Məhkəmə qərarları › İş №2-1(114)-842/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-842/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-842/2020 10.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin N nömrəli nizami hissə üzrə əmrilə müavin vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Bütün bunlar N nömrəli hərbi hissə komandirinin əmrlərindən çıxarışlar, hərbi biletdəki qeydlər və Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışı ilə təsdiq olunur. Ona görə də ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 11/1263 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-18884 nömrəli arxiv arayışına əsasən İddiaçı qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli, 1/A-18894 nömrəli məktubunun məzmunundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-18884 nömrəli arxiv arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdən sonra xidmət keçməsi, N nömrəli hərbi hissəyə tabe olduqdan sonra xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-18884 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komanirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə müavin vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmiş, N nömrəli hərbi hissə komandirinin 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. -N nömrəli hərbi hissə komanirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı batalyonun şəxsi heyətinin siyahısına daxil edilmişdir. -N nömrəli hərbi hissə komanirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı müavin vəzifəsinə təyin edilmişdir. -İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletdə sonuncunun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşməsi qeyd edilmişdir. -Kəpəz rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 122-6987-1220 nömrəli məktubunda bildirilir ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasının CM-nin 15, 109-cu maddələri ilə 4 il həbs olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçıhəmin Məcəllənin 33-cü maddəsinəəsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi qeyd olunsa da, qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat mövcud deyildir. Halbuki, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar