Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-842/2022 16.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 27.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atası X2 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X11 ilə mərhum anası X3 1955-ci il tarixdə nigaha daxil olmuşlar. Birgə nigahlarından iddiaçı, X9 1956-cı il tarixdə, X6 1958-ci il tarixdə, X7 1963-cü il tarixdə və X10 1966-cı il tarixdə Göygöl rayonu, Toğana kəndində anadan olmuşlar və orada ata yurdunda böyüyüb boya başa çatmışlar. Hal-hazırda yuxarıda adları qeyd olunan dörd bacısı ailə həyatı quraraq ailəsi ilə birgə başqa yerlərdə yaşayırlar. Xanlar (indi Göygöl) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı və torpağın mülkiyyətə verilməsinə dair JN-129B kod 50810018 saylı şəhadətnamə ilə fərdi yaşayış evin tikintisi üçün 0.16 ha torpaq sahəsi X8 və X1 mülkiyyətlərinə verilmişdir. İddiaçının atası X11 06.10.2008-ci il tarixdə, anası X3 isə 11.04.2007-ci il tarixdə vəfat etmişdir. Göygöl rayonu, Toğana kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində mərhum X11 tərəfindən tikilmiş ümumi sahəsi 42.0 kv.m olan fərdi yaşayış evi iddiaçıya miras qalmışdır. İddiaçı DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin 30.03.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl rayonu, Toğana kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mərhum X4 və X1 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 24.02.2022-ci il tarixli, **********89 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı ərizənizə əlavə edilmiş “Torpağm mülkiyyətə verilməsinə dair” JN-129B saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron xəritə və baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyətinin 30.11.2021-ci il tarixli 323 nömrəli arxiv arayışından görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının Toğana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid 1 №-li təsərrüfatbaşına kitabın 77 №-li şəxsi hesab vərəqində mərhum X5 adına 1950-ci ildə tikilmiş ümumi sahəsi 42 kvm olan yaşayış evi və 0.16 ha torpaq sahəsi qeydə alınmışdır. -Göygöl rayon Notariat ofisinin 05.11.2021-ci il tarixli 529 nömrəli məktubundan görünür ki, İddiaçı mərhum X4 və mərhum X1 vərəsəsidir. -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-129B Kod 50810018 nömrəli şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən X4 və X1 mülkiyyətinə 0.16 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş “Ölüm haqqında” AZ-İ 724398 nömrəli 02.06.2015-ci il tarixli şəhadətnamədən görünür ki, X11 05.10.2008-ci il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş “Ölüm haqqında” AZ-İ 724399 nömrəli 02.06.2015-ci il tarixli şəhadətnamədən görünür ki, X3 09.04.2007-ci il tarixdə ölmüşdür. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 18.03.2022-ci il tarixli, **********67 nömrəli məktubuna əlavə edilmiş Xanlar rayonu Toğana kəndi üzrə həyətyanı torpaq sahəsi verilən şəxslərin adlı siyahısından görünür ki, siyahıda X4 və X1 adına 0.16 ha torpaq sahəsi qeyd olunmuşdur. -"xxxx" MMC-nin 12.04.2022-ci il tarixli, **********62 nömrəli məktubuna əlavə edilmiş Xanlar rayonu Toğana kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, siyahının 129-cu sırasında X4 və X1 adına 0.16 ha torpaq sahəsi qeyd olunmuşdur. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 27.12.2021-ci il tarixli, **********05 nömrəli bildirişindən görünür ki, JN-129B saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron xəritə və baza məlumatlarında öz əksini tapmaması əsası ilə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən X4 və X1 mülkiyyətinə 0.16 ha torpaq sahəsi verilmiş və X11 tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. İddiaçının valideynləri vəfat etdiyindən həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Qeyd edilməlidir ki, cavabdeh orqanın imtinasının əsasını iddia olunan torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-129B Kod 50810018 nömrəli şəhadətnamənin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmaması təşkil etmişdir. Qeyd olunur ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə mülkiyyətə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş şəhadətnamənin elektron kadastr baza məlumatlarında öz əksini tapmaması bu sahədə səlahiyyətli qurumun qüsuru kimi qiymətləndirilməlidir və bu hal mülkiyyətçinin və yaxud onun vərəsələrinin hüquqlarının məhdudlaşdırılmasına əsas verə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-129B Kod 50810018 nömrəli şəhadətnamədə qeyd olunmuş Göygöl rayonu, Toğana kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində X4 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-842/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-842/2022
16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver