli 1989 saylı hesabatı ilə tikililər müvafiq normativlərə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Flallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 27.03.2018-ci il tarixli 0197 saylı rəyi ilə tikilinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X1 Fkspertiza Baş İdarəsinin 24.04.2018-ci il tarixli 25187 saylı rəyi ilə anbar binası üzrə tikinti işlərinin icrası razılaşdırılmışdır. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının aparatı tərəfindən obyektə dair 01.05.2018-ci il tarixli 17 saylı xüsusi nişan verilmişdir. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən obyektə dair 15.05.2018-ci il tarixli 01 saylı obyektin tikintisinə icazə verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun tikintisinə dair texniki şərt verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən obyektin yanğın təhlükəsizliyi qaydalarına cavab verməsinə dair 10.08.2018-ci il tarixli ƏŞ 0530 saylı akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş dövlət tikinti müfəttişliyi tərəfindən 31.08.2018-ci il tarixli Ö/002079 saylı istismara hazırlıq aktı tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin anbara dair 07.12.2018-ci il tarixli AZE 001726 saylı şəhadətnamə verilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 26.12.2018-ci il tarixli 01 saylı obyektin istismarına icazə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 20.05.2020-ci il tarixli sərəncamı ilə cavabdehdən iddiaya dair münasibətini (etirazını) bildirmək tələb olunsa da, cavabdeh iddiaya dair heç bir münasibət bildirməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasıdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin 03 may 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı X5 təqdim etdiyi 29x36m olan soyuducu anbar və 12x5 m olan ofis binası Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.07.2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın ayrılmaz hissəsi olan plan ölçü sənədində qeyd olunan koordinatlara əsasən X5 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0,8120 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilən tikililərə dair) tikintisinə icazə tələb olunan tikinti obyekti üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (Qanunun 8.0.10.1-ci maddəsi). 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göründüyü kimi torpaq qanunvericiliyinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. İşdəki sənədlərdən məlum olur ki, iddiaçı kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə qeyri-yaşayış binası tikintisini həyata keçirmişdir və məhkəmə araşdırılması zamanı qeyri-yaşayış sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınmasını istisna edən hal müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.07.2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0,8120 ha torpaq sahəsində inşa edilmiş 29x36 m ölçüdə olan soyuducu anbar, 12x5 m ölçüdə olan ofis binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 311 manat (üç yüz on bir manat) xərc cavabdehdən alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X xxxx MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar