Məhkəmə qərarları › İş №2-1(114)-840/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-840/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-840/2022 24.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) qarşı mənzilin özəlləşdirilərək onun adına qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri F.Əmirov küçəsi, 24 nömrəli binanın 23 nömrəli mənzilinin özəlləşdirilərək, onun mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri F.Əmirov küçəsində yerləşən bina 24 mənzil 23 dövlət balansında olmaqla mənzilin kirayəçisidir. Onun həmin mənzilə hüququ Kəpəz rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qətnaməsi əsasında tanınmışdır. Bundan sonra Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2014-cü il tarixli Sərəncamı ilə o, həmin mənzilin əsas kirayəçisi hesab edilmiş, mənzilin şəxsi hesab vərəqəsində onun əri Bəxtiyar və 3 uşağı daxil edilmişdir. Uşaqlar yetkinlik yaşına çatmamaqla onun himayəsində olmaqla həmin mənzildə yaşayırlar. Əri Bəxtiyar isə hazırda Rusiyada müvəqqəti yaşayır və həmin mənzildə qeydiyyatda deyil. Gəncə Asan Xidmət Mərkəzindən alınmış 630484 nömrəli qeydiyyat haqqında arayışa əsasən mənzildə İddiaçı və onun qaynanası X12 qeydiyyatdadırlar. X12 vəfat etmişdir. O, mənzilin özəlləşdirilməsi üçün DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tam əsassızdır. Belə ki, cavabdeh imtinasında istinad elədiyi Daşınmaz Əmlakın Dövlət X15 8.0.11-ci maddəsinə görə kirayə müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsasdır. Ona görə də, hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan onun üzərinə həmin mənzilin özəlləşdirilərək, adına mülkiyyət hüququnun dövlət reyestirində qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh **********35 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, “Mənzil X1” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 “Mənzilin kirayəçisi hesab edilməsi haqqında” 21 iyul 2014-cü il tarixli, 74 nömrəli sərəncamı həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş sənədləri 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edəcəyiniz təqdirdə tərəfimizdən qanunamüvafiq tədbirlər görülməsi təmin olunacaqdır. Cavabdeh iddia tələbinə yazılı etiraz göndərərək bildirmişdir ki, aparılan araşdırma zamanı, müraciətə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. “Mənzil X1” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən “Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Müraciətə əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 16 may 2012-ci il tarixli, 2(043)-722/2012 saylı qətnaməsi, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Komunal X2 “Mənzilin kirayəçisi hesab edilməsi haqqında” 21 iyul 2014-cü il tarixli, 74 nömrəli sərəncamı həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Qeyd olunanlara görə ərizənin icrası onlar tərəfindən mümkün olmamışdır. Bu səbəbdən vətəndaşa xx.xx.2021-ci il tarixli, **********35 nömrəli cavab məktubu ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestridə daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ - hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanununun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanllrı tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanununun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçının iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubu ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Dövlət arxivinin Gəncə Filialının xx.xx.2017-ci il tarixli, 66/4 nömrəli arayışı ilə verilmiş order, xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamə, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-722/2012 nömrəli, xx.xx.2012-ci il tarixli Qətnaməsi, Gəncə RİH MKTİB-nin 74 nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamı, cavabdeh **********35 nömrəli, xx.xx.2021-ci il tarixli imtina və xx.xx.2022-ci il tarixli etiraz məktubları təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş Dövlət arxivinin Gəncə Filialının xx.xx.2017-ci il tarixli, 66/4 nömrəli arayışından görünür ki, Gəncə şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.2017-ci il tarixli, 28 nömrəli orderi ilə Gəncə şəhəri, Yevlax şosesi, ev 23, mənzil 23 (indiki Gəncə şəhəri F.Əmirov küçəsi, 24 nömrəli binanın 23 nömrəli mənzil) X17 verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 722/2012 nömrəli, xx.xx.2012-ci il tarixli Qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi dövlət mənzil fonduna məxsus olmuş, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi 7 nömrəli Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 27 dekabr 2007-ci il tarixli, 319 saylı arayış-forma 2 və 20 fevral 2008-ci il tarixli, 1530 nömrəli şəxsi hesabdan çıxarışdan, eləcə də Kirovabad Şəhər Xalq Məhkəməsinin 2-1248 saylı, 10 avqust 1072-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki. ünvan 1 Kirovabad şəhər XDS-nin İcraiyyə Komitəsinin qərarı əsasında 1968ci ildə X17 order əsasında verilmiş, X13 və X11 isə həmin mənzildən istifadə hüququ olan şəxslər kimi qeyd edilmişdir. İddiaçı X6 razılığı ilə mübahisəli mənzilə köçmüş, 7 il orada yaşamış, ümumi təsərrüfat aparmışdır. Buna görə də, iddiaçı mənzildə yaşayan digər şəxs - Bəxtiyar Muradovun ailə üzvü hesab edilməklə yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olmuş, yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Həmin qətnamə ilə İddiaçı Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 24 ömrəli binanın 23 nömrəli mənzilindən istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X2 74 nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamında qeyd olunmuşdur ki, F.Əmirov küçəsi 24 nömrəli binanın 23 nömrəli mənzili Kirovabad şəhər XDS İcraiyyə Komitəsinin qərarı ilə X16 istifadəsinə verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qətnaməsi əsasında İddiaçı həmin mənzildən istifadə hüququ tanınmış və həmin mənzilə köçürülərək pasport qeydiyyatına götürülmüşdür. Qeyd olunan sənədlər nəzərə alınaraq Gəncə şəhəri F.Əmirov küçəsi 24 nömrəli binanın ümumi sahəsi 64,76 kv.m, o cümlədən mətbəx 6.12 kv.m, dəhliz 4,31 kv.m, hamam 3,2 kv.m, tualet 1,2 kv.m və yaşayış sahəsi 49,93 kv.m olan 3 (üç) otaqlı, 23 nömrəli mənzilin kirayəçisi X16 vəfatı ilə əlaqədar kirayəçisi İddiaçı Fazil qızı hesab edilmişdir. Onun ailə tərkibi isə əri X11, qızları X8, X10 və oğlu X3. Daxili İşlər Nazirliyinin 630484 nömrəli, xx.xx.2017-ci il tarixli arayışında ünvan 1 ünvanında İddiaçı və X7 qeydiyyatda olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. «Azərbaycan Respublikasında Mənzil X1» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.5-ci bəndində görə dövlət əmlakın, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək xidmətin əsas fəaliyyət istiqamətlərindəndir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-722/2012 nömrəli, xx.xx.2012-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçı 7 il həmin mənzildə yaşadığından və həmin məhkəmə qətnaməsi ilə onun sözügedən mənzildə istifadə hüququ tanınmış, daha sonra isə Gəncə Şəhər İcra Hakimiyyətinin MKTİB-nin 74 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamı ilə o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçı hazırda qüvvədə olan AR Mənzil Məcəlləsi qüvvəyəyə minənədək (2009-cu il oktyabrın 1-dək) sözügedən mənzildə yaşamışdır. Yuxarıda qeyd edilən yaşayış sahəsinə dair mövcud olan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri baxımından iddiaçının yaşadığı yaşayış sahəsinin özəlləşdirilməsinə əsas verən sənədlər hesab olunur. Bu da iddiaçının cavabdehə qarşı yaşadığı mənzilin özəlləşdirilməsinə dair tələbinin əsaslı olduğu qənaətinə gəlməyə əsas verir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Bununla bərabər məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddiaçının sözügedən mənzilin öz adına özəlləşdirilməsi barədə ifadə tərzi ilə bağlı bildirir ki, “Mənzil X1” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, həmin maddənin tələbinə görə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Gəncə şəhəri F.Əmirov küçəsi, 24 nömrəli binanın 23 nömrəli mənzilin özəlləşdirilməsi və həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -68.1 və 68.2-ci maddələrinəəsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinəəsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinəəsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gəncə şəhəri, F.Əmirov küçəsi, 24 nömrəli binanın 23 nömrəli mənzilinin özəlləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar