Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-850/2025 12.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Daşkəsən rayon Quşçu Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu, Quşçu kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə ona fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bunun müqabilində həmin torpaq sahəsi üçün nəzərdə tutulmuş 40.00 manat haqq bələdiyyənin X4 rayon filialında olan hesabına ödənilmişdir. Həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Daşkəsən rayon şöbəsinin müvafiq rəyi və arayışı, “Torpaqların Alqı-Satqısına dair” Akt tərtib edilmişdir. Sözügedən torpaq sahəsi həmin vaxtdan bu yana iddiaçının istifadəsindədir. O, alqı-satqı əsasında ona verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi məqsədi ilə cavabdeh DƏDKR 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-Z-0003-8/2023 saylı məktub göndərilərək müraciətə baxılmadığı bildirilmişdir. İddiaçı cavabdeh tərəfindən göstərilən əsaslarla razılaşmadığı üçün Gəncə İnzibati məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2956/2024 nömrəli qərardadı ilə Daşkəsən rayon Quşçu Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2956/2024 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı Daşkəsən rayonu, Quşçu kəndində yerləşən torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-33/1-Z-0003-8/2023 (**********) nömrəli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin əslinin təqdim edilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının ödənilməsi əsasında həyata keçirilir. Bu səbəbdən müraciətin qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmaqla müraciət olunacağı təqdirdə ərizənin qanunamüvafiq qaydada baxılacağı bildirilərək vətəndaşa cavab məktubu ünvanlanmışdır. Vətəndaşlar tərəfindən İdarəyə daxil olan ərizələrin ilk olaraq ekspertizası həyata keçirilir, hüquqmüəyyənedici sənədlərin əsli, müvafiq qaydada təsdiq edilmiş surəti və daşınmaz əmlak üzərində sərəncam verən hüquqi və ya fiziki şəxsin imzası (möhrü) qanunvericilikdə nəzərdə tutulan digər sənədlərin həqiqiliyi yoxlanılır. Bundan sonra inzibati icraat aparılır və icraatın nəticəsində müvafiq qərar qəbul olunur. Göründüyü kimi, iddiaçı öncədən iddia tələbi nəzərdə tutan ərizə ilə inzibati orqana müraciət etməli və nəticə əldə olunmadığı təqdirdə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Lakin həmin şəxs Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində göstərilən şərtlərə riayət etməmişdir. Ərazi İdarəsinin iddiaçıya ünvanladığı məktub inzibati akt kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı hüquqmüəyyənedici sənədlərinin əlavə olunması tövsiyə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Eyni zamanda inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırkı iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Ərazi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırkı tələblə ilkin olaraq cavabdehə rəsmi qaydada müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli protokoldan çıxarışına və qərarına əsasən, Quşçu Bələdiyyəsi fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı 0.06 ha torpaq sahəsinin satılması barədə DT və XK-nin Daşkəsən rayon şöbəsinin hazırladığı sənədlərin nəzərə alınması və Quşçu bələdiyyə fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin arayışından görünür ki, Daşkəsən rayonu ərazisindən Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclas protokoluna əsasən, fərdi yaşayış evi tikintisi üçün İddiaçı satılmış torpaq sahəsi Daşkəsən-Gədəbəy dağlıq zonasına aiddir. Həmin torpaq sahəsi Daşkəsən rayonunun İİ qiymət zonasında olmaqla cəmi 0.06 ha və normativ qiyməti 40.00 (qırx manat 00 qəpik) olmaqla torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, İddiaçı tərəfindən Daşkəsən rayon Quşçu bələdiyyə orqanına xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və İddiaçı Quşçu bələdiyyə ərazisindən 0.06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən X4 rayon filialının **********0 saylı hesabına əvvəlcədən 40.00 (qırx manat 00 qəpik) manat haqq ödənilmişdir. İddiaçı istifadə etdiyi 600.0 kv.m torpaq sahəsinə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazılanmasına dair rəydən görünür ki, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən, Gəncə şəhəri, Gülüstün qəsəbəsində yerləşən ərazidə istifadə etdiyi 600.0 kv.m torpaq sahəsi İddiaçı istifadəsində olmaqla Daşkəsən rayonunun İİ qiymət zonasında yerləşir. Ona görə də, İddiaçı istifadəsində olan 600,0 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsini planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına DT və XK-nin rayon şöbəsi etiraz etmir. AN 121694, **********0202 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, həmin sənəd Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən, İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X5 kitabında xx.xx.2011-ci il tarixdə 1463 nömrəsi ilə uçota alınmışdır. Daşkəsən rayon Quşçu Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,06 ha torpaq sahəsinə aid xx.xx.2007-ci il tarixli, 09 nömrəli protokolundan və qərarından çıxarış, təsdiq olunmuş sənədlərin heç biri bələdiyyə arxivində aşkar olunmamışdır. Bələdiyyədə ödəniş qəbzi aşkarlanmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə baxılması barədə məktubdan görünür ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən əlunmuş qaydada hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin əslinin təqdim edilməsi, habelə qanunvericilikdə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının ödənilməsi əsasında həyata keçirilir. Bu səbəbdən müraciətə qanunvericilikdə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmaqla müraciət ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Torpaq sahəsini planı və ölçüsü” sənədinin tərtib edilməsinə dair məlumat Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamışdır. Daşkəsən rayon Quşçu Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı heç bir torpaq sahəsi satılmamış, həmin alqı-satqı haqqında bələdiyyə arxivində heç bir sənəd aşkarlanmamışdır. Keçmiş bələdiyyələrin hamısının sənədləri Daşkəsən rayon Arxiv İdarəsinə təhvil verilmiş və həmin vətəndaşın adına Arxiv idarəsində heç bir sənəd aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, aparılan araşdırma zamanı torpaq sahəsinin daxilindən 6-10 kV-luq, yaxınlığından isə 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir.
1. Daşkəsən rayonu Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları (X və Y) əks olunmuş plan və ölçü sənədinin mövcud olmaması səbəbindən, sualın cavablandırılması mümkün olmamışdır.
2. Əraziyə baxış keçirilərkən, iddiaçının nümayəndəsi X1 faktiki istifadəsində olan 743.0 kv.m torpaq sahəsinin sərhəd ölçüləri və döngə nöqtələrinin koordinatları naturada (yerində) müəyyən edilmişdir.
3. İddiaçının nümayəndəsi X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan 743.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən Gəncə şəhəri ərazisi, mülkiyyəti bələdiyyə mülkiyyəti, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, təyinatıhəyətyanı (fərdi yaşayış evi) torpaq sahəsidir. Həmin 743.0 kv.m torpaq sahəsi üzərində tikili mövcuddur.
4. İddiaçının nümayəndəsi X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan 743.0 kv.m torpaq sahəsinin 600.0 kv.m hissəsi, Elektron kadastr sistemi məlumatlarına istinadən kadastr nömrəsi **********0202 olan 600.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
5. İddiaçının nümayəndəsi X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan 743.0 kv.m torpaq sahəsinin 3 metr şimal istiqamətindən hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olunmuş, lakin, həmin elektrik ötürüçü xəttinin gərginliyi barədə məlumat olmadığına görə, mühafizə zonasına düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin 743.0 kv.m torpaq sahəsinin elektron baza materiallarına istinadən, qaz kəmərinin mühafizə zolağına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmamışdır.
6. İddiaçının nümayəndəsi X1 naturada təqdim etdiyi faktiki istifadəsində olan 743.0 kv.m torpaq sahəsinin sərhəd hüdudlarının daxilindən cənub istiqamətindən hava elektrik ötürücü xətti keçir. Lakin, torpaq sahəsinin daxilindən (yerin altından) elektrik xəttinin keçməsinə münasibət bildirmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Daşkəsən Rayon Dövlət arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Daşkəsən rayon Quşçu bələdiyyəsinin rayon arxivində mühafizə olunan 109№-li fondu yoxlanılmış, sənədlər yoxlanılan zaman məlum olmuşdur ki, həmin bələdiyyənin vətəndaş İddiaçı torpaq ayrılması barədə xx.xx.2007-ci il tarixli 09 №-li qərarı rayon arxivinə təhvil verilməmişdir. Daşkəsən rayon Quşçu Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin 2007ci il üzrə qərar və protokolları hal-hazırda yeni yaradılmış Daşkəsən rayon Quşçu bələdiyyəsinin arxivində mövcud deyildir. Odur ki, qeyd edilən Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı protokol qərarın qüvvədə olub-olmaması, yaxud həmin qərarın etibarsız hesab edilməsi barədə heç bir məlumat yoxdur. Bələdiyyədə olan məlumata görə əvvəlki illərin protokol və qərarları Daşkəsən rayon Dövlət Arxivinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərkəzin arxivində AN 121694 (KOD **********0202) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin arxiv nüsxəsi aşkar edilməmişdir. Sənədin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin surəti təqdim edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X2 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi
3. DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli 548 nömrəli Fərmanı
2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə
7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş, qeyd etmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin daxilindən 6-10 kV-luq, yaxınlığından isə 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. İş materiallarında olan Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli protokoldan çıxarışından və qərarından görünür ki, Quşçu Bələdiyyəsi fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı 0.06 ha torpaq sahəsinin satılması barədə DT və XK-nin Daşkəsən rayon şöbəsinin hazırladığı sənədlərin nəzərə alınması və Quşçu bələdiyyə fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin arayışından görünür ki, Daşkəsən rayonu ərazisindən Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclas protokoluna əsasən, fərdi yaşayış evi tikintisi üçün İddiaçı satılmış torpaq sahəsi Daşkəsən-Gədəbəy dağlıq zonasına aiddir. Həmin torpaq sahəsi Daşkəsən rayonunun İİ qiymət zonasında olmaqla cəmi 0.06 ha və normativ qiyməti 40.00 (qırx manat 00 qəpik) olmaqla torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, İddiaçı tərəfindən Daşkəsən rayon Quşçu bələdiyyə orqanına xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və İddiaçı Quşçu bələdiyyə ərazisindən 0.06 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən X4 rayon filialının **********0 saylı hesabına əvvəlcədən 40.00 (qırx manat 00 qəpik) manat haqq ödənilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin müvafiq normalarına əsasən, bələdiyyə tərəfindən qəbul edilmiş qərar, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsi barədə verdiyi rəy, torpaqların alqı-satqısına dair akt hazırda mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Cavabdehin imtinası ilə bağlı qeyd olunmalıdır ki, məhkəməyə təqdim olunmuş mütəxəssis rəyindən gönünür ki, iddiaçının nümayəndəsinin naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin 3 metr şimal istiqamətindən hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olunmuş, lakin, həmin elektrik ötürücü xəttinin gərginliyi barədə məlumat olmadığına görə, mühafizə zonasına düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin rəydə qeyd edilmişdir ki, torpaq sahəsinin sərhəd hüdudlarının daxilindən cənub istiqamətindən hava elektrik ötürücü xətti keçir. Lakin həmin elektrik ötürücü xəttinin gərginliyi barədə də rəydə heç məlumat göstərilməmişdir. Bundan başqa mütəxəssis rəyində iddiaçının nümayəndəsinin naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin 600.0 kv.m hissəsinin Elektron kadastr sistemi məlumatlarına istinadən kadastr nömrəsi **********0202 olan 600.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi məhkəmə tərəfindən sorğu edilmiş və həmin sənədin məhz iddiaçının adına olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab ki, cavabdehin imtinası qanunsuzdur. Odur ki, iddia təmin edilməli, Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva