Məhkəmə qərarları › İş №2-1(114)-850/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-850/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-850/2021 28.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi) qarşı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının 27.03.2020-ci il tarixli, 036əç nömrəli əmrinin ləğv edilərək iddiaçının əvvəlki işinə bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı 21.05.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının hərbi xidmətdən azad olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əmrinin ləğv edilərək öz işinə bərpa edilməsi barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı 02.09.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilərək işin aidiyyəti üzər Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 02.09.2020-ci il tarixli, 2-1(114)-1237/2020 nömrəli qərardad ilə iddiaçının ərizəsi təmin edilərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 02.09.2020-ci il tarixli, 2-1(114)- 1237/2020 nömrəli qərardad ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra məhkəmə 19.11.2020-ci il tarixli, 2- 1(112)-6906 nömrəli qərardad qəbul edərək ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş materiallarını Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 10.02.2021-ci il tarixli, 2-1(103)- 753/2021 nömrəli qərardad ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. X16 Məhkəməsinə 30.09.2021-ci il tarixdə daxil olmuşdur. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 17.05.2021-ci il tarixli, 2-1(114)- 850/2021 nömrəli qərardad ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil 28.09.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının 27.03.2020-ci il tarixli, 036əç nömrəli əmrinin ləğv edilərək iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, 2-1(114)- 850/2021 nömrəli qərardad ilə iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsi inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş planşetçi kimi xidmət etmişdir. Onunla birgə xidmət edən E.Mustafayeva ilə A.Məmmədov onunla şəxsi ədavət aparırlar. Həmin şəxslər xəbərsiz olaraq iddiaçı hərbi hissədə xidməti vəzifəsində olarkən şəkillərini çəkmişlər. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qadınlar və Hərbi qulluqçu ailələrinin hüquqlarının müdafiə şöbəsinin rəisi tərəfindən çağırılmış və ona E.Mustafayeva ilə A.Məmmədovdan üzr istəməyəcəyi təqdirdə xidmətdən azad olunacağı bildirilmişdir. Bundan sonra iddiaçının xidmətdən azad edilməsi barədə əmr verilmiş, lakin iddiaçı bu günədək həmin əmri əldə edə bilməmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 28 sentyabr 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X4 gəlmişlər. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil ayrıayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək və tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıya məxsus ******* nömrəli şəxsi vəsiqəni surəti; - İddiaçıya məxsus xidmət dəftərçəsinin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin 02.04.2020-ci il tarixli, 118 nömrəli əmrindən çıxarışın surəti; - İddiaçıya məxsus xidmət vərəqəsinin surəti; - 17.03.2020-ci il tarixli, 9 nömrəli şərəf məhkəməsinin protokolunun surəti; - 17.03.2020-ci il tarixli şərəf məhkəməsinin qərarının surəti; - Hərbi hissədə hərbi xidmətdə olarkən iddiaçıya məxsus foto-şəkillər; - Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının 27.03.2020-ci il tarixli, 036əç nömrəli əmrindən çıxarış. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər sorğular əsasında əldə edilmişdir. Məhkəmə araşdrıması zamanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasına əsas olan sənədlərlərə baxılmış və müəyyən edilmişdir ki, İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Belə ki, İddiaçı Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin “Məlumat sızmasının qarşısının alınması haqqında” 16 fevral 2014-cü il tarixli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” 14 oktyabr 2014-cü il tarixli müvafiq əmrlərinin tələblərini ciddi şəkildə pozduğuna, yəni hərbi hissədə qadağan olunmuş smartfon tipli telefon işlətdiyinə görə xidmət etdiyi N nömrəli hərbi hissədə “müddətdən artıq hərbi qulluqçuların” şərəf məhkəməsinə çıxarılıb. Keçrilən şərəf məhkəməsində ona “İctimai məzəmətlə” elan olunması barədə qərar çıxarılmışdır. İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 01.11.2019-cu il tarixdən başlayaraq xidməti yerini vaxtından əvvəl tərk etdiyinə görə “Şiddətli töhmət”, 11.11.2019-cu il tarixdən başlayaraq xidməti yerini vaxtından əvvəl tərk etdiyinə görə “Şiddətli töhmət”, xidməti yerinə çıxmadığına görə 16.03.2020-ci il tarixində “Şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmışdır. Həmin verilmiş cəzalar iddiaçıya məxsus xidmət vərəqəsində təstiqini tapmışdır. Təqdimatında əsgər İddiaçı xidmətdə özünü nizam-intizamsız bir qulluqçu kimi göstərmişdir. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Kiçik çavuş İddiaçı hərbi geyimdə N nömrəli hərbi hissənin komanda məntəqəsində ştat üzrə təhkim olunmuş silahla şəkillər çəkdirərək sosial şəbəkədə paylaşmışdır. Sorğu əsasında iddiaçının hərbi hissədə silahla çəkdirdiyi şəkillər məhkəmə tərəfindən əldə olunmuşdur. İddiaçı N nömrəli hərbi hissənin komanda məntəqəsində ştat üzrə təhkim olunmuş silahla şəkillər çəkdirdiyi üçün Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin “Məlumat sızmasının qarşısının alınması haqqında” 16 fevral 2014-cü il tarixli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” 14 oktyabr 2014-cu il tarixli müvafiq əmrlərinin tələblərini ciddi şəkildə pozmuşdur. Buna görədə 04.03.2020-ci il tarixdə xidmət xidmət etdiyi N nömrəli hərbi hissənin Döyüşü idarəetmə bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən kapitan F.Əsədov hərbi hissə komandirinə raportla müraciət etmiş, əsgər İddiaçı şərəf məhkəməsində dinlənilməsinə dair vəsatət qaldırmışdır. 17.03.2020-ci il tarixində şərəf məhkəməsinə dinlənildikdən sonra “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı qüvvələrin sıralarından ehtiyata buraxılması barədə qərar qəbul olunmuş və yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. 23.09.1994-cü il tarixli, 885 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X2”nin 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Məhkəmə qeyd edilən halları araşdırıb müəyyən etmək üçün məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilən şahidlər X5, X10, X6 və X8 dindirilmişdir. Şahid qismində dindirilən X6 ifadəsində qeyd etmişdir ki, 10 ilə yaxındır iddiaçını tanıyır, eyni hərbi hissədə xidmət etsələr də, fərqli yerlərdə olmuşlar. O, qərərgahın hərbi qulluqçusu olmuşdur. İddiaçı da heç vaxt smartfon tipli telefon görməmişdir. Şərəf məhkəməsinin tərkibi 2 nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçudan və bir kiçik çavuşdan ibarət idi. Sadəcə iddiaçıya məxsus şəkillər araşdırılmışdır. Şərəf məhkəməsinin üzvlərindən şəkilləri haradan əldə edildiyini soruşduqda, şəkillərin sadəcə olaraq onlara təqdim olunduğunu bildirmişlər. İddiaçının yüngül həyat tərzi keçirdiyi və hərbi qulluqçuya yaraşmayan qeyri-etik hərəkətləri barədə soruşmuşlar. O, bunları təkzib edərək, iddiaçını belə biri kimi tanımadığını bildirmişdir. Şəkillərin N saylı hərbi hissədə çəkilməsi sübuta yetirilməmişdir. Heç bir yüksək rütbəli zabit heyyəti şərəf məhkəməsində olmayıb, sadəcə məhkəmənin sonunda hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini gəlib təsdiqləmişdir ki, çəkilmiş şəkillər N saylı hərbi hissədə çəkilməyib. Şərəf məhkəməsində tərtib olunan qərarda adı çəkilən yüksək rütbəli zabitləri orada görməmişdir. Şərəf məhkəməsinin qərarında qeyd olunan sözlərin heç biri ona aid deyil və o, heç bir təklif irəli sürməmişdir. İddiaçıya ən sonda çıxış üçün söz vermişlər. İddiaçı çıxışında çəkilmiş şəkillərin smartfon tipli telefonlara tətbiq olunan qadağadan əvvəlki dövrə aid olduğunu bildirmişdir. İddiaçıya töhmət verilməsi barədə heç bir məlumatı yoxdur. Şahid qismində dindirilən X6 məhkəmə iclasında yuxarıda qeyd edilən ifadəni versə də, 17.03.2020-ci il tarixli, 9 nömrəli şərəf məhkəməsinin protokolundan müəyyən edilmişdir ki, o, şərəf məhkəməsində fərqli izahat vermişdir. Belə ki, X6 şərəf məhkəməsi keçirilərkən izahatında bildirmişdir ki, N nömrəli hərbi hissənin Döyüşü idarəetmə bölməsinin baş planşetçisi, QHQ kiçik çavuş İddiaçı 2 (iki) övladı var və ailəyə başqa gəlir gəlmir. Könül xanımın səhvi qadağan olunmuş smartfon tipli telefonu komanda məntəqəsinə gətirmək olub. Şəkilləri çəkib və sadəlöv olub ki, telefonu iş yoldaşlarına verib. Nəticədə onlar da, Könül xanımın telefonundan şəkilləri yayıblar və onu ordu sıralarından kənarlaşdırmaq üçün istifadə ediblər. X6 şərəf məhkəməsində qeyd edilən izahatı verdikdən sonra QHQ kiçik çavuş İddiaçı hərbi geyimdə silahla və ştat üzrə təhkim olunmuş silahını çəkərək Müdafiə nazirinin və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin məxfiçilik üzrə əmr və sərəncamlarını pozduğuna görə hərbi rütbəsinin bir pillə aşağı salınmasını təklif etmişdir. Məhkəmə şahid qismində dindirilən X3 məhkəmədə vermiş olduğu ifadəsini sübut növü kimi qəbul etmir və onun ifadəsinin sadəcə iddiaçını müdafiə etmək məqsədi daşıdığını hesab edir. Şahid qismində dindirilən X13 ifadəsində qeyd etmişdir ki, onun tabeçiliyində olan bir hərbi qulluqçu kimi iddiaçı ilə münasibəti yaxşı olub. O, iddiaçı haqqında xidməti xasiyətnamə tərtib etmişdir. Yuxarı komandanlıq tərəfindən ona irad bildirilmişdir ki, ordu sıralarından kənarlaşdırılan hərbi qulluqçu üçün müsbət xasiyətnamə verilə bilməz. Ona xidməti xasiyyətnamənin dəyişdirilməsi barədə təziqlər olunduğu üçün məcbur qalıb xidməti xəsiyətnaməni dəyişmişdir. Şahid qismində dindirilən Gülnarə İsmaılova yaxşı xatırlamır ancaq onun dəqiq yadındadır ki, yüksək rütbəli zabit heyyəti şərəf məhkəməsində olmuşdur. Şərəf məhkəməsinin keçirilməsi ilə bağlı təqdimatı o, rəhbərliyə təqdim etmişdir. Sözügedən məhkəmənin keçirilməsi ilə bağlı təqdimat məcbur edilərək yazılmışdır. Sözügedən məhkəmənin qərarında qeyd olunan sözlər ona aid deyil, təhrif olunmuş formada qeyd edilmişdir. O, sözügedən məhkəmənin keçirilməsi ilə bağlı iradını bildirmiş, bu zaman ona bunun sadəcə formal xarakter daşıdığını bildirmişlər. Şərəf məhkəmənin sədri baş leytenant, katibi isə kiçik çavuş olmuşdur. Çəkilmiş şəkillər təqdim olunmuş, lakin N saylı hərbi hissədə çəkilməsi sübuta yetirilməmişdir. Şərəf məhkəmədə heç bir töhmət elan olunmamışdır. Şahid qismində dindirilən X5 ifadəsində qeyd etmişdir ki, N saylı hərbi hissədə iddiaçı ilə birlikdə xidmət etmişlər. O, şərəf məhkəməsində iştirak etmiş, lakin orada çıxış etməmişdir. Həmin gün onun da, şərəf məhkəməsi olduğu üçün o da, orada idi. Ona heç bir təzyiq göstərilməyib. O, yalnız öz bölüyüklərinin üzvlərini tanıyır, digərərlərini isə tanımır. O, İddiaçı əlində smartfon tipli telefon görməmişdir. O, bu barədə heç bir yerə imza etməmişdir. Şərəf məhkəməsində heç bir sübut olmamışdır və demişlər ki, köhnə şəkillərdi. Şahid qismində dindirilən X10 ifadəsində qeyd etmişdir ki, o, Göygöl rayonu “N” saylı hərbi hissədə xidmət edir. İddiaçı 1-2 dəfə iclaslarda görmüşdür. 2019-cu ilin aprel ayından N saylı hərbi hissədə xidmət edir. O, iddiaçını mobil telefondan istifadə edən zaman görməmişdir. Şərəf məhkəməsinin sədri o olmuş, üzvəri isə Verdiyev Vidadi, İsmayılov Səlimxan və yadında olmayan digər şəxslər olmuşdur. İddiaçıyla birlikdə başqa hərbiçinin də, şərəf məhkəməsi keçirilmişdir. Gülnarə və Fərid çıxış etmiş və izahatlarına imza etmişlər. İddiaçı şəkillərlə bağlı izahatı var. İddiaçı şərəf məhkəməsində demişdir ki, şəkillər telefonundan oğurlanıb. Şəkilləri araşdırmaq onun səlahiyətində olmamışdır. 17.03.2020-ci il tarixli, 9 nömrəli şərəf məhkəməsinin protokolundan müəyyən edilmişdir ki, İddiaçı şərəf məhkəməsindəki izahatında bildirmişdir ki, məhkəmədə ona qarşı deyilən irad və təkliflərə razıdır, baş verən hadisə öz səhvi nəticəsində baş vermişdir. İki övladı var və 40 yaşından sonra harda iş tapıb övladlrına baxcağaını bilmir. Hərbi geyimdə silahla və stat üzrə təhkim olunmuş silahı ilə şəkil çəkərək Müdafiə nazirinin və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin məxfiçilik üzrə əmr və sərəncamlarını pozmuşdur və bu səhvinə görə ailəsəində maddi və mənəvi çətinliklərin yaranmağını istəmir. İddiaçı şərəf məhkəməsində onun hərbi rütbəsinin bir pillə aşağı salınmasını və Azərbaycan Respublikası Silahlı Qüvvələrində qalıb xidmət etməsinə köməklik edilməsini xahiş etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının 27.03.2020-ci il tarixli, 036əç nömrəli əmrinin ləğv edilərək iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi) qarşı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının 27.03.2020-ci il tarixli, 036əç nömrəli əmrinin ləğv edilərək iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar