Məhkəmə qərarları › İş №2-1(114)-84/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-84/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-84/2022 25.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı1, Üçüncü şəxs X17 (digər üçüncü şəxslərin etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X35, X6, X36, X25, X29) Süleymanova (Hüseynova) Günel Tofiq qızının və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin plan və ölçü sənədlərinin “Qara” firmasının daimi istifadəsinə verilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti nəzərə alınmaqla onların adlarına, X36 və qeyrilərinin faktiki istifadəsində olan torpaq sahələrinin plan-ölçü sənədlərinin isə onların adlarına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 03.06.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin texniki torpaq sənədlərindəki koordinatlarının dəqiqləşdirilməsi, pay torpaqları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində faktiki istifadəçilərinə görə hüquqi qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X36 və qeyriləri İddiaçı1, X18, onun qızı, Süleymanova (Hüseynova) Günel Tofiq qızına və qeydlərinə qarşı "zəbt olunmuş torpaq sahəsindən çıxarma və qanunsuz tikililərin sökülməsi tələbi barədə" iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə iddiaçılara kənd təsərrüfatı məhsullarının istehsalı üçün cəmi 0,73 ha pay torpaq sahəsi verilmişdir. ("Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı. JN: 2103, KOD ********). İddia ərizəsi məhkəmə tərəfindən İddiaçı1, X18 və Süleymanova (Hüseynova) Günel Tofiq qızına göndərildikdən sonra iddiaçı tərəfindən aydınlaşdıarkən müəyyən edildi ki, Tovuz rayon Aqrar İslahat Komissiyası 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə onlara ("Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı. JN: 2103, KOD ********) və X18, həmçinin onun ailə üzvü kimi İddiaçı2 ("Torpağa Mülkiyyətə Hüququna Dair” Dövlət Aktı. JN: 2107, KOD ********) pay torpaq sahələri verildikdən sonra texniki sənədləri hazırlanarkən yanlışlığa yol verilmiş, pay torpaqlarının koordinatları düzgün müəyyən edilməmişdir. Belə ki, üçüncü şəxslərin 1997-ci ildən istifadə etdikləri 0,73 ha pay torpağının koordinatları texniki sənədlərdə X10 və İddiaçı2 birgə pay torpağının kordinatları kimi, onların birgə mülkiyyət hüququ ilə 1997-ci ildən istifadə etdiyi 0,73 ha pay torpaq sahəsinin koordinatları isə onların pay torpağının koordinatları kimi göstərilmiş və daşınmaz əmlakın dövlət reyestrdində buna əsasən düzgün olmayaraq müvafiq hüquqi qeydiyyat apantmışdır. Koordinatlar səhvən rayon məhkəməsindəki mülki iş üzrə üçüncü şəxslərə məxsus torpaq sahəsi kimi göstərilən torpaq sahəsi birgə mülkiyyət hüququ ilə X11 məxsus olan X24 ilə həmsərhəddir. İddiaçı1 və X30 qardaşdırlar. Həmin torpaq sahəsi ona görə də pay torpağı kimi X10 və ailə üzvlərinin mülkiyyətinə verilib. Bundan başqa həm də texniki sənədlər hazırlanarkən X10 və ailə üzvlərinin istifadə etdikləri torpaq sahəsinin koordinatlan səhvən X5 yerləşdiyi torpaq sahəsinin bəzi koordinatları daxilində göstərilib. X30 və ailə üzvləri istifadə etdikləri pay torpaq sahəsində kənd təsərrüfatı təyinatlı tikililər tikmiş, çoxsaylı çoxillik meyvə ağacları əkmişlər. Rayon məhkəməsində baxılan mülki iş üzrə üçüncü şəxslərin və X30 ilə ailə üzvlərinin pay torpaq sahələrinin koordinatlarının texniki torpaq sənədlərində səhv müəyyən edilməsi və daşınmaz əmlakın dövlət reyestrində yanlış qeydiyyatın aparılması mülkiyyət hüquqlarınızı pozur. Pay torpaq sahələrinin texniki torpaq sənədlərindəki koordinatlarının dəqiqləşdirilməsini və daşınmaz əmlakın dövlət reyestrində müvafiq hüquqi qeydiyyatların aparılmasını DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsindən xahiş etmişdir. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi 24 may 2021-ci il tarixli **********37 saylı məktubla müraciətini təmin etməmiş, imtina vermişdir. Məhkəmənin 30.06.2021-ci il tarixli qərardadı ilə X35, X6, X36, X25, X29 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 26.08.2021-ci il tarixli qərardadı ilə Süleymanova (Hüseynova) Günel Tofiq qızının və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin plan və ölçü sənədlərinin “Qara” firmasının daimi istifadəsinə verilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti nəzərə alınmaqla onların adlarına, X36 və qeyrilərinin faktiki istifadəsində olan torpaq sahələrinin plan-ölçü sənədlərinin isə onların adlarına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianın dəqiqləşməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin 26.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə həvalə edilmişdir. İddiaçı1 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, islahatdan bu günə kimi o, texniki göstəriciləri üçüncü şəxslərin adına işlənmiş sahədən istifadə etmiş, üçüncü şəxslər isə ona ayrılmış sahədən istifadə etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X36 (digər üçüncü şəxslərin etibarnamə üzrə nümayəndəsi) iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsi və iddiaçı Süleymanova (Hüseynova) Günel Tofiq qızı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin və iddiaçı Süleymanova (Hüseynova) Günel Tofiq qızının məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-2103 KOD 50300016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən X35, X6, X36, X25, X19 0.73 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş JN-2107 KOD 50300016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən X31, X4, X32, X26 və X20 0.73 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş JN-1722 KOD 50300078 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli 26 saylı qərarına əsasən X21, X7, X22, İddiaçı2 və X2 0.98 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş JN-1444A KOD 50300078 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1998-ci il tarixli 26 saylı qərarına əsasən X21, X7, X22, İddiaçı2 və X2 0.10 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 14.04.2022-ci il tarixli mütəxəsis rəyindən görünür ki, JN-2103 nömrəli və JN-2107 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında olan torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar vardır, eləcə də X12 istifadəsi kimi təqdim edilən torpaq sahəsində meyvə ağacları vardır və 2015-ci ilə qədər X17 istifadəsi kimi təqdim edilən torpaq sahəsi əkin sahəsi olmuşdur. X13 istifadəsində olan torpaq sahəsinin 6876 kv.m-ə qədər hissəsi Qovlar şəhərinin kompleks yerquqruluşu layihəsinə əsasən işlənmiş olan JN-2103 nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı1 istifadəsinə olan yanacaqdoldurma məntəqəsinin 358 kv.m-ə qədər hissəsi Qovlar şəhərinin kompleks yerquqruluşu layihəsinə əsasən işlənmiş olan JN-2103 nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən 0.73 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş və bu barədə JN-2107 KOD 50300016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Eyni zamanda sözügedən qərarla 0.73 ha torpaq sahəsi X23 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə JN-2103 KOD 50300016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları tərtib edilmişdir. Lakin qeyd olunan Dövlət aktlarında olan torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar olunmuş, bununla bağlı cavabdeh orqana müraciət edilsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəsis rəyi ilə müəyyən olunmuşdur ki, həqiqətən JN-2103 nömrəli və JN-2107 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktlarında olan torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar vardır. Yəni, iddiaçıların adına verilmiş JN-2107 nömrəli dövlət aktında qeyd edilmiş torpaq sahəsinin koordinatları (texniki göstəricilər) üçüncü şəxslərə təhkim edilmiş və istifadə etdikləri sahəyə, üçüncü şəxslərin adına verilmiş JN-2103 nömrəli dövlət aktında qeyd edilmiş sahənin koordinatları isə iddiaçılara təhkim edilmiş sahəyə işlənmişdir. Həm iddiaçılar, həm də üçüncü şəxslər islahat zamanı onlara faktiki təhkim edilmiş sahəni qəbul etməklə özününkü hesab etmişlər və istifadə etməkdə davam etmişlər, eyni zamanda iddiaçı tərəfindən istifadə olunan sahəyə çoxillik ağaclar əkilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, sözügedən Dövlət aktları ilə iddiaçıların və üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla həm iddiaçıların, həm də üçüncü şəxslərin faktiki istifadə vəziyyətinin məkan göstəricilərini əks etdirən yeni sənədlərin (planölçü sənədlərinin) hazırlanaraq mülkiyyətçilərə verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 311 (üç yüz on bir) manat xərc cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. JN-2107 KOD 50300016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X13, X1, X14, X8 və X15 mülkiyyətinə verilmiş 0.73 ha torpaq sahəsinin və JN-2103 KOD 50300016 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X23, X3, X17, X9 və X16 mülkiyyətinə verilmiş 0.73 ha torpaq sahəsinin sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla faktiki istifadə vəziyyətinin məkan göstəricilərini əks etdirən yeni sənədlərin (plan-ölçü sənədlərinin) hazırlanaraq mülkiyyətçilərə verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 311 (üç yüz on bir) manat xərc cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar