Məhkəmə qərarları › İş №2-1(114)-850/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-850/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-850/2024 21.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xəstəliyinə uyğun əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 353 nömrəli qərarı ilə İddiaçı qoyulmuş “Sağ budun yuxarı 1/3-nin yumşaq toxumasının kor güllə yarası.Sağ budun sümüyünün yuxarı 1/3-nin kor güllə yarası” diaqnozunun səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənlədirilmişdir.

2. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə göndəriş rəsmiləşdirilmiş, göndərişin etibarlılıq tarixi xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.

3. Göndəriş üzrə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə cəlb edilmiş və onun obyektiv vəziyyətinin xx.xx.2021-ci il tarixdə müayinəsi zamanı sağ budun yuxarı 1/3-nin nahiyyəsində çapıq izlənilsə də, ətrafda əlillik təyinatına əsas verən hərəki məhdudluq və əzələ atrofiyası qeyd olunmamışdır. Təqdim olunmuş xx.xx.2020-ci il tarixli rentgen müyaniəsinin nəticəsi “Düz proeksiyada bud sümüyünün yuxarı 1/3-də, böyük burmanın üzərində bir ədəd yad cism-güllə qeyd olunur” kimi təqdim edilmişdir. Nəticədə Axərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

4. Daha sonra cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********0 nömrəli qərar qəbul edilmiş və sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 1-ci Qarabağ Müharibəsi ərəfəsində müharibə dövründə döyüş vaxtı aldığı xəsarətlərə görə əlilliyinə dair şəhadətləndirmənin, əlilliyə dair hərbi həkim komissiyasının rəyinin, əlillik dərəcəsinin, qrupunun müəyyən edilməsi, verilməsi və müharibə əlilliyinə dair müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar olaraq, o, 1991-1994-cü ilə qədər bütün Qarabağ bölgəsində gedən münaqişələrdə və eyni zamanda Goranboy rayonu uğrunda gedən döyüşlərdə, keçmiş Şaumyan rayonun uğrunda gedən döyüşlərdə və Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş və həmin döyüşlərdə güllə yarası almış, müxtəlif xəsarətlər almışdır. Hal-hazırda güllə onun çanaq hissəsində qalmaqdadır, yeriyə bilmir, ayağının açılması bükülməsi çətindir, hətta ayağı da nazilir. Onun xəsarətlərinə dair hərbi tibbi ekspert komisiyasının rəyi də vardır və həmin rəydə də göstərilir ki, aldığı xəsarətlər müharibə dövründə alınmış və müharibə dövrünə aid xəsarətlərdir. Onun hərbi xidmət dövründə, yəni könüllü olaraq, birinci Qarabağ müharibəsində iştirak etdiyi dövründə aldığı güllə yarası xəsarətləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Südafiəsi Nazirliyi tərəfindən nəzərə alınmır və ona həmin xəsarətlərinə dair və aldığı ağır travmalara dair Qarabağ Müharibəsi əlili, qazisi müavinəti təyin edilməkdən imtina edilir və o, hal-hazırda çox çarəsiz və ağrılı halda yaşamağına baxmayaraq, ona hal-hazırda dövlət tərəfindən heç bir köməklik göstərilmir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

8. İddiaçı X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xəstəliyinə uyğun əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

10. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

11. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

12. Cavabdeh etiraz olaraq bildirmişdir ki, Xanlar rayon sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 353 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun yuxarı 1/3-nin yumsaq toxumasının kor güllə varası. Sağ bud sümüyünün yuxarı 1/3-nin kor güllə yarası" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ budun yuxarı 1/3-nin nahiyəsində çapıq izlənilsə də, ətrafda əlillik təyinatına əsas verən hərəki məhdudluq və əzələ atrofiyası qeyd olunmamışdır. Təqdim olunmuş xx.xx.2020-ci il tarixli rentgen müayinəsinin nəticəsi “Düz proeksiyada bud sümüyünün yuxarı 1/3-də, böyük burmanın üzərində bir ədəd yad cisim-qüllə qeyd olunur” kimi təqdim edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina xx.xx.2021-ci il tarixdə olmasına baxmayaraq iddiaçıya sms xx.xx.2022-ci il tarixdə olmuşdur. İddiaçının bu imtinadan xəbəri olduqdan 1 il 4 ay sonra məhəkəməyə müraciət etdiyindən iddia mümkünsüz iddiadır.

13. İddiaçı məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ona əlillik təyinatı barədə müraciəti üzrə sms gəlmişdir və o, 2022-ci ilin iyun ayında ona əlillik təyinatından imtina edildiyini bilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldıra bilməməsi səhhəti ilə bağlı olmuş, həmçinin iddia qaldırmaq üçün qanunla müddətin müəyyən edildiyini bilməmişdir.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi ona xəstəliyinə uyğun əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və həmin tələb İPM-in 2.2.2-ci maddəsində təsbit olunmuş məcburetmə haqqında iddia növünə aiddir.

17. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Sadalanan normaların məzmunundan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;

5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri).

19. İstənilən növ iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə isə iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsi barədə iddiası məcburetmə haqqında iddia növünə aid olmaqla, həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti kimi müddətə dair şərtə riayət edilməsi tələb olunur.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maaddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

21. İşin hallarından da müəyyən olunduğu kimi, iddiaçı məcburetmə haqqında iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə əyani müayinə zamanı baxılmış və “Sağ budun yuxarı 1/3-nin iş səthinin dartıcı çapıq toxuması. Budun kiçik burma ətrafı yumşaq toxumalarının metal yad cismi” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina edilmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Bənd 2.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

24. Qanunverciliyin sadalanan müddəalarından göründüyü kimi, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.

25. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə “Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli tibbi göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək əlillik təyinatından imtina edilmişdir. Daha sonra 2022-ci ilin iyun ayında əyani müayinəyə cəlb edilmiş və xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********0 nömrəli qərar qəbul edilmiş, həmin qərar sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir (iddiaçıya sms göndərilmişdir).

26. İddiaçı da iclas zamanı ona əlillik təyinatı barədə müraciəti üzrə sms gəldiyini və 2022-ci ilin iyun ayında ona əlillik təyinatından imtina edildiyini bildiyini göstərmişdir. Qeyd edilən tarixdən təxminən 1 il 4 aydan artıq müddət keçdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və onun əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçı 2021-ci ildə əlilliyin təyinindən imtina aldıqdan sonra müalicədə olmamış və onun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən göndəriş tərtib edilməmiş, əlillik vəziyyətinə baxılmamışdır.

28. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli tibbi göndərişin üzərindən 2 ildən artıq müddət keçdikdən sonra hazırkı halda iddiaçının qiymətləndirilməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi tələb olunur.

29. İddiaçı barəsində sonuncu tibbi göndəriş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla artıq etibarlılıq müddəti keçmişdir. Hazırkı halda etibarlı hesab edilməyən tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı xx.xx.2021-ci il tarixli imtinasının əsaslı olubolmamasının 2024-cü ildə hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz.

30. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).

32. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

34. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Lakin hazırkı halda müddətin buraxılmasından 1 il keçdiyi üçün həmin müddətin bərpasına dair iddiaçı ərizə verə bilməz.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

36. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yəni, iddiaçının yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişi vasitəsilə cavabdeh inzibati orqana müraciət etmək, habelə cavabdeh inzibati orqan imtina etdiyi və bununla hüquqlarının pozulduğunu ehtimal etdiyi halda, yenidən iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında prosessual müddətlərə əməl etməklə məhkəməyə müraciət etmək hüququ vardır.

37. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar