Məhkəmə qərarları › İş №2-1(114)-847/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-847/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-847/2025 17.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 13 avqust 1969-cu ildə Goranboy rayonu, Qaramusallı kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1987-ci ilin dekabrında SSRİ Silahlı Qüvvələrində hərbi xidmətə yollanmışdır. İddiaçı Rusiya vilayətinin Siverlovski şəhərində hərbi xidmətdə olmuşdur. 1989-cu ilin dekabr ayında hərbi xidmətini başa vurduqdan sonra vətənə geri dönmüşdür. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif yerlərdə işləmişdir. 1990-cı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İ Qarabağ müharibəsi başlananda iddiaçı hərbi komisarlığa müraciət edərək, müharibədə iştirak etməsi üçün könüllü olaraq adını yazdırmışdır. Belə ki, ilk öncə Goranboy rayonunun özünü müdafiə batalyonunda, daha sonra N saylı hərbi hissənin tərkibində bir sıra rayonlar uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. O, 1994-cü ilin may ayının 03-də Goranboy rayonun Tapqaraqoyunlu kəndindən Talış kəndi istiqamətində gedən döyüşlər zamanı yaralanmış, beləliklə kəllə-beyin travması almışdır. İddiaçı döyüş əməliyyatları zamanı aldığı xəsarətlərə görə müxtəlif illərdə, müxtəlif xəstəxanalarda müalicə və müayinə olunmuşdur. Ona bir sıra diaqnozlar qoyulmuşdur. xx.xx.2016-cı il tarixdə ona Kəllədaxili travması, keçirilmiş kəllə-beyin travmasından, kontuziyadan sonrakı davamlı qalıq əlaməti. Eşitmə sinirinin xəstəlikləri, keçirilmiş kontuzion otitdən sonrakı iki tərəflikoxlear nevrit, adheziv otit, eşitmənin hər iki qulaqda İİ-İİİ dərəcə zəifləməsi ilə. Ensefalapatiya, Serebral hipertenziya, beyin kirizləri ilə, digər neqativ pozuntular, davamlı asteno-nevrotik vəziyyəti diaqnozu ilə 5 il müddətinə, xx.xx.2021-ci il tarixə kimi 2-ci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. 5 il müddət keçdikdən sonra, iddiaçının pensiyası dayandırılmışdır. O, yenidən müalicə və müayinə olunsa da cavabdeh orqan tərəfindən ona əlillik təyin edilməsindən imtina edilir, əlillik dərəcəsi təyin edilmir. Cavabdeh orqanın cavabı onunla müəyyən olunmuşdur ki, iddiaçı artıq sağalmış, sağlamlığı bərpa olunmuşdur. Bu isə çox absurd, hətta əlavə olaraq bir psixoloji sarsıntı gətirəcək bir hərəkətdir. İddiaçı onu da əlavə edir ki, onun xəstəliyi daha da şiddətlənir, psixoloji durumuna çətinlik yaradır, hətta özünü sərbəst idarə edə bilməyi çətinləşir, müvazinətini, hərəkətinin koordinasiyasını itirir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-847/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Birinci Qarabağ müharibəsi dövründə almış olduğu travmadan mütəmadi olaraq əziyət çəkmiş, 2016-cı ildən etibarən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, sonrakı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli, 0278003AAJ7E nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. “Diaqnozun mətni: Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travmasından (kontuziyadan ) sonrakı qalıq əlaməti. (xx.xx.1994). Keçirilmiş kontuzion otitdən sonrakı iki tərəfli koxlear nevrit, adheziv otit. X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>S00-S09 - Başın travmaları=>S06 - Kəllədaxili travma=>S06.0 - Baş beynin silkələnməsi. Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilib. Gəncə şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0278003AAJ7E nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli Y00045108YDY nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********4). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 162 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kontuziya. Travmatik otit” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılardan, əsəbilikdən şikayət etmiş, halhazırda heç bir medikamentoz dərman preparatı qəbul etmədiyini ifadə etmişdir. Obyektiv baxış zamanı sağ bazunun aşağı 1/3-də qarnın sol tərəfində çapıqlar izlənilmiş, Nevroloji ocaqlı patologiya, aktiv psixopraduktiv əlamətlər, davranış pozuntusu, hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq müəyyən edilməmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başında kista, soltərəfli eşitmə zəifliyi, əsəbilik, yaddaşsızlıq, başgicəllənmədən şikayətlənmişdir. Anamenstik məlumatlarında əsəbləşdiyi zaman həyat yoldaşını döydüyünü, bu səbəbdən yoldaşının onu tərk etdiyini bildirmiş, lakin sonradan dərmanlarını yoldaşının köməyi ilə qəbul etdiyini, medikamentoz preparatlardan “Depakin”, “Analgin”, “Ketanal” və adını bilmədiyi ürək dərmanı qəbul etdiyini qeyd etmişdir. Eşitmə cihazı istifadə etmədiyini söyləmiş, müayinə gedişatında verilən sualları 04 metr məsafədən əyləşərək tam cavablandırmışdır. Təqdim edilmiş baş-beynin instrumental müayinə nəticəsinə (MRT) əsasən qeyd olunan məlumatlar yaşa uyğun dəyişikliklər kimi dəyərləndirilmiş, bu da psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasını təkzib etmiş, həmçinin psixi sənədlərdə qeyd edilən qıcolma tutmaları haqqında məlumat və spesifik psixiatrik şikayət bildirməmişdir. Genetics Klinikasının xx.xx.2021-ci il tarixli beynin MRT müayinəsinin nəticəsi “Norma daxilində baş beyin MRT müayinəsi. Ənsə nahiyəsində dərialtında 17x8 mm ölçüsündə lipoma. Solda mastoid hücrələrdə və orta qulaqda minimal maye yığıntısı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının xx.xx.2022-ci il tarixli Bera test müayinəsinin nəticəsi “Sağ qulaqda 2-ci dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur” kimi müəyyənləşdirilmişdir. X7 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 9043 nömrəli Tibbi rəyində diaqnoz “OU-Sadə miopik astiqmatizm. Vis OD-0.9 k/e, Vis OS-0.7 k/e” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 631 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi dissosiativ pozuntu, funksional tutmalarla. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd olunmuşdur. X8 xx.xx.2023-cü il tarixli Baş-beyin MRT müayinəsinin nəticəsi “Beynin hər iki yarımkürəsində alın-təpə paylarda bir necə ədəd mikroangiopatik ocaqlar təyin olunur. Sol maksilyar sinusda retension kist aşkar olunur” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11368399 nömrəli çıxarışında diaqnoz “Üzvi dissosiativ pozğunluq” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamışdır. X3 Psixo-nevroloji Dispanserin xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11740742 nömrəli çıxarışında diaqnoz “ Üzvi dissosiativ pozğunluq” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixdi Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda 40 db (İ dərəcə eşitmə zəifliyi). Sol qulaq 80 db (İV dərəcə eşitmə zəifliyi)” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi. diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 162 nömrəli qərarına əsasən, Goranboy RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Goranboy rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Kontuziya. Travmatik otit” (Goranboy rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 1083 nömrəli arayışı, göndərişi, Goranboy rayonu mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, hərbi biletdən çıxarışlar. MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqun və hüquq məslənətçisinin rəyləri ilə təsdiq edilir). “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travmasından, kontuziyadan sonrakı davamlı qalıq əlaməti. Eşitmə sinirinin xəstəlikləri. Keçirilmiş kontuzion otitdən sonrakı iki tərəfli koxlear nevrit, adheziv otit, eşitmənin hər iki qulaqda İİ-İİİ dərəcə zəifləməsi ilə. Ensefalopatiya. Serebral hipertenziya. Beyin krizləri ilə. Digər neqativ pozuntular. Davamlı asteno-nevrotik vəziyyət.” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Keçirilmiş qapalı kəllə-beyin travmasından (kontuziyadan) sonrakı qalıq əlaməti ( xx.xx.1994). Keçirilmiş kontuzion otitdən sonrakı iki tərəfli koxlear nevrit, adheviz otit, eşitmənin hər iki qulaqda İİ-İİİ dərəcə zəifləməsi ilə. Ensefalopatiya – İİ mərhələ. Hipertenzion sindrom, tez-tez olan beyin-damar krizləri (ayda 5-6 dəfə) ilə. Davamlı asteno-nevrotik vəziyyət.” Diaqnozu ilə əlavə müalicəyə ehtiyac olması (ətraflı müayinə olunmayıb. Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşmış Xəstəxanada müayinə və müalicələri davam etdirilsin) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travmasından (kontuziyadan) sonrakı qalıq əlaməti. (xx.xx.1994). Keçirilmiş kontuzion otitdən sonrakı iki tərəfli koxlear nevrit, adheziv otit.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Keçirilmiş qapalı kəllə beyin travmasının (1994) davamlı qalıq əlamətləri. Qulağın barotravması, Barotravma (1994) nəticəsində neyrosensor tip ağıreşitmə.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 220 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Əmrahov X4 tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi dissosiativ pozuntu, funsional tutmalarla F06.5. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu müraciət tarixi xx.xx.2023 - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu müraciət tarixi xx.xx.2023 - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu müraciət tarixi xx.xx.2023 - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu müraciət tarixi xx.xx.2024 Stasionar müalicə aldığı müəssisələr: “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F06.5 Üzvi dissosiativ pozğunluq Gəncə Pisixiatrik xəstəxana - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F06.5 Üzvi dissosiativ pozğunluq “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F06.5 Üzvi dissosiativ pozğunluq “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F06.5 Üzvi dissosiativ pozğunluq Gəncə Pisixiatrik xəstəxana - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Həkim müayinəsinin nəticəsi: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Bələdliyi hissəvidir. Söz əlaqəsinə ləng qoşulur, verilən suallara uzun-uzadı yersiz cavablar verir. Təkrarçılığa meyl edir. Emosional reaksiyaları sönükdür. Yaddaşı zəifdir. Şəxsiyyətin dəyişməsi müşahidə olunur. Öz vəziyyətinə qarşı tənqidi münasibəti yoxdur. Əhval ruhiyyəsi enikdir. Meyl və maraq dairəsi daralıb, diqqəti öz daxili aləminə yönəlib. Təfəkkürü tormozlaşmışdır. Emosional dayanıqsızdır. Ünsiyyət yaratdığı hər kəs ilə dava edir, qışqırır. Hövsələsiz və səbirsizdir. İntellektin səviyyəsi aldığı təhsilə uyğundur. Yaddaşı zəif, mexanikidir. Yuxusu dərmanlarladır. TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu.” Diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətinə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə 1.5.2024cü il tarixdə “İddiaçı üçün verilmiş 26.01.24-cü il tarixli göndərişə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na 2 nömrəli əlavə Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri Son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti Digər psixi pozuntular – F07.0 stasionar - 10 gün ambulator – 2 dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə

7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Təkrar əlillik üçün üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 meyarı üzrə son 1 (bir) ildə tələb olunan minimal stasionar müalicə müddəti - 10 gün, ambulator müalicə müddəti isə - 2 dəfədir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinin olması – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travmasından, kontuziyadan sonrakı davamlı qalıq əlaməti. Eşitmə sinirinin xəstəlikləri. Keçirilmiş kontuzion otitdən sonrakı iki tərəfli koxlear nevrit, adheziv otit, eşitmənin hər iki qulaqda İİ-İİİ dərəcə zəifləməsi ilə. Ensefalopatiya. Serebral hipertenziya. Beyin krizləri ilə. Digər neqativ pozuntular. Davamlı asteno-nevrotik vəziyyət.” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçı barəsində xx.xx.2024-cü il tarixli tibbi göndəriş-Forma-88 üzrə xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu.” Diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 162 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəbi - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Bələdliyi hissəvidir. Söz əlaqəsinə ləng qoşulur, verilən suallara uzun-uzadı yersiz cavablar verir. Təkrarçılığa meyl edir. Emosional reaksiyaları sönükdür. Yaddaşı zəifdir. Şəxsiyyətin dəyişməsi müşahidə olunur. Öz vəziyyətinə qarşı tənqidi münasibəti yoxdur. Əhval ruhiyyəsi enikdir. Meyl və maraq dairəsi daralıb, diqqəti öz daxili aləminə yönəlib. Təfəkkürü tormozlaşmışdır. Emosional dayanıqsızdır. Ünsiyyət yaratdığı hər kəs ilə dava edir, qışqırır. Hövsələsiz və səbirsizdir. İntellektin səviyyəsi aldığı təhsilə uyğundur. Yaddaşı zəif, mexanikidir. Yuxusu dərmanlarladır. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2016-cı ildə eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 meyarı üzrə təkrar əlilliyə görə nəzərdə tutulan stasionar və ambulator müalicələri almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 162 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçıya 2016-cı ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2ci bəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 İlham Məhyəddin oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar