Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-843/2021 26.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Tərtər rayon Seydimli bələdiyyəsinə qarşı (üçüncü şəxslər Tərtər Rayon İcra Hakimiyyəti başçısının Tərtər rayon Seydimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) ikinci pay torpaq sahəsinin verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Tərtər rayon Seydimli bələdiyyəsinə qarşı 29.03.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinci qrup Qarabağ müharibəsi əlili olduğu üçün ona ikinci pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-1994-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir, müharibə veteranı və ikinci qrup Qarabağ müharibəsi əlilidir. Bütün bunlara baxmayaraq 1996-cı ildən 2005-ci ilədək torpaq islahatı aparılarkən ona müharibə əlili olduğu üçün 2-ci pay torpaq sahəsi verilməmişdir. Halbuki aqrar islahat aparılmazadan əvvəl iddiaçı müharibə veteranı və ikinci qrup Qarabağ müharibəsi əlili olmaqla həmin kənddə yaşamışdır. Ona görə də hesab edir ki, qanunvericiliyə əsasən ona ikinci dəfə pay torpaq sahəsi verilməlidir. Üçüncü şəxs DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya müharibə veteranı və ikinci qrup Qarabağ müharibəsi əlili olduğuna görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və ölçüdə əlavə pay torpaq sahəsinin verilməsi Xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya, cavabdehə və digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh və digər üçüncü şəxs isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının, cavabdehin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 034008 nömrəli 20.11.2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. -Tərtər Rayon İcra Hakimiyyəti başçısının Tərtər rayon Seydimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22.01.2020-ci il tarixli, 01 nömrəli məktubundan görünür ki, Orucov X1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyində torpaq islahatı aparılan zaman 2-ci qrup Qarabağ əlili olmadığına görə ona 2-ci pay torpaq sahəsi verilməmişdir. -DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin 09.01.2020-ci il tarixli, **********37 nömrəli məktubundan görünür ki, İddiaçı müharibə veteranı və ikinci qrup Qarabağ müharibəsi əlili olduğuna görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və ölçüdə əlavə pay torpaq sahəsinin verilməsi Xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. -Tərtər rayon Seydimli bələdiyyəsinin 02.03.2021-ci il tarixli, 13 nömrəli arayışının surətindən görünür ki, əlavə pay torpaq sahəsinin verilməsi Aqrar İslahat Komissiyası tərəfindən həyata keçirildiyinə görə bələdiyyənin İddiaçı əlavə pay torpaq sahəsi ayırmaq səlahiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ikinci qrup Qarabağ müharibəsi əlilidir və o, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 2-ci hissəsinə istinad edərək müharibə veteranı kimi ona əlavə pay torpaq sahəsinin verilməsi öhdəliyini bələdiyyənin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdeh orqan iş materiallarında olan müvafiq arayışında qeyd etmişdir ki, Tərtər rayon Seydimli kəndi üzrə aqrar islahat aparılan zaman iddiaçının 2-ci qrup əlillik dərəcəsi olmadığına görə ona əlavə pay torpaq sahəsi verilməmişdir, həmçinin aqrar islahat X9 Komissiyası tərəfindən aparıldığına görə bələdiyyənin əlavə pay torpaq sahəsi vermək səlahiyyəti yoxdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydaları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun:- -13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. -14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. -20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası X9 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikasında torpaq islahatı müvafiq aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X7 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və qeyd olunan Fərmanla X3 hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:- -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5 maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -7.3 maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə verilir. -9.1 maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -20.1 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Göründüyü kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda, eləcə də bu sahədə münasibətləri tənzimləyən qanunvericilik aktlarında torpaq islahatı zamanı əlavə torpaq payı almayan vətəndaşlara əvəzsiz torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır, eyni zamanda Tərtər rayon Seydimli bələdiyyəsi X3 hüquqi varisi olmadığından onun həmin orqan tərəfindən iddiaçıya müharibə veteranı kimi verilməmiş əlavə pay torpaq sahəsini öz hesabına konpensasiya etmək öhdəliyi də yoxdur. Odur ki, məhkəmə iddiaçının cavabdehə qarşı tələbini əsassız hesab etməklə tələbin təmin edilməməsi qərarına gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Tərtər rayon Seydimli bələdiyyəsinə qarşı ikinci pay torpaq sahəsinin verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-843/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-843/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver