Məhkəmə qərarları › İş №2-1(114)-855/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-855/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-855/2023 25.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Nurəddin oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Nurəddin oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən, xx.xx.1980-ci il (2 il, 12 gün) tarixə kimi həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdə Gəncə 1 saylı Şərab zavoduna fəhlə qəbul olunmuş, xx.xx.1982-ci ildə (1 il, 05, 10 gün) işdən azad olunmuşdur, xx.xx.1982-cı il tarixdə Gəncə Əlvan-Metal Emalı zavodunun mis-milli qablar sexində tokar abdurşik işinə qəbul olunmuş, xx.xx.1983-ci il tarixdə həmin sexdə lehimləyici işinə dəyişirilmişdir. xx.xx.1987-ci il tarixdə həmin sexdə briqadir təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə həmin sexdə 2-ci dərəcə lehimləyici növbə ustası təyin edilmiş, xx.xx.2002-ci il tarixdə həmin zavodun mis-milli qablar sexində növbə ustası kimi müvəqqəti məsul növbətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2003-cü il tarixdə həmin zavodun mühafizə şöbəsinə növbələr üzrə böyük gözətçi keçirilmiş, xx.xx.2004-cü il tarixdə həmin zavodun Latun qablar sexinə briqadir keçirilərək, xx.xx.2006-cı il tarixdə öz xahişi ilə işdən azad olunmağı barədə müdiriyyətə ərizə yazsa da, yalnız xx.xx.2006-cı ildə Gəncə Əlvan-Metal Emalı zavodundan işdən azad olunmuşdur. 2006-cı ilin dekabr ayının 1-dən Gəncə X4 Cəmiyyətinə çilingər təyin edilmiş, xx.xx.2022-ci il tarixdən Gəncə X4 Cəmiyyətinin Avadanlıqların təmiri nəqliyyat və xüsusi texnika sahəsində təmirçi-çilingər işinə təyin edilmişdir, hal-hazırda da həmin işdə işləyir. Azərbaycan Respublikası "X8 Emalı" ASC-nin 15 aprel 2022-ci il tarixli nömrəli rəsmi arayışında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarına əsasən İddiaçı Nurəddin oğlu həqiqətən də güzəştli peşə hesab edilən işdə 18 il 11 ay, 20 gün işləmişdir. Belə ki, o xx.xx.1983-cü il tarixdən, xx.xx.1994-ci il tarixə kimi həmin zavodun Mis milli qablar sexində lehimləyici, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixə kimi Mis milli qablar sexində usta işləmişdir. Onun hesablamalarına görə 2006-cı ilin yanvar ayının 1-nə kimi onun həqiqi hərbi xidmətlə birlikdə 28 il, 13 gün ümumi əmək stajı var, onun da 18 il, 11 ay, 20 gününü isə güzəştli peşə hesab edilən işdə işləmişdir. Bu günə kimi isə 45 ildən artıq ümumi əmək stajı vardır. İddiaçı hesab edir ki, güzəştli şərtlərlə pensiya almaq hüququ 2006-cı ilin 1 yanvarından yarandığından ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Bu məqsədlə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı Nurəddin oğlu məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, əmək kitabçasında iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "X8 Emalı" ASC-də briqadir vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının güzəştl iş stajı 12 il 6 aydan az təşkil edir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə, çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı"nda 12100000-16456 kodu üzrə tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən iddiaçının 13 avqust 1981-ci il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "X8 Emalı"ASC-də briqadir vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, "X8 Emalı" ASC-nin 15 aprel 2022-ci il tarixli 27 nömrəli arayışında istinad olunan yuxarıda qeyd olunmuş qərarla təsdiq edilən vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 11 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1992-xx.xx.2001ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Nurəddin oğlu xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş ИТ ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı Nurəddin oğlu xx.xx.1981-ci il tarixdən etibarən müxtəlif müəssisələrdə hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. -“X8 Emalı” ASC-nin xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı Nurəddin oğlu həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Mis milli qablar sexində lehimləyici, xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Mis milli qablar sexində usta peşəsində işləmişdir və həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuşdur. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı Nurəddin oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (12 il 4 ay 11 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1992xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) olduğuna və "güzəştli arayış" təqdim etmədiyinə görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçının pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçının xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1992-xx.xx.2001-ci il tarixləri üzrə 12 il 4 ay 11 gün stajını güzəştli staj kimi nəzərə almışdır. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan “X8 Emalı” ASC-nin xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışı ilə müəyyən olunur ki, iddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Mis milli qablar sexində lehimləyici (1 nömrəli siyahı, 35-ci yarımbölmə, kod 12100000-16456), xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Mis milli qablar sexində usta peşəsində (2 nömrəli siyahı, 136-146-cı yarımbölmə, kod 2150500b-23428; 2150400b-23187) işləmişdir və həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuşdur. Beləliklə, müəyyən olunur ki, müvafiq siyahıda iddiaçının işlədiyi Mis milli qablar sexində lehimləyici və usta peşələri nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan xx.xx.1983cü il tarixdən xx.xx.1987-ci il tarixədək (3 il 8 ay 14 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (1 il 25 gün) və xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək (8 il 8 ay 2 gün) müddətlər üzrə iddiaçının 13 il 5 ay 11 gün güzəştli sığorta stajı öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Beləliklə müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajı ümumilkdə 25 ildən çoxdur, eyni zamanda tələb olunan güzəştli sığorta stajı da (13 il 5 ay 11 gün) mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Nurəddin oğluna hüququ yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar