Məhkəmə qərarları › İş №2-1(114)-846/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-846/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-846/2021 18.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X4, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Samux rayonu Sərkar bələdiyyəsi və X11) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X12 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 29.03.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Sərkar kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayonu, “Nizami” adına üzümçülük sovxozunun əmək kollektivinin 05.11.1993-cü il tarixli protokoluna, Azərrbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.1992-ci il tarixli 35 saylı qərarına və “Nizami” adına üzümçülük sovxozunun 03.12.1992-ci il tarixli əmrinə əsasən iddiaçıya yaşayış evinin tikintisi üçün 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. X12 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli sahədən 1993-cü ildən istifadə etmiş, torpaqda yonca, qarğıdalı əkmişdir. Torpaq sahəsinin cizgiləri olsa da, sonradan onu itirmişdir. Cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının müraciəti üzrə aparılan araşdırma zamanı torpaq sahəsinin planı və ölçüsü sənədinin müraciətə əlavə edilmədiyi, həmçinin faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən mülkiyyət hüququ qeydiyata alınmış X7 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən tələbin icrası mümkün olmamışdır. Üçüncü şəxs X11 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı bibisi oğludur, mübahisəli sahə 1993-cü ildə əmisi oğlu X6 verilmiş, sonuncu isə torpağı ona bağışlamışdır. 1993-cü ildən həmin sahədən özü istifadə edir, iddiaçı isə heç vaxt həmin sahədən istifadə etməmişdir. Üçüncü şəxs Samux rayonu Sərkar bələdiyyəsinin nümayəndəsi X2 bildirmişdir ki, həmin ərazidə 3 torpaq sahəsi var, onlardan 2-si Vüqar Məmmədova, 1-i isə İddiaçı verilmişdir. O, 21 ildir ki, həmin kəndin bələdiyyə sədridir, bildiyinə görə iddiaçı həmin sahəni kiməsə icarəyə vermişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 23.02.2021-ci il tarixli **********76 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Samux rayonu Sərkar bələdiyyəsinin 06.02.2021-ci il tarixli 45 nömrəli arayışında qeyd olunmuşdur ki, Azərrbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.1992-ci il tarixli 35 saylı qərarına və “Nizami” adına üzümçülük sovxozunun 03.12.1992-ci il tarixli əmrinə əsasən X8 fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.08 ha torpaq sahəsi səhvən X3 adına rəsmiləşdirilmiş və ona JN-1378 kod 50700048 saylı şəhadətnamə verilmişdir. -Samux rayon Dövlət Arxivinin 02.12.2020-cil tarixli 169 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Samux rayon Sərkar kənd İcra Nümayəndəliyinin 2001-2005-ci illərin 2 nömrəli təsərrüfatbaşına kitabında X3 adına şəxsi hesab 185-də 0.21 ha torpaq sahəsi qeydə alınmışdır. -Samux rayon Dövlət Arxivinin 11.11.2020-ci il tarixli 160 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Sərkar kənd Nizami adına üzümçülük sovxozunun Təsərrüfatının əmək kollektivinin 05.09.1993-cü il tarixli protokoluna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.1992-ci il tarixli 35 nömrəli qərarına və Nizami adına üzümçülük sovxozunun 03.12.1992-ci il tarixli 83 saylı əmrinə əsasən İddiaçı fərdi yaşayış evi tikdirmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Samux rayon Dövlət Arxivinin 30.06.2021-ci il tarixli 131 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Sərkar kənd Nizami adına üzümçülük sovxozunun Təsərrüfatının əmək kollektivinin 05.09.1993-cü il tarixli protokoluna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.1992-ci il tarixli 35 nömrəli qərarına və Nizami adına üzümçülük sovxozunun 03.12.1992-ci il tarixli 83 saylı əmrinə əsasən İddiaçı ayrılmış sahənin koordinatlarını müəyyən edən sənədlər, cizgi-planı arxivə təhvil verilməmişdir. -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-614F KOD 50700048 nömrəli şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02.08.2000-ci il tarixli 106 saylı qərarı ilə Samux rayon Sərkar kənd sakini X7 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Sərkar kənd Nizami adına üzümçülük sovxozunun Təsərrüfatının əmək kollektivinin 05.09.1993-cü il tarixli protokoluna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.1992-ci il tarixli 35 nömrəli qərarına və Nizami adına üzümçülük sovxozunun 03.12.1992-ci il tarixli 83 saylı əmrinə əsasən İddiaçı fərdi yaşayış evi tikdirmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddia olunan torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən mülkiyyət hüququ qeydiyata alınmış X7 məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədinin müraciətə əlavə edilməməsi təşkil etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda adı çəkilən müvafiq qərar (eləcə də protokol və əmr) əsasında X8 torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman onun döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Samux rayonu Sərkar kəndi ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-614F KOD 50700048 nömrəli şəhadətnamə əsasında Samux rayon Sərkar kənd sakini X5 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin ona verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə iddiaçı iddia etdiyi torpaq sahəsinin ona məxsus olması faktını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi yuxarıda qeyd olunan tələblərdən hər-hansı biri iddiaçı tərəfindən yerinə yetirilməmiş, başqa sözlə tələb olunan sənədlər iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı X4cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar