Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-848/2024 11.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğinin dayandırıldığı tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyə görə aldığı əmək pensiyasının ödənişinin dayandığı xx.xx.2021-ci il tarixindən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası alır. xx.xx.2016-cı il tarixdən əlilliyinin müddəti 5 il, yəni xx.xx.2021-ci il tarixədək uzadılmış və pensiyası xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Növbəti dəfə əlilliyi xx.xx.2021-ci il tarixdən müddətsiz bərpa olunmuş və pensiya ödənişi də əlilliyinin bərpa olunduğu həmin (xx.xx.2021-ci il tarixdən) vaxtdan davam etdirilmişdir. İddiaçı xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı növbəti müayinə əsasında əlilliyi xx.xx.2021-ci il tarixindən müəyyən edildiyi üçün, yəni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə mindiyi üçün ona ərizəsində qeyd etdiyi dövr üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-D-224246/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixədək ona həmin əsasla əmək pensiyası ödənilmiş və həmin tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi dayandırılmışdır. X1 Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən bərpa olunduğu üçün pensiya ödənişi həmin tarixdən bərpa edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş pensiyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. -3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. -3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2 iyul 2021-ci il tarixli, 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. -3.3-1-ci maddəyə müvafiq olaraq, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. -41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Cavabdehin imtinasının əsasını "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-1-ci maddəsinin xx.xx.2021-ci il tarixdə qüvvəyə minməsi və iddiaçının əlilliyini bərpa etdiyi tarixdə (xx.xx.2021) sözügedən normanın qüvvədə olmamasıdır. Bu səbəbdən də, iddiaçının sözügedən normaya əsasən ötürülmüş dövrü tələb etmək hüququ yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qeyd edilməılidir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2 iyul 2021-ci il tarixli, 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu “Azərbaycan” qəzetində 24 iyul 2021-ci il tarixdə dərc edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən növbəti müayinə əsasında iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixindən müəyyən edildiyi üçün ("Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə mindiyi üçün) ona iddia etdiyi dövr üzrə (xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək) əmək pensiyasının təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğinin dayandırıldığı tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-848/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-848/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver