Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-845/2021 13.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Bərdə rayonu Kətəlparaq Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bərdə rayonu H.B.Zərdabi adına Aqroistehsal müəssisəsinin 06.01.1999-cu il tarixli aktından görünür ki, müəssisənin 01.01.1999-cu il tarixli, 01 saylı qərarına əsasən Kətəlparaq kəndindən İddiaçı 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsi şimaldan Adil Səfərova, şərqdən Tarzan Rzayevə məxsus torpaq sahələri ilə, cənubdan və qərbdən isə yol ilə həmsərhəddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20.05.2021-ci il tarixli **********89 nömrəli məktubuna əlavə edilmiş Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Bərdə rayonu Yeni Kətəlparaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin 06.04.2016-cı il tarixli 170 nömrəli, 13.04.2021-ci il tarixli 67 nömrəli arxiv arayışlarında və 26.04.2021-ci il tarixli 81 nömrəli məktubuna əlavə edilmiş sabiq Kətəlparaq kənd inzibati ərazi vahidinin Kətəlparaq kəndinə aid 2001-2005-ci illər üzrə 11 saylı təsərrüfatbaşına kitabın 961 saylı şəxsi hesabının təsdiqlənmiş surətində 2001-2005-ci illərdə İddiaçı mülkiyyətində 0,08 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Bərdə rayonu Kətəlparaq bələdiyyəsinin 26.12.2018-ci il tarixli 52 nömrəli arayışından görünür ki, Bərdə rayonu Kətəlparaq kənd sakini İddiaçı istifadəsində 0,08 ha torpaq sahəsi vardır. Həmin həyət qərbdən yol ilə, şimaldan X2 istifadəsində olan həyətyanı torpaq sahəsi ilə, cənubdan yol ilə və şərqdən X3 istifadəsində olan həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Həmin torpaq sahəsinin sənədləşdirilməsinə Kətəlparaq bələdiyyəsi etiraz etmir. Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin 13.04.2021-ci il tarixli 67 nömrəli arxiv arayışından məlum olur ki, H.Zərdabi adına kolxoz (AİM) 1999-cu ilə aid protokol kitabı Dövlət arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 29.04.2021-ci il tarixli **********931 nömrəli məktubunda qeyd edilmişdir ki, Bərdə rayon Kətəlparaq kəndində İddiaçı faktiki istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsi aqrar islahat zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən hazırlanmış elektron kadastr bazasında xüsusi mülkiyyətə verilməmiş bələdiyə mülkiyyətinə aid torpaq sahəsi kimi saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 03.03.2021-ci il tarixli **********35 nömrəli məktubu ilə İddiaçı məxsus Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı müraciətin təmin ounmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən 0,08 ha torpaq sahəsi H.B.Zərdabi adına Aqroistehsal müəssisəsinin 01 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə ayrılmış, lakin həmin qərar və ya qərardan çıxarış iddiaçı tərəfindən ərizəyə əlavə edilməmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin müvafiq qaydada və orqanlar tərəfindən təsdiq olunmuş yerquruluşu sənədi də ərizəyə əlavə olunmalıdır. Yerquruluşu sənədi təqdim olunmadan sözügedən torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyildir. Eyni zamanda ərizəyə əlavə edilən Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Arxivinin 2016-cı il tarixli 170 nömrəli arayışından məlum olmuşdur ki, 0,08 ha torpaq sahəsinin ayrılması barədə təsərrüfatbaşına kitablardan çıxarış 2001-2005-ci illərdəki dövrü əhatə edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1999-cu il tarixdə ona Bərdə rayonu, Kətəlparaq kəndində 0,08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair Bərdə Rayon İcra Hakimiyyəti müvafiq sərəncam vermişdir. Həmin torpaq sahəsinin ona verilməsi Bərdə rayonu H.B.Zərdabi adına Aqroistehsal Müəssisəsinin 26 yanvar 1999-cu il tarixli aktında da öz əksini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon dövlət arxivi idarəsi tərəfindən verilmiş 06 aprel 2016-cı il tarixli, 170 saylı arxiv arayışında həmin torpaq sahəsinin Bərdə rayon Kətəlparaq kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəliyinin 2001-2005-ci illər üzrə 11 saylı təsərrüfatbaşına kitabda ona məxsus olması barədə qeydiyyat aparılmışdıır. Bərdə Rayon Kətəlparaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda 0,08 ha həyətyanı torpaq sahəsinin sxemi tərtib olunmuşdur. Hazırda sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli qərardadı ilə Bərdə rayonu Kətəlparaq Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək cavabdehin imtina məktubu ilə eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçıya və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən işin faktiki halları kimi müəyyən edilmişdir ki, Bərdə rayonu H.B.Zərdabi adına Aqroistehsal müəssisəsinin 01.01.1999-cu il tarixli 01 saylı qərarına əsasən 06.01.1999-cu il tarixli aktla Bərdə rayonu Kətəlparaq kəndində İddiaçı 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin xüsusat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20.05.2021-ci il tarixli **********89 nömrəli məktubuna əlavə edilmiş Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Bərdə rayonu Yeni Kətəlparaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəllə də öz təsdiqini tapmışdır. Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin 06.04.2016-cı il tarixli 170 nömrəli, 13.04.2021-ci il tarixli 67 nömrəli arxiv arayışları və 26.04.2021-ci il tarixli 81 nömrəli məktubuna əlavə edilmiş sabiq Kətəlparaq kənd inzibati ərazi vahidinin Kətəlparaq kəndinə aid 2001-2005-ci illər üzrə 11 saylı təsərrüfatbaşına kitabın 961 saylı şəxsi hesabının təsdiqlənmiş surəti ilə də İddiaçı istifadəsində 0,08 ha torpaq sahəsinin olması müəyyən edilir. Lakin iddiaçıya verilmiş və faktiki istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsinə aqrar islahat zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən hazırlanmış elektron kadastr bazasında şəhadətnamə işlənilmədiyindən qeydiyyat aparılmamış və xüsusi mülkiyyətə verilməmiş bələdiyə mülkiyyətinə aid torpaq sahəsi kimi saxlanılmışdır. Bundan başqa, Bərdə rayonu H.B.Zərdabi adına Aqroistehsal müəssisəsinin 01.01.1999-cu il tarixli 01 saylı qərarına əsasən İddiaçı 0,08 ha həyətyanı torpaq sahəsi verilməsinə dair aktda göstərilən torpağın yerləşmə yeri və sərhədləri ilə faktiki olaraq İddiaçı istifadəsində olan 0,08 ha torpaq sahəsinin yerləşməsi və sərhədi ilə bağlı Bərdə rayonu Kətəlparaq bələdiyyəsinin 26.12.2018-ci il tarixli 52 nömrəli arayışı və Bərdə rayonu Kətəlparaq bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən məlumatlar bir-biri uyğunlaşır və cavabdeh inzibati orqan istər ilkin imtina məktubunda, istərsə də məhkəməyə təqdim etdiyi məktublarda torpağın sahəsi, yəni 0,08 ha olması və faktiki olaraq iddiaçının istifadəsində olmasını mübahisələndirməmişdir. Lakin cavabdeh inzibati orqan iddia predmeti olan torpaq sahəsinin ayrılması haqqında Bərdə rayonu H.B.Zərdabi adına Aqroistehsal müəssisəsinin 01.01.1999-cu il tarixli 01 saylı qərarının və ya qərardan çıxarışın iddiaçı tərəfindən ərizəyə əlavə edilmədiyini, yerquruluşu sənədi olmadığından torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmadığını əsas gətirərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (maddə 139) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 16.1-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Məhkəmə imtinanın torpaq sahəsinin yerquruluşundan çıxarışın və ayrıc aktının təqdim edilməməsi dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Həmin əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.2010-cu il tarixli, 171 nömrəli qərarı ilə təqdim edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin: 1.2-ci bəndinə əsasən mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK) tərəfindən həyata keçirilir 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə. Göründüyü kimi iddiaçının torpaq sahəsinin sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir və bu əsasa görə qanuni əsaslarla iddiaçıya ayrılmış torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanmasından imtina qanunla yolverilən deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə yuxarıda qeyd edilən maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Bundan başqa, Bərdə rayonu H.B.Zərdabi adına Aqroistehsal müəssisəsinin 01.01.1999-cu il tarixli 01 saylı qərarı və Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Bərdə rayonu Yeni Kətəlparaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmişdır. Cavabdeh inzibati orqana isə qanunvericiliklə həmin sənədləri məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh hüquqların qeydə alınmasını istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya Bərdə rayonu Kətəlparaq kəndi ərazisində 0,08 ha torpaq sahəsi Azərbaycan Respublikasında bələdiyyələrin yaranmasından (dolayısı ilə bələdiyyə mülkiyyətinin formalaşmasından) daha öncə verilmiş, lakin dövlət qeydiyyatı aparılmadığı üçün elektron bazada xüsusi mülkiyyətə verilməmiş sahə kimi saxlanılmışdır. İş materialları ilə də müəyyən edilir ki, inzibati icraata cəlb edilmiş Bərdə rayonu Kətəlparaq bələdiyyəsinin mübahisə predmeti olan torpaq sahəsinin üzərində iddiaçının xeyrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı etirazı yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbi üzrə aşkar hərəkətsizliyi əsassızdır və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-845/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-845/2021
13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver