Məhkəmə qərarları › İş №2-1(114)-851/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-851/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-851/2023 23.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pay torpaq sahəsinin verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və atası X1 pay torpağının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdam Rayon Paşabəyli kənd sakini olsa da kənd islahat işləri olarkən pay torpaqları paylanarkən, ona və valideyni X1 pay torpaq verilməmişdir. Hətta bununla bağlı dəfələrlə o Ağdam İcra Aparatına müraciət etsə də bu barədə ona heç bir köməklik olunmamışdır. X5 Heydər Əliyev 1996-cı ildən kəndliyə pay torpağı verilməsi barədə sərəncam imzalamışdır. Hər bir kənd sakininə pay torpaq verilmiş, ancaq ona və mərhum atasına pay torpağı verilməmişdir .Bunun üçün də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etsə də bununla bağlı məhkəməyə müraciət etməyi ona bildirilmişdir. Hesab edir ki, cavabdeh olan quruma həvalə olunması məqsədə uyğundur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri bardə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “atası X1 pay torpaq sahəsinin verilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Ağdam rayonu Xındırıstan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 47 nömrəli məktubu; - AZ-İ 920325 nömrəli “ölüm haqqında” şəhadətnamənin surəti; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin arayışı; - Cavabdeh başçısının birinci müavininin xx.xx.2023-cü il tarixli, 5-31/2-288-2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 5-31/2-473-2023 nömrəli məktubları; - Cavabdeh başçısının müavininin xx.xx.2022-ci il tarixli, 215/Ə.İ nömrəli məktubu. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinad edərək ona verilməmiş pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdeh orqan iş materiallarında olan məhkəməyə ünvanladığı məktubunda iddiaçıya pay torpaq sahəsinin hansı səbəbdən verilməməsi barədə məlumatın olmadığı və bunun cavabdehin səlahiyyətləri xaricində olması bildirilmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydaları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun:- -12.1-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. -13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. -20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikasında torpaq islahatı müvafiq aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X3 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və qeyd olunan X2 Komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:- -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5 maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -7.3 maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə verilir. -9.1 maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -20.1 maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Göründüyü kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda, eləcə də bu sahədə münasibətləri tənzimləyən qanunvericilik aktlarında torpaq islahatı zamanı torpaq payı almayan vətəndaşlara əvəzsiz torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır, eyni zamanda Cavabdeh Aqrar İslahat Komissiyalarının hüquqi varisi olmadığından onun həmin orqan tərəfindən iddiaçıya pay torpaq sahəsi ayırmaq öhdəliyi də yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı pay torpaq sahəsinin verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar