Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-847/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçı (bundan sonra məntdə iddiaçı) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. O, xx.xx.1992-ci il tarixdə Goranboy rayon Hərbi Komisarlığından erməni qəsbkarlarına qarşı döyüşlərə qatılıb, N saylı hərbi hissənin tərkibində qulluq etməklə, sıravi döyüşçü olmuşdur. 1992-ci ildə N saylı hərbi hissədə döyüşərkən döyüş yoldaşları ilə birlikdə Ağdərə rayonun kəndləri uğrunda gedən döyüşlərdə, xüsusən də Talış kəndinin ermənilərdən geri alınmasında fəal iştirak etmişdir. xx.xx.1992-ci ildə N saylı hərbi hissənin komandanlığı döyüşçülərini, o cümlədən onu da evə buraxmışdır. O, 1993-1994-cü illərdə yenidən könüllü olaraq Goranboy rayonunda Rasim Əkbərovun batalyonuna daxil olmaqla, atəşkəs elan olununa kimi, yəni 1994-cü ilin may ayına kimi döyüşlərdə, xüsusən də Yaltaxıl əməliyyatı zamanı döyüşlərdə fəal iştirak etmişdir. Onun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyi hərbi biletindəki qeydlərdən də təsdiq olunur. Ancaq Müdafiə Nazirliyinin verdiyi xx.xx.2019-cu il tarixli 9/2-10171 saylı Arxiv arayışında göstərilir ki, N saylı hərbi hissə komandirinin avqust-noyabr 1993-cü il, iyul-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin yanvar-iyul, dekabr 1993-cü il və yanvar-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. O, 1998-ci ilə kimi “müharibə veteranı” adı daşımış və müharibə veteranı olduğu üçün kommunal xərclərdən azad olmuş, müəyyən imtiyazlardan istifadə etmişdir. Sonradan vəsiqələr dəyişdirilərkən Goranboy rayon hərbi komissiarlığına gedib 1998-ci ilin fevral ayının 05-də ona verilmiş 4058 nömrəli vəsiqəni dəyişdirmədiyinə görə bu gün bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. O, müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədilə inzibati orqan olan cavabdehə ərizə ilə müraciət etsə də, həmin inzibati orqan xx.xx.2019-cu il tarixli 1/H-11894 nömrəli cavab məktubu ilə bundan imtina edərək göstərmişdir ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-10171 nömrəli arayışına əsasən Goranboy ƏÖMB komandirinin aprel-avqust 1993-cü il tarixli və iyul-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidməti barədə məlumat olmadığından müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun olmamışdır. O, cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks etdirən sənədlərdə öz təsdiqini tapmalıdır, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-10171 nömrəli arayışına əsasən onun hərbi xidməti barədə məlumat aşkar olunmamışdır. Cavabdeh hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən əsaslı və qanuni olaraq imtina edilmişdir. Odur ki, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinin tələbini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 27 may tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuş, tərəflər yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan vaxtadək məhkəməyə heç bir məlumat vermədiyindən, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, NZ ******* nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/H-11894 nömrəli imtina məktubu, Müdafiə Nazirliyi İşlər X1 xx.xx.2019-cu il tarixli 9/2-10171 nömrəli arayışı, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 11/1261 nömrəli etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır (iddiaçı təkrar olaraq xx.xx.2020-ci il tarixdə yenidən cavabdehə müraciət etmişdir). İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçünücü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırkı iş üzrə iddiaçıya məxsus hərbi biletdə xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Goranboy və Ağdərə bölmələrində 2-ci batolyanun tərkibində döyüşlərdə iştirakı barədə məlumatlar olsa da, onun şəxsi həyet siyahısından çıxarılması və ehtiyata buraxılmasına dair məlumatlar yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının şəxsi heyət siyahısından çıxarılması və ehtiyata buraxılması mötəbər sübutlarla təsdiq edilmədiyindən inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-847/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-847/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver