Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-85/2022 11.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehnə qarşı “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində istifadəsində olan 0.01402 ha torpaq sahəsində yerləşən 3 girişli, 149.3 kv.m ümumi, 71.4 kv.m əsas, 60.8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının sökülməsinə görə 200.000 (iki yüz min) manat məbləğində pulun kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində istifadəsində olan 0.01402 ha torpaq sahəsinində yerləşən 3 girişli, 149.3 kv.m ümumi, 71.4 kv.m əsas, 60,8 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (çayxana) tam mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh 2011-ci ilin sentyabr ayının 27-də ona məxsus qeyri-yaşayış binasını qanunsuz olaraq sökmüş və bunun qarşılığında ona heç bir kompensasiya ödəməmişdir. Dəfələrlə müraciətinə baxmayaraq cavabsız qalmışdır. Halbuki, onlara məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədi vardır, həmin sənəddə bütün koordinatlar qeyd edilib və “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən seriya MH N ******* saylı çıxarışla onun adına qeydiyyatdadır. Lakin o, bu illər ərzində kompensasiyanın verilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri maraqlarına toxunur, konstitusion mülkiyyət hüquqlarını realizə edilməsinə maneədir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti məhkəməyə xx.xx.2021-ci il tarixli məktub təqdim edərək göstərmişdir ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı qərar verilməmişdir. Həmin obyektin kimin tərəfindən sökülməsi barədə Cavabdehndə məlumat yoxdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 11 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehnə hazırkı məhkəmə iclası ilə əlaqədar məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən verilən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində yerləşən ümumi sahəsi 149.3 kv.m olan 3 girişli, 1 mərtəbəli qeyri-yaşayış binası (çayxana) tam mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2011-ci il tarixli, M-6034 nömrəli ərizədən görünür ki, İddiaçı Cavabdeh başçısına müraciət edərək, 1-ci mikrorayonda aparılan abadlıq işləri zamanı 43 saylı orta məktəbin qarşısında yerləşən ona məxsus ticarət obyektinin sökülməsi ilə bağlı şəhərin tikintiyə münasib yerində torpaq sahəsinin ayırlmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 341 nömrəli Gəncə şəhəri, 1-ci mikrorayon, 43 nömrəli tam orta məktəbin qarşısında şəhərsalma norma və qaydalarını pozmaqla İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar 1-ci mikrorayon, F.Əliyev küçəsinin şimal tərəfindəki 160.0 kv.m torpaq sahəsində yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli, M-161-150 göstərmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Cavabdeh məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli 03/833 nömrəli məktubunda göstərmişdir ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı qərar verilməmişdir. Həmin obyektin kimin tərəfindən sökülməsi barədə Cavabdehndə məlumat yoxdur. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi cavabdeh iddiaçının əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişdir. Halbuki, “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 4.16.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, xx.xx.2011-ci il tarixli, M-6034 nömrəli ərizənin həqiqiliyinin və ərizədə qeyd olunan imzanın İddiaçı məxsusluğunun müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 4/1881 nömrəli ekspert rəyində İddiaçı tərəfindən Cavabdeh başçısı E.Vəliyevə ünvanlanmış ərizənin kserosurətində “İddiaçı” yazısı önündə əks olunan imzanın İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, torpaq sahəsinin alınmasına dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin sözügedən torpaq sahəsində abadlıq işlərinin aparılmasına dair göstərdiyi dəlillərin qanunla müəyyən edilmiş əsasları olmamış və qanunda tələb edildiyi kimi Nazirlər Kabineti tərəfindən torpaq sahəsinin alınmasına dair heç bir normativ akt qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: - Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərti ilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; - Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; - Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakının tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyətli obyektləirin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 203.3-ü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasına yol verilmir: - öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi (maddə 203.3.1); - qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.2); - sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.3); - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması (maddə 203.3.4); - rekvizisiya (maddə 203.3.5); - müsadirə (maddə 203.3.6). Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir (maddə 203.5). Qeyd olunan Məcəllənin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mulkiyyət hüquna xitam verilməsi həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Sözügüdən 149.3 kv.m olan qeyri-yaşayış binasının iddiaçının mülkiyyətində olması mübahisələndirilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müəyyən edir ki, qeyri-yaşayış binası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə əsasən iddiaçının mülkiyyəti olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun mülkiyyəti dövlət tərəfindən alınmışdır. Bu müdaxilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. Məhkəmə iddiaçının əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ərizəçinin şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmiş, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçıya məxsus əmlakın cavabdeh tərəfindən sökülmədiyini göstərmişdir. Həmçinin aşağıda qeyd olunan əsasnamənin müddəalarına əsasən rayon ərazisində abadlıq və yaşıllaşdırılmaların aparılması şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətinə aid edilməmişdir. “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin: - 3.9.10-cu maddəsinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir; - 4.9.14-cü maddəsinə əsasən yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək və 4.9.20-ci maddəsinə əsasən müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsini təşkil etmək səlahiyyəti nəzərdə tutulmuşdur. - 4.18.1-ci maddəsinə əsasən bu Əsasnamənin 3.16.3-cü yarımbəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. - 4.18.2-ci maddəsinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Normaların məzmunundan göründüyü kimi cavabdeh inzibati orqanın qeyd edilən ərazi üzrə yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını, müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək, ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsini təşkil etmək və s. səlahiyyətləri nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. İddiaçı öz mülkiyyətindən cavabdehin hərəkəti nəticəsində qanunsuz olaraq məhrum olunmuşdur və iddiaçı öz mülkiyyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir. İddiaçı maddi zərərə görə 200.000 manat məbləğin kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Hazırki işdə maddi zərərin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi təyin edilmiş və rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli, 153/Mİ/22 nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, 1-ci mikrorayon, F.Əliyev küçəsində yerləşən istifadəsində olan 0.014 ha torpaq sahəsində sökülmüş qeyri-yaşayış binasının bərpa edilməsi üçün tələb olunan vəsaitin dəyəri 164.000 (bir yüz altmış dörd min) manat təşkil edir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 164.000 (bir yüz altmış dörd min) manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdehndən 164000 (bir yüz altmış dörd min) manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-85/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-85/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver