Məhkəmə qərarları › İş №2-1(114)-854/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-854/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-854/2025 24.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçının və üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçının (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsi) qarşı “torpaq sahəsinin və onun üzərində olan tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: “Farforist” bağçılıq yoldaşlıq birliyinin birgə iclasının protoklundan çıxarışa əsasən xx.xx.1993-cü il tarixli, 04№li protokol əsasında Avtozavod ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 450 kv.m torpaq sahəsi bağ evi üçün ayrılmışdır. “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1993-cü il tarixli, 34 nömrəli arayışı ilə müəyyən edilir ki, həqiqətən Gəncə Şəhər İcra başçısının xx.xx.1993-cü il tarixli, 46 nömrəli sərəncamına əsasən Avtozavod ərazisində ona bağ sahəsi 450 kv.m olan 17X27 nömrəli məhəllədə 11B nömrəli torpaq sahəsi ayrılmışdır. İddiaçıya “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1993-cü il tarixli 04 saylı protokolundan çıxarışa əsasən bağçılıq üçün 450 kv.m torpaq sahəsi ayrılmışdır. Bu barədə A seriyalı 295069 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2009-ci il tarixdə 2290 nömrə ilə uçota alınmışdır. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-4418/2024 nömrəli imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi aşkar edilmişdir.Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, bələdiyyə xəritəsinə əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtina etməsi onun hüquqlarını pozan və mülkiyyət hüququnun istifadə edilməsinə məhdudiyyət yaradan hərəkət hesab edib aradan qaldırılması və cavabdeh orqana qanuni istifadəsində olan Avtozavod ərazisində yerləşən 450 kv.m olan torpaq sahəsinin və onun üzərində olan tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır:

1. Naturada təqdim olunan faktiki istifadə sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında-bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasina aid həyətyanı sahə olaraq göstərilmişdir.

2. Elektron kadastr bazası materiallarına istinadən naturada təqdim olunan torpaq sahəsi üzərində başqa şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınmadığı müəyyən olundu.

3. Torpaq sahəsinin kommunikasiya və digər sahələrin mühafizə və qorunma zonalarına düşmə halı aşkarlanmadı.

4. Elektron kadastr bazası materiallarına istinadən naturada təqdim olunan torpaq sahəsi üzərində başqa şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınmadığı müəyyən olundu.

5. Naturada təqdim olunan faktiki istifadə sahəsinin koordinatları, rəyə əlavə olunmuş ortofoto gürüntüsü də əks olunmuşdur. Qeyd edək ki, naturada təqdim olunan faktiki istifadə sahəsi ilə, İddiaçı adına tərtib olunmuş A 295069 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi arasında uyğunsuzluq halı mövcuddur. 6.Elektron kadastr bazası materiallarında, sözügedən torpaq sahəsinin xx.xx.1993-cii il tarixdə hansı kateqoriyaya aid olması barədə məlumat aşkarlanmadı. 7.Rəy hazırlanarkən, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinad edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,faktiki istifadə vəziyyətinə uyğun olaraq 450 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və faktiki istifadə etdiyi 450 kv.m torpaq sahəsinin torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının və üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsinin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olumasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsinin nümayəndəsi X2 torpaq sahəsinin iddiaçının adına qeydə alınmasına dair qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1993-cü il tarixli 04 saylı protokolundan çıxarışa əsasən bağçılıq üçün 450 kv.m torpaq sahəsi ayrılmış, bununla bağlı A seriyalı 295069 nömrəli torpaq sahəsinin planı və ölçüsünü tərtib edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Eyni zamanda məhkəmənin 18 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən mütəxəssis rəyini tərtib edən mütəxəssis Həsənov Sevindik izahatında bildirmişdir ki, iddiaçının plan ölçü sənədində qeyd edilən ərazidə uyğunsuzluq var, lakin iddiaçının naturada təqdim etdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi üzərində başqa şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir və naturada təqdim edilən və faktiki istifadə edilən ərazi Nizami Rayon Bələdiyyəsinin ərazisidir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək faktiki istifadə vəziyyətinə uyğun olaraq 450 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və faktiki istifadə etdiyi 450 kv.m torpaq sahəsinin torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir və mütəxəssisin də izahatından məlum olmuşdur ki, faktiki istifadədə olan 450 kv.m torpaq sahəsinə münasibətdə başqa şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı faktiki istifadə etdiyi 450 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və faktiki istifadə etdiyi 450 kv.m torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar