Məhkəmə qərarları › İş №2-1(114)-855/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-855/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-855/2021 15.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Xocalı Rayon İcra Hakimiyyətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Xocalı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 30.03.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Xocalı Rayon İcra Hakimiyyətinin 17.03.2021-ci il tarixli, 13 nömrəli əmrinin ləğv edilməsi, onun Xocalı Rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi vəzifəsində məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilməklə işə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 15 ildən çoxdur ki, Xocalı Rayon İcra Hakimiyyətinin Aparatında müxtəlif vəzifələrdə xidmət etmişdir. Son vəzifəsində, yəni Xocalı Rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi vəzifəsindən 17.02.2021-ci il tarixdə İcra Hakimiyyətinin 13 nömrəli əmri ilə azad olunmuş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 19.02.2021-ci il tarixdə portala yerləşdirilmişdir. İcra Hakimiyyətində başqa şöbələr hesabına vakant vəzifələrə 2-ci vətən müharibəsinin qaziləri sırasından təyinatlarla əlaqədar iddiaçının uzun illər dövlət qulluğunda xidməti, məcburi köçkün olması, müharibə veteranı statusu, 1995-ci ildən Yeni Azərbaycan partiyasına üzv olması nəzərə alınmadan xidmətdən azad edilmişdir. İddiaçı hesab edir ki, onun işdən azad edilməsi qanunsuz olmuşdur. Məhkəmənin 25.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Xocalı Rayon İcra Hakimiyyətinə qarşı “Xocalı Rayon İcra Hakimiyyətinin 17.02.2021-ci il tarixli, 13 nömrəli əmrinin ləğv edilməsi, onun Xocalı Rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi vəzifəsində məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilməklə işə bərpa edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən nümayəndəliyində işləmiş, fəaliyyəti ona verilən tapşırıqlara əsasən orqanlara sənədlərin çatdırılması və əksinə onların sənədlərinin Rayon İcra Hakimiyyətinə çatdırılmasından ibarət olmuşdur. İşdən çıxarılmasının səbəbi mənzil şəraitinin pis olması ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etməsi, bu halın Rayon İcra Hakimiyyətinin başçısının xoşuna gəlməməsi olmuşdur. Həmçinin ixtisara düşməzdən əvvəl, eləcə də sonra Rayon İcra Hakimiyyəti tərəfindən ona hər hansı iş təklifi edilməmişdir. İddiaçının vəkili Vəkil1 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı Xocalı rayonundan məcburi köçkün olmasına və müharibə veteranı olmasına baxmayaraq cavabdeh tərəfindən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməmiş, əlavə olaraq bilirmişdir ki, o, Xocalı Rayon İcra Hakimiyyətində İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyir, hazırda şöbədə ondan əlavə 4 nəfər işçi var, bunlardan biri müavin, digərləri isə baş məsləhətçidir, 3 nəfər baş məsləhətçinin 1-i qadın, 2-si isə kişidir, kişi işçilərin yaşı 30-40 yaş arasındadır, 4 nəfər işçinin hamısı məcburi köçkündür və onların arasında müharibə veteranı olan yoxdur. Rayon İcra Hakimiyyəti iddiaçını işdən azad etmək niyyəti olmamış, sadəcə Azərbaycan Respublikası Prezidentinin 07.01.2021-ci il tarixli Fərmanına əsasən iddiaçının tutduğu ştat vahidi ixtisara düşmüşdür. Şöbənin əməkdaşları peşə biliklərinə, kollektivlə işləmək bacarığına, işə yaradıcı yanaşma qabiliyyətinə və verilmiş tapşırıqların icrası səviyəsinə görə qiymətləndirmiş və qiymətləndirməni tək özü aparmışdır. Həmçinin o, iddiaçıya Aşağı Ağcakənd qəsəbəsi üzrə nümayəndəlikdə baş məsləhətçi kimi işləməsini təklif etmiş, lakin sonuncu bu təklifi qəbul etmədiyinə görə onun ixtisara salınması məqsədəuyğun hesab edilmişdir. Məhkəmə araşdırması dövründə Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə iddiaçı Rayon İcra Hakimiyyətinə dəvət edilmiş və söhbət zamanı iddiaçı rayonda evlə təmin ediləcəyi təqdirdə rayon icra hakimiyyətində işləyə biləcəyini bildirmiş, lakin Rayon İcra Hakimiyyətinin hər hansı şəxsi evlə təmin etmək imkanı və səlahiyyəti olmadığına görə aralarında razılaşma baş tutmamışdır. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməmiş, əlavə olaraq bilirmişdir ki, şöbənin müdiri Lamiə Qarayeva şöbənin əməkdaşlarını qiymətləndirərək Rayon İcra Hakimiyyətinin başçısına təqdim etmiş, həmin sənəd başçı tərəfindən təsdiq edilmiş, iddiaçı ən aşağı balla qiymətləndirildiyinə görə ixtisara düşmüşdür. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -18.09.2001-ci il tarixli, 064184 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. -AA 270740 nömrəli 06.08.2012-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkün düşmüşdür. -Xocalı Rayon İcra Hakimiyyəti başçısının 17.02.2021-ci il tarixli, 13 nömrəli əmrinin surətindən görünür ki, Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai, siyasi və humanitar məsələlər şöbəsində bir ştat vahidinin ixtisara düşməsi ilə bağlı həmin şöbənin baş məsləhətçisi İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli 1246 nömrəli Fərmanına əsasən Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Fərmanın 1.11.2-ci bəndinə əsasən İctimai, siyasi və humanitar məsələlər şöbəsində bir ştat vahidinin azaldılması nəzərdə tutulmuş, cavabdeh tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1.3-cü maddəsinə əsasən haqlı olaraq həmin şöbədə çalışan 5 nəfər işçinin qiymətləndirilməsi aparılmışdır. İddiaçının xidməti fəaliyyəti 3 balla, digər əməkdaşlar isə 4-4.3 balla qiymətləndirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, qiymətləndirilən 5 nəfər əməkdaşın hər biri Xocalı rayonundan məcburi köçkün düşmüş şəxslərdir, lakin onlardan 1 nəfər, yəni iddiaçı məcburi köçkün olmaqla yanaşı həm də 1-ci Qarabağ müharibəsi veteranıdır. Digər tərəfdən işdə olan qiymətləndirmə cədvəlində əməkdaşların fəaliyyətinin hansı meyarlara əsasən qiymətləndirilməsi, başqa sözlə məhz iddiaçının nəyə görə digərlərindən daha aşağı balla qiymətləndirilməsi əsaslandırılmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Prezidentin qeyd olunan Fərmanı vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin işlə təmin olunmalarına xidmət edən humanitar bir qərar olmasına baxmayaraq, cavabdeh faktiki olaraq işləyən müharibə veteranını işdən azad etməklə digər eyni imtiyazlı şəxsin işlə təmin edilməsinə yönəlik hərəkət etmişdir. Eyni zamanda işçilər arasında seçim edərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:- -78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. -78.2-ci maddəsinə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Bundan başqa cavabdeh iddiaçının işdən azad edilməsi qənaətinə gələrkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət etməmiş, yəni müəssisənin həmkarlar ittifaqı təşkilatının razılığını almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:- -80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. -80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə müəyyən olunmuşdur ki, Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən 17.03.2021-ci il tarixli, 13 nömrəli əmr verilərkən qanunvericiliyin qeyd olunan tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Xocalı Rayon İcra Hakimiyyətinin 17.02.2021-ci il tarixli, 13 nömrəli əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Xocalı Rayon İcra Hakimiyyəti başçısının 17.02.2021-ci il tarixli, 13 nömrəli əmri ləğv edilsin. İddiaçı Xocalı Rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi vəzifəsinə bərpa edilməsi və 17.02.2021-ci il tarixdən ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi Xocalı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar