Məhkəmə qərarları › İş №2-1(114)-846/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-846/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-846/2024 02.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus xx.xx.1981-ci il tarixli НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli 615210 nömrəli diploma əsasən İddiaçı xx.xx.1983-ci il tarixdə Azərbaycan SSR Sumqayıt 17 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1984-cü il tarixdə həmin məktəbi əl qaynaqçısı peşəsi üzrə bitirmiş, İmtahan Komissiyasının qərarı ilə ona üçüncü dərəcəli əl qaynaqçısı ixtisası verilmişdir.

3. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sumqayıt tikinti idarəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qazax 6 nömrəli Tikinti Quraşdırma İdarəsində qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 7 nömrəli Avtonəqliyyat müəssisəsində 5-ci dərəcəli qaynaqçı və avto-çilingər, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" MMC-də qaynaqçı, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-nin Akkord Sement zavodunda qaynaqçı vəzifəsində işləmişdir.

4. “X8” MMC-nin xx.xx.2023-cü il tarixli S/22 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-də işləyir və hal-hazırda Mexanika bölməsinin Kommunikasiya xətlərinin təmiri qrupunda Operator (nasosxana və qazanxana) vəzifəsində çalışır. İddiaçı aylıq əmək haqqısı vergi və digər ödənişlər daxil olmaqla 678 (altı yüz yetmiş səkkiz) manat təşkil edir.

5. "xxxx" MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən İddiaçı xx.xx.2012-xx.xx.2013-cü il tarixlərdə (8 ay 12 gün) "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri elektrik qaynaq aparatı ilə əl ilə qaynaq işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə (yarımbəndinə) uyğundur.

6. “X7” ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən İddiaçı xx.xx.2013-xx.xx.2014-cü il tarixlərdə (7 ay 4 gün) "xxxx" ASC-də usta (qaynaqçı) vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri elektrik qaynaq aparatı ilə əl ilə qaynaq işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə (yarımbəndinə) uyğundur.

7. “X8” MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən İddiaçı xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə (1 ay 7 gün) “X8” MMC-də usta (qaynaqçı) vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri elektrik qaynaq aparatı ilə əl ilə qaynaq işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə (yarımbəndinə) uyğundur.

8. “X7 Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışına əsasən İddiaçı xx.xx.2013xx.xx.2014-cü il tarixlərdə "xxxx" ASC-də Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən əl ilə qaynaq aparan elektrik qaynaqçı vəzifəsində çalışmışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 9 ay 6 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir.

9. Qazax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-110/2023 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Qazax rayon Dövlət Arxivində 142 saylı fondda mühafizə olunan 6 nömrəli Qaz Quraşdırma İdarəsinin 1985-ci ilin əmr kitabına aid xx.xx.1985-ci il tarixli 1031 saylı əmrinə əsasən 4-cü dərəcəli qaynaqçı təyin olunmuşdur. O, Qazax rayon Dövlət Arxivində 143 saylı fondda mühafizə olunan 7 nömrəli Avtonəqliyyat Müəssisəsinin 1993- cü ilin əmr kitabına aid xx.xx.1993-cü il tarixli 109 saylı əmrinə əsasən 5-ci dərəcəli qaynaqçı və avtoçilingər təyin olunmuş, xx.xx.1997-ci il tarixli 47 saylı əmrlə Azərbaycan Respublikası əmək qanunları məcəlləsinin 37-ci maddəsi ilə 5ci dərəcəli qaynaqçı vəzifəsindən azad edilmişdir.

10. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-225575/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarım və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X3 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən l/İT-l ******* nömrəli əmək kitabçanızda və Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin ona dair xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-110/2023 nömrəli arayışlarında xx.xx.1985-xx.xx.1993cü il və xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində “Qaz Quraşdırma İdarəsi”ndə qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən sənədlərdə qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamağı barəsində hər-hansı məlumat göstərilməyib. Bu səbəbdən də həmin dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 24 gün (xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

11. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********830300 nömrəli cavab məktubunda bildirilmişdir ki, uçot məlumat bazasında Qazax şəhərində yerləşən 6 nömrəli Tikinti quraşdırma İdarəsi və 7 nömrəli Avtonəqliyyat müəssisəsi hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmadığından hər hansı bir məlumatın verilməsi mümkün olmamışdır.

12. Məhkəmənin sorğusuna Qazax rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3-34-60/2-29/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Qazax rayon Statistika İdarəsində 6 nömrəli Tikinti Quraşdırma İdarəsi barədə heç bir məlumat yoxdur. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fevral 1963-cü il təvəllüdlüdür. 1984-cü il tarixində Sumqayıt şəhərində 17 saylı texniki məktəbi armaturçu elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. Ondan sonra əmək fəaliyyətinə başlamışdır. Güzəştli şərtlərlə pensiya hüququ yarandığı tarixə kimi onun 25 ildən artıq ümuni sığorta stajı olub. Əmək fəaliyyətinin başlandığı 1985-ci il tarixindən 1997-ci il tarixinə kimi 12 il 8 ay güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən işlərdə-qaynaqçı işində işləmişdir. 2023-cü ilin fevral ayında artıq güzəştli şərtlərlə pensiya təyinatı hüququ əldə etdiyi üçün DSMF-nun Qazax rayon şöbəsinə müraciət etmişdir. Şöbə ona pensiya təyin etmədiyi üçün ərizə ilə cavabdeh təşkilat olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nə müraciət etmişdir. Belə ki "Əmək pensiyası Haqqında" AR Qanunun normalarına əsasən qaynaqçı, usta ( qaynaqçı) işi "güzəştli şərtlərlə pensiya almaq hüququ" verən sahələrə aid idi və müvafiq İH-tin təsdiq etdiyi siyahıda nəzərdə tutulmuşdu. DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı ona pensiya təyinatından imtina etmişdir. Lakin cavabdeh təşkilatın onun tələbini rədd etməsi tamamilə əsassız və qanunsuzdur. Qazax rayon Dövlət Arxivinin 17 mart 2023-cü il tarixli arxiv arayışından da göründüyü kimi o, fondda mühafizə olunan 6 saylı qaz quraşdırma idarəsinin 1985-ci ilin əmr kitabına aid xx.xx.1985-ci tarixli 1031 saylı əmrinə əsasən 4-cü dərəcəli qaynaqçı təyin olunmuşdur. Həmçinin on, 7 saylı Avtonəqliyyat müəssisəsinin 1993-cü ilin əmr kitabına aid xx.xx.1993cü tarixli 109 saylı əmrinə əsasən 5-ci dərəcəli qaynaqçı və avtoçilingər təyin olunmuşdur. xx.xx.1997-ci il tarixli 47 saylı əmrlə AR ƏQM-nin 37-ci maddəsi ilə 5-ci dərəcəli qaynaqçı vəzifəsindən azad olunmuşdur. Yəni o, həmin dövrlərdə qaynaqçı işləmişdir və qaynaq işləri də yalnız elektriklə və əllə mümkündür. Həmin illərdə əmək kitabçalarına əl ilə qaynaq sözü yazılmırdı, həmin iş yerləri də hazırda mövcud deyil, çoxdan ləğv olunmuşdur. Bu səbəbdən də arxiv həmin illərə aid, onun əl ilə qaynaqçı işləmiş olduğunu yaza bilməz. Bundan əlavə, hələ dünyanın heç bir yerində ayaqla və yaxud başqa orqanla qaynaq işi görülməmiş və bu heç ağlabatan da deyildir, heç bir məntiqə sığmayan absurd və gülünc bir ifadədir. Cavabdeh təşkilatın bu cavabı, güzəştli əmək stajı şərti kimi əmək kitabçasında yalnız əl ilə qaynaq sözü yazılmalı olmasını tələb etməsi çox əsassızdır. Qaynaqçı işlədiyi həmin müəssisə artıq uzun illərdir mövcud olmadığına görə o, onlardan arayış ala bilmir ki, o ayaqla deyil, əllə qaynaqçı işləmişdir. Əks halda o idarədən arayış ala bilərdi ki, o qaynağı elektriklə və əli ilə etmişdir. Qazla isə qaynaq edilməsi harada görülmüşdür. Bundan əlavə, İnsan resursları İdarəedilməsi Departamentinin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışmasına dair arayışında qeyd olunduğu kimi "Əmək pensiyası Haqqında" AR Qanununa uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə usta ( qaynaqçı) peşəsi də daxildi. Beləliklə, cavabdeh təşkilatın cavabı olduqca qanunsuz, əsassız və məntiqsiz olub bürokratiya və süründürməçilik, vətəndaşı başdan eləməkdən başqa bir şey deyildir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona hüququ yarandığı xx.xx.2023cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

27. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

28. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1981-ci il tarixli НЗ № ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli 615210 nömrəli diplom; - İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - "xxxx" MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışı; - “X7” ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışı; - “X8” MMC-nin xx.xx.2023-cü il tarixli S/22 nömrəli arayışı; - “X8” MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışı; - “X7 Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışı; - Qazax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-110/2023 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-225575/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********830300 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Qazax rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3-34-60/2-29/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

32. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:

35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları

34. İddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

36. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur (birinci şərt ödənilir).

37. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək ümumi iş stajı 25 ildən çoxdur (ikinci şərt ödənilir).

38. Üçüncü şərt və cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

39. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qazax 6 nömrəli Tikinti Quraşdırma İdarəsində qaynaqçı (7 il 10 ay 1 gün); - xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 7 nömrəli Avtonəqliyyat müəssisəsində 5-ci dərəcəli qaynaqçı (3 il 6 ay 16 gün); - xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" MMC-də qaynaqçı (8 ay 14 gün); - xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-nin Akkord Sement zavodunda qaynaqçı (7 ay 5 gün).

40. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, iddiaçının zərərli peşələrdə işlədiyi dövr – cəmi 1 il 6 ay 24 gün güzəştli iş stajı kimi qəbul edilmişdir.

41. Mübahisə iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qazax 6 nömrəli Tikinti Quraşdırma İdarəsində və xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 7 nömrəli Avtonəqliyyat müəssisəsində qaynaqçı işlədiyi dövrdəki peşələrlə bağlıdır.

42. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən l/İT-l ******* nömrəli əmək kitabçanızda və Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin ona dair xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-110/2023 nömrəli arayışlarında xx.xx.1985-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində “Qaz Quraşdırma İdarəsi”ndə qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən sənədlərdə qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamağı barəsində hər-hansı məlumat göstərilməmişdir.

43. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.

44. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

45. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qazax 6 nömrəli Tikinti Quraşdırma İdarəsində qaynaqçı və xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 7 nömrəli Avtonəqliyyat müəssisəsində 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir.

46. Həmçinin, məhkəmənin verdiyi sorğulara cavablarla müəyyən edilmişdir ki, İddiaçı, həqiqətən Qazax rayon Dövlət Arxivində 142 saylı fondda mühafizə olunan 6 nömrəli Qaz Quraşdırma İdarəsinin 1985-ci ilin əmr kitabına aid xx.xx.1985-ci il tarixli 1031 saylı əmrinə əsasən 4-cü dərəcəli qaynaqçı təyin olunmuşdur. O, Qazax rayon Dövlət Arxivində 143 saylı fondda mühafizə olunan 7 nömrəli Avtonəqliyyat Müəssisəsinin 1993cü ilin əmr kitabına aid xx.xx.1993-cü il tarixli 109 saylı əmrinə əsasən 5-ci dərəcəli qaynaqçı və avtoçilingər təyin olunmuş, xx.xx.1997-ci il tarixli 47 saylı əmrlə Azərbaycan Respublikası əmək qanunları məcəlləsinin 37-ci maddəsi ilə 5-ci dərəcəli qaynaqçı vəzifəsindən azad edilmişdir.

47. Göründüyü kimi, iddiaçının bütün müəssisələrdə işlədiyi qaynaqçı peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (35-ci bənd) nəzərdə tutulmuşdur.

48. Həmin peşə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.

49. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

50. Göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.

51. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

52. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

53. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

54. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi xx.xx.2023-cü il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

55. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

56. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar