Məhkəmə qərarları › İş №2-1(114)-849/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-849/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-849/2021 26.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı 2008-2012-ci illərdə işlədiyi vaxtlarda sağlamlığının peşəylə bağlı itirilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə şifahi məhkəmə baxış iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2008-2012-ci illərdə işlədiyi vaxtlarda sağlamlığının peşəylə bağlı itirilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 1988-1993-cü illərdə Şəmkir rayon Məhkəməsində müxtəlif vəzifələrdə işləmiş, 1993-cü ildən 2012-ci il tarixə kimi fərqli rayon və şəhərlərin prokurorluq orqanlarında prokurorluq işçisi kimi əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının prokurorluq işçisi kimi sonuncu iş yeri olan Ağstafa rayon Prokrorluğunda prokuror köməkçisi vəzifəsində işlədiyi 2007-2012-ci illərdə işlərinin olduqca gərgin olması, bir neçə işçinin əvəzinə işləməsi və iş yükünün həddindən artıq çox olması səbəbiylə səhətində ağır problemlər yaranmış və sağlamlığını bərpa edilməyəcək formada itirmişdir. 25.01.2012-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq işində yararnan problemlər və işinin öhtəsindən gələ bilmədiyinə görə işdən azad olunmuş və 27.06.2012ci il tarixdə TSEK-in qərarı əsasında ona ümumi xəstəliklərlə ikinci qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı sonuncu iş yerində, işlədiyi dövrdə sağlamlığını peşəylə əlaqədar olaraq itirməsi və bu barədə təsdiq edici sənədin verilməsi məqsədilə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçı tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbi ilə bağlı iddiaya münasibətdə yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, İddiaçı 23.09.1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarına qulluğa qəbul edilərək Xızı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor, 28.10.1994-cü ildən Xızı rayon prokurorunun köməkçisi, 24.11.1999-cu ildən Gəncə nəqliyyat prokurorunun böyük köməkçisi, 11.11.1999-cu ildən Gəncə şəhər prokurorunun köməkçisi, 10.12.2007-ci ildən Ağstafa rayon prokurorunun köməkçisi, 28.09.2011-ci ildən 25.01.2012-ci ilədək Ağstafa rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 25.01.2012-ci il tarixli 10/8-11/7-k nömrəli əmrinə əsasən İddiaçı xidməti intizamın kobud pozuntusuna və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə, cinayət xarakterli konkret məlumatların araşdırılması zamanı qanunsuzluqlara və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərinin pozuntusu hallarına yol verdiyinə görə prokurorluq orqanlarından intizam qaydasında xaric edilmişdir. Göründüyü kimi, İddiaçı 25.01.2012-ci il tarixdə prokurorluqdan xaric edilməsinə səbəb, iddiasında göstərdiyi kimi, 2008-ci ildə səhhətində yaranmış problemlərlə bağlı işinin öhdəsindən gələ bilməməsi deyil, onun xidməti intizamı kobud pozması, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə, cinayət xarakterli konkret məlumatların araşdırılması zamanı qanunsuzluqlara və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərinin pozulması hallarına yol verməsi olmuşdur. Həmçinin hazırki iş üzrə iddiaçının iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra mətndə “Qayda”) 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. “Qayda”nın 2.10-cu bəndinə əsasən istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. “Qayda”nın 3.1-ci bəndlərinə əsasən əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda (3.1.1-ci bənd); göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu “Qayda”nın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.2-ci bənd). “Qayda”nın 3.2-ci bəndə əsasən Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Baxılan iş üzrə iddiaçının tələbi (hüquqi marağı) “sağlamlığın peşəylə bağlı itirilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulması barədədir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya 27.06.2012-ci il tarixdə ümumi səbəbdən ikinci dərəcə əlillik təyin edilmişdir. Belə olan halda iddiaçı Qaydanın 3.1.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi və əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədləri (V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi) şəxsən özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə) təqdim etməli və Agentlik qiymətləndimə apararaq peşə əmək qabiliyyətinin itirilmə faizini təyin etməlidir. Göründüyü kimi hazırki tələb üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu iddiaçıya cavab verməli olan inzibati orqan deyildir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı 2008-2012-ci illərdə işlədiyi vaxtlarda sağlamlığının peşəylə bağlı itirilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr., 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Tel: (022) 255-58-65, (022) 265-11-17, AZ-2012 Gəncə şəhəri, H.Əliyev prospekti 105 (022) 255-01-25, Faks: (022) ***-**-** www.ganjaadministrativecourt.gov.az Elektron ünvan № 2-1(114)-849/2021 03 may 2021-ci il İddiaçı ünvan: ünvan 5 Prokurorluğuna ünvan: ünvan 6 tarixli, 2-1(114)-849/2021 nömrəli qərardadının surəti Sizə göndərilir. Qoşma: qərardadın surəti « 03 » vərəqə. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar