Məhkəmə qərarları › İş №2-1(114)-85/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-85/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-85/2025 21.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X35) qarşı Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 saylı qərarı ilə ona satılmış, hazırda Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından fərdi yaşayış evi tikmək üçün iddiaçıya və digər 6 nəfər vətəndaşa hər birinə 0.10 ha və 0.08 ha həyətyanı torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.

2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Göygöl rayonu Aşıqlı bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.

3. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 600 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 609 nömrə ilə qeydiyyata alınmışdır.

5. Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 93 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Aşıqlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 15 saylı qərarı ilə 0.08 ha alqı-satqı yolu ilə həyətyanı torpaq sahəsi satılmışdır və həmin qərar hal-hazırda qüvvədədir.

6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin Göygöl rayonu, Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 saylı qərarına və xx.xx.2012-ci il tarixli 609 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt əsasında satıldığı müəyyən edilmişdir. Bundan başqa, torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin torpaq sahəsinin yeni uçot xəritəsinə və kompleks yerquruluşu xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X16 xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli AA 012640 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daxil olmuş mülki iş materiallarında mövcud olan yerquruluşu planında, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı satılmış 0.08 ha torpaq sahəsinin məkan göstəriciləri (koordinatları (X,Y) və yerləşmə mövqeyi) əks olmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, tərəfimizdən aparılan araşdırma zamanı, naturada təqdim olunan faktiki sahəyə istinad olunmuşdur. Naturada təqdim olunan 0.08 ha torpaq sahəsinin, 0.0254 ha hissəsi, elektron baza materiallarına istinadən, **********37 reyestr nömrəli çıxarışa əsasən X16 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsidir. Naturada təqdim olunan torpaq sahəsinin 0.0546 ha hissəsi isə, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. 2) Naturada təqdim olunan torpaq sahəsinin ölçülərək, 0.08 ha təşkil etdiyi müəyyən olundu. 3) Naturada təqdim olunan torpaq sahəsinin, yuxarıda qeyd olunduğu kimi, **********37 reyestr nömrəli çıxarışa əsasən X16 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. 4) Naturada təqdim olunan torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Daxil olmuş mülki iş materiallarında, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı satılmış 0.08 ha torpaq sahəsinin məkan göstəriciləri (koordinatları (X,Y) və yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, tərəfimizdən aparılan araşdırma zamanı, naturada təqdim olunan faktiki sahəyə istinad olunmuşdur. Naturada təqdim olunan 0.08 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu heyvandarlıq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş, 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallarında örüş sahəsi olaraq göstərilmişdir. Naturada təqdim olunan torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, bələdiyyə mülkiyyətdə olan örüş sahəsi olaraq göstərilmişdir. 2) Naturada təqdim olunan torpaq sahəsinin ölçülərək, 0.08 ha təşkil etdiyi müəyyən olundu. Torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüsündə əks olunmuşdur. 3) Naturada təqdim olunan torpaq sahəsi üzərində, elektron kadastr bazası məlumatlarına istinadən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən başqa şəxslərin hüquqlarını təsdiq edən sənəd (Çıxarış) qeydə alınmadığı müəyyən olundu. 4) Naturada təqdim olunan torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı. X3 ərazidə faktiki istifadə sahəsinin olmaması, JN-582A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə torpaq sahəsinin koordinatlarının (X və Y) və qonşu torpaqlar haqqında məlumatların əks olunmaması, torpaq islahatı əsasında mülkiyyətinə torpaq sahəsi verilmiş vətəndaşların adlı siyahısında həmin Şəhadətnamə nömrəsinin mövcud olmaması və torpaq islahatı əsasında tərtib olunmuş 1999-cu il tarixli və 2003-cü il tarixli ərazilərin kompleks yerquruluşu layihələrində həmin şəhadətnamənin aşkarlanmaması səbəbindən, qərardadın 5-ci və 6-cı suallarının cavablandırılması mümkün olmamışdır.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 12160/2023 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli,16 saylı qərarı ilə Göygöl (Xanlar) rayonu, Aşıqlı kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinə dair X39, X10, X36, X37 adlarına JN-181B KOD 50803018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənmişdir. Göygöl rayon Dövlət notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-217 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.16 ha torpaq sahəsi X39, X10, X36, X41 tərəfindən X1. Bu müqaviləyə əsasən X11 adına xx.xx.2022-ci il tarixli, **********26 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4ǝ-1240 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,16 ha torpaq sahəsi X21 tərəfindən X9 bağışlanmışdır. Müqaviləyə uyğun X7 adına xx.xx.2022-ci il tarixli, **********26 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə Göygöl (Xanlar) rayonu, Aşıqlı kəndində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinə dair X39, X10, X36, X37 adlarına JN-181F, KOD 50803018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə işlənmişdir. Azərbaycan Respublikası Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 15 nömrəli qərarı iclasının "Göygöl rayonu Aşıqlı bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən ayrılıb 7 nəfər vətəndaşa satılması haqqında" xx.xx.2020-ci il tarixli, 12 nömrəli protokolundan çıxarış, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin 157 arayışı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 81 nömrəli rəyi, Göygöl rayonu Aşıqlı bələdiyyəsi və DTXK-nin Göygöl rayon Şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 604 nömrəli- Torpaqların alqı-satqısına dair akt, X28 tərəfindən bələdiyyənin müvafiq bank hesabına 750 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2012-ci il tarixli qəbz və X5 0.10 ha torpaq sahəsinə koordinat sxemi əsasında Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi X14 adına xx.xx.2022-ci il tarixli, **********12 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 nömrəli qərarı iclasının "Göygöl rayonu Aşıqlı bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən ayrılıb 7 nəfər vətəndaşa satılması haqqında" xx.xx.2020-ci il tarixli, 12 nömrəli qərarı, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin 157 arayışı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 81 nömrəli rəyi, Göygöl rayonu Aşıqlı bələdiyyəsi və DTXK-nin Göygöl rayon Şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 607 nömrəli Torpaqların alqı-satqısına dair akt, X29 tərəfindən bələdiyyənin müvafiq bank hesabına 600 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2012-ci il tarixli qəbz və X15 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 1318 (AN 511109) "Torpaq sahəsinin planı və ölçüsü"nə X15 adına xx.xx.2018-ci il tarixli, **********54 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göygöl rayon notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4ǝ-374 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi X29 tərəfindən X2. Həmin müqaviləyə əsasən, X19 adına xx.xx.2020-ci il tarixli, **********54 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göygöl rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-374 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi X38 tərəfindən X4. Müqaviləyə uyğun X23 adına xx.xx.2022-ci il tarixli, **********54 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 1846/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən 2-1(114)-85/2025 nömrəli inzibati işin xx.xx.2023-cü il tarixli qərardadı üzrə əraziyə keçirilən baxışda, İddiaçı deyil, onun əvəzinə X31 adlı şəxs iştirak etmişdir. Onun naturada təqdim etdiyi torpaq sahəsi əsasında xx.xx.2023-cü il tarixli qərardad sualları araşdırılaraq, xx.xx.2023-cü il tarixində mütəxəssis rəyi ilə cavablandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardadı üzrə əraziyə keçirilən baxışda İddiaçı iştirak etmişdir. Onun naturada təqdim etdyi torpaq sahəsi əsasında, xx.xx.2024-cü il tarixli qərardad sualları araşdırılaraq, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə cavablandırılmışdır. Bildiririk ki, X31 adlı şəxsin naturada təqdim etdiyi torpaq sahəsinin məkan göstəriciləri ilə, İddiaçı naturada təqdim etdiyi torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluq halı mövcud olduğundan, mütəxəssis rəylərində də fərqlilik mövcuddur. Elektron kadastr məlumat bazası və arxiv sənədlərinə istinadən xx.xx.2022-ci il qeydiyyat tarixli **********045 reyestr nömrəli Çıxarışa əsasən X23 xüsusi mülkiyyətində olan 0.08 ha və xx.xx.2022-ci il qeydiyyat tarixli, **********12 reyestr nömrəli çıxarışa əsasən X24 (5.02.2022- ci il tarixli alqı-satqı müqaviləsi əsasında X28 0.1 ha torpaq sahəsini X6) xüsusi mülkiyyətində olan 0.1 ha torpaq sahələrinin naturada yerləşmə vəziyyətləri ortofotogörüntüdə əks olunmuşdur. II. Məhkəmədə icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və həmin publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 saylı qərarı ilə ona satılmış, hazırda Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin 08 noyabr 2012-ci il tarixli 15 saylı qərarı ilə Göygöl rayonu Aşıqlı bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona və digər 6 nəfər kənd sakinin hər birinə 0.10 ha və 0.08 ha həyətyanı torpaq sahəsi verilib. Torpaq sahəsi 11 ildir fasiləsiz olaraq onun sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. Onu da qeyd edir ki, ondan başqa digər 6 nəfər şəxslərin hər birinə verilmiş torpaq sahəsi reyestrdə qeydiyyata alınaraq çıxarış verilmişdir. O, mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. Səbəb kimi bələdiyyə ilə aralarında notarial qaydada təsdiq olunmuş alqısatqı müqaviləsinin olmaması, torpaq sahəsinin akt əsasında satıldığı, eyni zamanda da torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, yeni uçot xəritəsinə və yerquruluşu xəritəsinə əsasən isə kənd təsərrüfatı təyinatlı olmaqla bələdiyyə mülkiyyətində olması göstərilir ki, bu da imtina üçün əsas ola bilməz.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X35 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

23. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxs isə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 saylı qərarına və xx.xx.2012-ci il tarixli 609 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt əsasında satıldığı müəyyən edilmişdir. Bundan başqa, torpaq sahəsinin bir hissəsinin X25 məxsus xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli çıxarış verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü həmçinin, torpaq sahəsinin yeni uçot xəritəsinə və kompleks yer quruluşu xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.

25. Cavabdeh orqanın nümayəndəsi X12 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 nömrəli qərarı; - xx.xx.2012-ci il tarixli akt; - DT və XK-nin Göygöl rayon şöbəsinin rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - xx.xx.2012-ci il tarixdə 609 nömrəli Torpaqların alğı-satqısına dair akt; - Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 93 nömrəli arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; Mütəxəssis rəyləri; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 12160/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Torpaq sahəsinin ortofoto görüntüsü; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 1846/2025 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından fərdi yaşayış evi tikmək üçün iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və Göygöl rayonu Aşıqlı bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 600 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 609 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin Göygöl rayonu, Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 saylı qərarına və xx.xx.2012ci il tarixli 609 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt əsasında satıldığı müəyyən edilmişdir. Bundan başqa, torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin torpaq sahəsinin yeni uçot xəritəsinə və kompleks yerquruluşu xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

29. Məhkəmə cavabdehin orqanın birinci dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

30. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

31. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

32. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.

33. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

34. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

35. Cavabdeh inzibati orqan imtinasını torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin torpaq sahəsinin yeni uçot xəritəsinə və kompleks yerquruluşu xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşməsi ilə əsaslandırmışdır.

36. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində naturada təqdim olunan torpaq sahəsinin **********37 reyestr nömrəli çıxarışa əsasən X16 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmə halının mövcud olduğu bildirilsə də, iddiaçının vəkil olan nümayəndəsi mütəxəssis tədqiqatına torpaq sahəsinin yerləşmə yerinin texniki olaraq səhv göstərdilyini bildirmiş və yenidən mütəxəssis rəyinin alınmasını xahiş etmişdir.

37. Əldə edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində isə naturada təqdim olunan torpaq sahəsi üzərində, elektron kadastr bazası məlumatlarına istinadən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən başqa şəxslərin hüquqlarını təsdiq edən sənəd (Çıxarış) qeydə alınmadığı qeyd edilmişdir.

38. İki mütəxəssis rəyləri arasında ziddiyyətli olan həmin halın aydınlaşdırılması məqsədilə cavabdeh orqana sorğu verilmiş və cavab məktubunda bildirilmişdir ki, sözügedən 2-1(114)-85/2025 nömrəli inzibati işin xx.xx.2023-cü il tarixli qərardadı üzrə əraziyə keçirilən baxışda, İddiaçı deyil, onun əvəzinə X31 adlı şəxs iştirak etmişdir. Onun naturada təqdim etdiyi torpaq sahəsi əsasında xx.xx.2023-cü il tarixli qərardad sualları araşdırılaraq, xx.xx.2023-cü il tarixində mütəxəssis rəyi ilə cavablandırılmışdır. xx.xx.2024cü il tarixli qərardadı üzrə əraziyə keçirilən baxışda İddiaçı iştirak etmişdir. Onun naturada təqdim etdyi torpaq sahəsi əsasında, xx.xx.2024-cü il tarixli qərardad sualları araşdırılaraq, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə cavablandırılmışdır. Bildiririk ki, X31 adlı şəxsin naturada təqdim etdiyi torpaq sahəsinin məkan göstəriciləri ilə, İddiaçı naturada təqdim etdiyi torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluq halı mövcud olduğundan, mütəxəssis rəylərində də fərqlilik mövcuddur.

39. Göründüyü kimi, iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsini iddiaçı deyil, onun nümayəndəsi naturada ölçmə işlərini aparan mütəxəssisə (mühəndisə) düzgün təqdim etmədiyinə görə üst-üstə düşmə halının mövcudluğu ortaya çıxmışdır. Belə ki, iddiaının vəkil olan nümayəndəsinin iclas zamanı bildirdiyinə görə, həm iddiaçı, həm üstüstə düşən torpaq sahəsinin sahibi torpaq sahələrini hasara almadıqları üçün belə vəziyyət yaranmışdır. İddiaçının özü tərəfindən isə naturada təqdim olunmuş torpaq sahəsinin hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə halı mövcud olmamışdır.

40. Cavabdeh orqanın torpaq sahəsinin yeni uçot xəritəsinə və kompleks yerquruluşu xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşməsi əsası ilə iddiaçının hüququnun qeydiyyatından imtinasına münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş ortofoto görüntüdə X26 mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə yanaşı yerləşməsi müəyyən edilir. Hansı ki, həmin şəxsin sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatına əsas olmuş sənədlər əldə edilmiş və müəyyən edilmişdir ki, həmin torpaq qeydə alınarkən ona bu əsasla imtina verilməmiş və mülkiyyət hüququ yaşayış məntəqələri torpaqları təyinatlı kimi qeydə alınaraq müvafiq çıxarış təqdim edilmişdir.

41. Eyni zamanda, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından fərdi yaşayış evi tikmək üçün iddiaçı ilə yanaşı digər 6 nəfər vətəndaşa da həyətyanı torpaq sahəsi satılmış və həmin şəxslərdən ikisinin (X28 və X15) hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onların hər ikisinin təyinatı yaşayış məntəqələri kimi qeyd edilmişdir. Sözügedən torpaqlardan X20 ayrılmış (sonradan bağlanmış alğı-satqı müqavilələrinə əsasən hazırda X23 mülkiyyətində olan) torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə yanaşı yerləşir.

42. Göründüyü kimi, cavabdeh orqan tərəfindən bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu müəyyən edilir. Belə ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuş və cavabdeh orqan iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa halların olduğunu sübuta yetirə bilməmişdir.

43. Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

44. “İnzibati icraat haqqında” qanuna görə: Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

45. Göründüyü kimi, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

46. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

47. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

48. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.

33. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı satılmış, hazırda Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

50. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar