Məhkəmə qərarları › İş №2-1(114)-84/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-84/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-84/2025 21.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Göygöl rayonu Zurnabad bələdiyyəsi) qarşı Göygöl rayonu Zurnabad kəndində yerləşən 0.08 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Göygöl rayonu Zurnabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından 1044 hektar ayrılıb 18 nəfər vətəndaşa, o cümlədən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Göygöl rayonu Zurnabad bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.

3. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 300 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1298 nömrə ilə qeydiyyata alınmışdır.

5. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X8 kitabında xx.xx.2012-ci il tarixdə A № 401422 nömrə ilə uçota alınmışdır.

6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-4971/2023 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü aşkar edilmişdir. Bildirilir ki, ərizəyə hüquqmüəyyənedici sənədlərin əslinin əlavə edilmədiyi, həmçinin, ərizəyə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” aktın 1298 nömrəli xx.xx.2007-ci il tarixdə tərtib edildiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən “Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir”. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə “Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi” tələb olunur. xx.xx.2007-ci il tarixindən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin icrası mümkün olmamışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü isə “həyətyanı” kimi qeyd edilmişdir.

8. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Xanlar rayonu Zurnabad bələdiyyəsinin 18 noyabr 2007-ci il tarixli 08 saylı qərarı ilə, İddiaçı, fərdi yaşayış evi tikmək üçün 800.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A№ 401422 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi, Xanlar rayonu Şəhriyar təsərrüfatının ərazisində aparılmış torpaq islahatı əsasında hazırlanmış kompleks yerquruluşu layihəsinə, Göygöl rayonu Zurnabad bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu sxeminə (KOD ********) və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasıya sistemi (TEKUİS) və AzCad məlumatlarına isitinadən, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, örüş sahəsidir. 2) Əraziyə keçirilən baxışda iştirak edən, iddiaçının qardaşı, X4, iddia olunan torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyini təqdim edə bilmədiyi səbəbindən sualın cavablandırılması mümkün olmamışdır. 3) Göygöl rayonu, Zurnabad kəndində X2 adına qeydə alınmış torpaq sahəsi, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********90 reyestr nömrəli çıxarışa əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olmaqla, X2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi, A№ 401422 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə eyni cərgədə olmaqla, 20.0 metr ara məsafəsi ilə, şimal-şərq istiqamətdə yerləşir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Göygöl rayon Zurnabad bələdiyyəsinin 18 dekabr 2007-ci il tarixli 08 nömrəli qərarı ilə Göygöl rayonu Zurnabad bələdiyyəsinin perspektiv inkişaf fondu torpağından 1,44 hektar ayrılıb 18 nəfər vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası DT və XK-nin Xanlar rayon şöbəsinin böyük mütəxəssisi O.M.Məmmədov 17 dekabr 2007-ci il tarixli 339a nömrəli rəyi ilə Göygöl rayon Zurnabad bələdiyyəsinə, Göygöl rayonun Zurnabad kəndində yaşayan 18 nəfər vətəndaşa, fərdi yaşayış evinin tikintisi üçün 1.44 hektar yararsız torpaq sahəsi ayrılaraq satılması göstərilmişdir. Göygöl rayon Zurnabad bələdiyyəsinin yerqurluşu planından çıxarışda, 18 nəfər vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması Azərbaycan Respublikası DT və XK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi E.Əliyev təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydalarına əsasında, Göygöl rayon Zurnabad bələdiyyəsi ilə arasında olan 18 dekabr 2007-ci il tarixli 8 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu Zurnabad kəndində yerləşən 0.08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ona 300 (üç yüz) manat satılmış və yerində ona naturada təhvil verilmişdir. Həmin vaxtdan da mövcud torpaq sahəsindən heç bir mane olmadan istifadə və sahiblik hüquqlarını həyata keçirir, həmçinin mövcud torpağa aid dövlət rüsumunu ödəyir. Göygöl rayon Zurnabad bələdiyyəsinə heç bir borcu olmaması, bələdiyyənin 24 yanvar 2023-ci il tarixli 47 saylı məktubda öz əksini tapır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə rayonu Zurnabad kəndində yerləşən 0,08 ha torpaq sahəsi sahibliyində və istifadəsində olmasını nəzərə alaraq torpaq sahəsi qeydə alınaraq çıxarış verilməsini xahiş etmişdir. Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4971/2023 saylı cavab məktubunda "bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi" olmaması əsasına görə imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət olunması zərurəti yaranmışdır.

11. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırkı cavabdeh hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

12. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl rayonu Zurnabad kəndində yerləşən 0.08 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl rayonu Zurnabad bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir.

20. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

22. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl rayonu Zurnabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından 1.44 hektar ayrılıb 18 nəfər vətəndaşa, o cümlədən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Göygöl rayonu Zurnabad bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XKnin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 300 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 1298 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X8 kitabında xx.xx.2012-ci il tarixdə A № 401422 nömrə ilə uçota alınmışdır.

25. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-4971/2023 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü aşkar edilmişdir. Bildirilir ki, ərizəyə hüquqmüəyyənedici sənədlərin əslinin əlavə edilmədiyi, həmçinin, ərizəyə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” aktın 1298 nömrəli xx.xx.2007-ci il tarixdə tərtib edildiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən “Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir”. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə “Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi” tələb olunur. xx.xx.2007-ci il tarixindən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin icrası mümkün olmamışdır.

26. Cavabdeh orqanın iddiaya qarşı ilkin dəlili ondan ibarət olmuşdur ki, “Torpaqların alqı-satqısına dair” 1298 nömrəli aktın xx.xx.2007-ci il tarixdə tərtib edildiyi müəyyən edilmişdir.

27. Məhkəmə cavabdeh orqanın “Torpaqların alqı-satqısına dair” 1298 nömrəli aktın xx.xx.2007-ci il tarixdə tərtib edilməsinə, yəni hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsinin tələb olunmasına dair dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

28. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

29. Mübahisəli torpaq sahəsi iddiaçıya Göygöl bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 06 saylı qərarı və xx.xx.2014-cü il tarixli 1060 nömrəli “Torpaqların alqı-satqısına dair” aktı ilə satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Göygöl bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.

30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

31. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

32. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.

33. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

34. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

35. Cavabdeh orqanın digər dəlili faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşməsi ilə bağlıdır.

36. Məhkəmə bununla bağlı qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, Xanlar rayonu Zurnabad bələdiyyəsinin 18 noyabr 2007-ci il tarixli 08 saylı qərarı ilə, İddiaçı Zəkəriyyə oğlunun, fərdi yaşayış evi tikmək üçün 800.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A№ 401422 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi, Xanlar rayonu Şəhriyar təsərrüfatının ərazisində aparılmış torpaq islahatı əsasında hazırlanmış kompleks yerquruluşu layihəsinə, Göygöl rayonu Zurnabad bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu sxeminə (KOD ********) və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasıya sistemi (TEKUİS) və AzCad məlumatlarına isitinadən, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, örüş sahəsidir. Əraziyə keçirilən baxışda iştirak edən, iddiaçının qardaşı, X3, iddia olunan torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyini təqdim edə bilmədiyi səbəbindən sualın cavablandırılması mümkün olmamışdır. Göygöl rayonu, Zurnabad kəndində X2 adına qeydə alınmış torpaq sahəsi, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********90 reyestr nömrəli çıxarışa əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olmaqla, X2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi, A№ 401422 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə eyni cərgədə olmaqla, 20.0 metr ara məsafəsi ilə, şimal-şərq istiqamətdə yerləşir.

37. Verilmiş rəydə əraziyə keçirilən baxışda iştirak edən iddiaçının qardaşı X1 iddia olunan torpaq sahəsinin naturada dəqiq yerləşmə mövqeyini təqdim edə bilmədiyi səbəbindən sualın cavablandırılması mümkün olmadığı bidirildiyi üçün məhkəmə cavabdehə sərəncam ünvanlayarq, göstərmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli müayinə aktı ilə müəyyən olunur ki, müayinə baxışında İddiaçı özü iştirak edərək, müayinə zamanı faktiki torpaq sahəsini mütəxəssisə naturada təqdim etmiş və həm hüquqmüəyyənedici sənəd üzrə, həm faktiki olaraq sahənin 0.08 ha təşkil etdiyi müəyyən edilərək, koordinatlar əlavə olunmuşdur. Odur ki, həmin koordinatlar üzrə iddiaçının faktiki istifadəsində olan sahənin koordinatlarının iddiaçının adına tərtib edilmiş A№401422 nömrəli plan və ölçü sənədində göstərilmiş koordinatları ilə uyğunluq təşkil edib-etməməsi müəyyən edilməklə, bunun ortofotoda əks etdirilməsi tələb olunmuş, həmin sorğu üzrə verilmiş ortofoto görüntü ilə müəyyən edilmişdir ki, plan-ölçü sənədi iddiaçıya ayrılmış torpaq sahəsinin naturadakı vəziyyətinə uyğun işlənilməmiş, başqa sözlə qüsurlu işlənilmişdir.

38. Bundan sonra iddiaçı tələbini dəyişdirərək, Göygöl rayonu Zurnabad kəndində yerləşən 0.08 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

39. Nəzərə almaq lazımdır ki, sözügedən 0.08 ha torpaq sahəsi ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.

40. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.

41. Yəni, iddiaçı təxminən 19 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

42. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

43. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

44. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

45. Digər tərəfdən, məhkəmənin sorğusu əsasında əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü isə “həyətyanı” kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi eyni bələdiyyə qərarı ilə iddiaçı ilə yanaşı çıxarışda adı qeyd olunan şəxsə eyni ərazidən ayrılmışdır. Eyni zamanda çıxarışda torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi, məqsədli istifadə növü isə “həyətyanı” kimi qeyd edilmişdir.

46. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir.

47. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25.İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

48. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

49. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

51. Qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu müəyyən olunmuşdur.

52. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ilə eyni bələdiyyə qərarı əsasında torpaq sahəsi ayrılmış şəxsin torpaq sahəsinin hüququ təsdiq edən sənəddə kateqoriya olaraq yaşayış məntəqələri torpaqları kimi qeyd edilməsi, habelə həmin torpaq sahənə dair mülkiyyət hüququnun mübahisəsiz qaydada dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitision norma və prinsipin mahiyyətinə ziddir.

53. Başqa sözlə, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

54. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

55. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86).

56. Bu baxımından məhkəmə qeyd olunan çərçivədə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.

58. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

59. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

60. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Göygöl rayonu Zurnabad kəndində yerləşən 0.08 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar