Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-85/2021 31.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bərdə rayonu Alpout bələdiyyəsi, X5 və X8) 0.80 ha pay torpaq sahəsinə dair onun adına Dövlət aktının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 30.04.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 0.80 ha pay torpaq sahəsinə dair onun adına Dövlət aktının verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 28.08.2020-ci il tarixli, 2-1(114)- 1197/2020 nömrəli qərardad ilə Bərdə rayonu Alpout bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 23.08.2021-ci il tarixli, 2-1(114)- 85/2020 nömrəli qərardad ilə X5 və X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Bərdə rayon Alpout kəndində yaşayır. İslahat gedərkən 1999-cu ildən ona da, 0.80 ha torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsinə Dövlət aktı verilməmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinə Dövlət aktının verilməsini xahiş etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 31 avqust 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi X6 məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, 0.80 ha pay torpaq sahəsinə dair onun adına Dövlət aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Bərdə rayonu Alpout bələdiyyəsinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər X5 və X8 ayrı-ayrılıqda iddia tələbinə etiraz edərək iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və izahatlarında əlavə olaraq bildirmişlər ki, mübahisələndirilən torpaq sahəsi onlara məxsusdur. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 19.05.2020-ci il tarixli imtina məktubunun əsli; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.09.2020-ci il tarixli cavab məktubu; - 23.04.2021-ci il tarixli, 127 çıxış nömrəli mütəxəssis rəyinin surəti. - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22.07.2021-ci il tarixli cavab məktubu; - JN-244 KOD 61001018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surəti; - JN-245 KOD 61001018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surəti; - JN-102 KOD 61001018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək 0.80 ha pay torpaq sahəsinə dair onun adına Dövlət aktının verilməsi xahiş etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 19.05.2020-ci il tarixli məktubda imtinaya əsas kimi göstərilmişdir ki, Azərbaycan Respublikasında aqrar islahatı aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri və pay torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İslahat zamanı iddiaçıya verilmiş Bərdə rayonu Alpout kəndində yeriəşən 0.80 ha torpaq sahəsinin hansı səbəbdən Dövlət aktının hazırlanması məlum deyil. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın bərpa edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Məhkəmə cavabdehin imtinasını qanunamüvafiq hesab edir. Belə ki, Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının müəyyən edilməsi torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərinin sayına bölünməsi yolu ilə təyin edilir. İddiaçının mülkiyyət hüququnu qeydiyyata aldırmaq istədiyi 0.80 torpaq sahəsi ilə bağlı Ərazi idarəsinin arxiv məlumatlarında hər hansı bir məlumat aşkarlanmamışdır. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.09.2020-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Torpaq islahatı zamanı baş vermiş bir sıra səhvlərin aradan qaldırılması barədə Bərdə Rayon Aqrar İslahat Komissiyasının 18.11.2000-ci il tarixli, 11 saylı qərarı ilə Alpout AİM-in Yerli İslahat Komissiyasının 30.10.1999-cu il tarixli, 11 saylı iclas protokolu təsdiq edilmişdir. 30.10.1999-cu il tarixli, 11 saylı qərarda torpaqlar bölgüyə gedən zaman səhvən adına zəbt olunma yazılmış İddiaçı göstərilən miqdarda (0,80 ha) pay torpağı ilə təmin edilməsi barədə məlumat mövcuddur. Məhkəmə işin faktiki hallarını araşdırmaq üçün 27.10.2020-ci il tarixli, 2-1(114)-1197/2021 nömrəli qərardad qəbul edərək, iş materialları mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə göndərilmiş və mütəxəssis qarşısında “Bərdə rayon Alpout kənd Aqrar İslahat Komissiyasının 30.10.1999-cu il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrılmış 0.80 ha torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşürmü?, düşdüyü halda hansı ölçüdə üst-üstə düşür? Bərdə rayon Alpout kənd Aqrar İslahat Komissiyasının 30.10.1999-cu il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrılmış 0.80 ha torpaq sahəsinin təyinatı və kateqoriyası nədir?, həmçinin həmin torpaq sahəsi dövlət torpağı ilə üst-üstə düşürmü?” sualları qoyulmuşdur. Mütəxəssis tərəfindən Gəncə İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(114)- 1197/2021 nömrəli qərardadında qoyulmuş sualları cavablandırılmış və məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş 23.04.2021-ci il tarixli, 127 çıxış nömrəli mütəxəssis rəyinində qeyd edilmişdir ki, Bərdə rayonu Alpout kəndində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları təyin edilməklə, X13 müəssisəsinin ərazisində aparılmış torpaq islahatına dair kompleki yerquruluşu layihəsinə yerləşdirildi. Məlum olmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi 0.80 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla JN 244, JN 245 və JN 102 saylı Dövlət Aktı üzrə mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Göründüyü kimi hazırda iddiaçının iddia etdiyi və istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi başqa mülkiyyətçilərə məxsus pay torpaq sahələri ilə üst-üstə düşür. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22.07.2021-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Bərdə rayonu Alpout kəndində yerləşən 2.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-244 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 3 nəfər ailə üzvü ilə birgə X1 adına aşkar olunmuşdur. Bərdə rayonu Alpout kəndində yerləşən 3.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-245 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 6 nəfər ailə üzvü ilə birgə X3 adına aşkar olunmuşdur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Bərdə rayonu Alpout kəndində yerləşən 2.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-102 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 5 nəfər ailə üzvü ilə birgə X4 adına aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının:- - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 2-ci bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni olmuşdur, belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahələri başqa-başqa şəxslərin mülkiyyətindədir və bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilə bilməz. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bərdə rayonu Alpout bələdiyyəsi, X5 və X8) 0.80 ha pay torpaq sahəsinə dair onun adına Dövlət aktının verilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 85, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bərdə rayonu Alpout bələdiyyəsi, X5 və X8) 0.80 ha pay torpaq sahəsinə dair onun adına Dövlət aktının verilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-85/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-85/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver