Məhkəmə qərarları › İş №2-1(114)-855/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-855/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-855/2025 09.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidmətinin X4 Komandanının xx.xx.2023-cü il tarixli, 00716 saylı əmrinin dəyişdirilərək, barəsində “Hərbi vəzifə və xidmət haqqında” AR Qanunun 41.0.5-ci madəsinə (ailə vəziyyətinə görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyata buraxılması barədə əmrin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-2019 cu illərdə Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ilin fevral ayınan N nömrəli hərbi hissənin 11-ci sərhəd zastavasında kiçik gizir rütbəsində xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin X3 nəzdində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarına başlamış, həmin ilin oktybar ayında Cəbrayıl rayonu uğrunda gedən doyüşlərdə ağır yaralanmışdır. Yaralı vəziyyətdə Xudafərin körpüsü və Zəngilan rayonu uğrunda gedən gərgin və ağır döyüşlərdə istirak etmişdir. 25 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonunun Ağbənd kəndi ərazisində gedən döyüşlər zamanı hərəkət etməyi mümkünsüz hala gəldiyinə görə müalicə olunmaq üçün hərbi hospitala göndərilmişdir. Hərbi hospitalda müalicə olunduqdan sonra, N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Ermənistan- Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 2022-ci ilin sentyabr ayının 12-15 tarixlərində baş vermiş silahlı toqquşmalar zamanı ağır döyüşlərdə iştirak etmişdir. Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulmasını təmin etmək üçün xüsusi seçilmiş qrupun tərkibində, buraxılış məntəqəsinin qurulmasında iştirak etmişdir. Xidməti dövründə dəfələrlə mükaftlandırılmış, cənab Ali Baş Komandan tərəfindən "Cəbrayıl və Zəngilanın azad olunması" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. Dövlət Sərhəd Xidmətinin X8 X5 tərəfindən isə "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü və 2-ci dərəcəli" medallarla təltif olunmuşdur. Xidmət etdiyi dövrdə rəhbərlik tərəfindən hər hansı bir ciddi intizam tənbehinə məruz qalmamış, əksinə, dəfələrlə nümunəvi və qüsursuz xidmətinə görə təltif edilmişdir. 2023-cü ilin may ayında o, raport yazaraq, Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli, 377İQ nömrəli qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı bəndinin "d" yarımbəndinə uyğun olaraq, ailə vəziyyətilə əlaqədar olaraq ehtiyata buraxılmağı barədə əmrin verilməsi"nə dair qərar qəbul olunmasını xahiş etmişdir. 19 oktyabr 2023-cü il tarixdə o hərbi hissəyə çağırılmış, işdən azad olunmağı barədə məlumat verilərək, hərbi bileti ona təqdim etmişlər. Lakin, məlum olmuşdur ki, ailə vəziyyətilə əlaqədar olaraq deyil, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən "hərbi xidmətə uyğunsuzluq" səbəbi ilə ehtiyyata buraxılmışdır. O, ailə vəziyyətilə bağlı raport yazaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını istədiyi halda, onu hansı səbəbə xidməti uyğunsuzluğa görə işdən azad etdiklərini soruşduqda, "biz işdən bu maddə ilə azad edirik" cavabını vermişdilər. Bu günə qədər onun işdən azad olunmağı barədə əmrin surəti təqdim olunmamışdır. Sadəcə olaraq arayış təqdim olunmuşdur ki, o Dövlət Sərhəd Xidmətinin X6 Komandanının xx.xx.2023-cü il tarixli, 00716 saylı əmri ilə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. O, hesab edir ki, Dövlət Sərhəd Xidmətinin X6 Komandanının xx.xx.2023-cü il tarixli, 00716 saylı əmri düzgün verilməmiş və həmin əmr dəyişdirilməlidir. Bakı İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(112)-3983/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirmişdir ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 85 ş/h N№-li əmri ilə kiçik gizir hərbi rütbəsi verilərək, Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətini davam etdirmək üçün öhdəlik verilməsi ilə bağlı xidmət müddəti 5 (beş) il müddətində (28 may 2024-cü il tarixədək) uzadılmışdır. Sabiq hərbi qulluqçu R.A.X7 Xidməti X4 Komandanının xx.xx.2023-cü il tarixli, 00716 nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Adıçəkilən əmrdə baş gizir İddiaçı snayper bölməsinin 1-ci qrupunun əməliyyatçı snayperi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilməsi qeyd olunmuşdur. Qoşmaya əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportun surətindən görünür ki, RA. Nəbiyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.06-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə raportla müraciət etmişdir. Baş gizir İddiaçı hərbi hissənin əməliyyat tapşırıqlarına cəlb edilməyən heyətində və ya Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrində xidmət etmək arzusunun olub olmaması soruşulmuş və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra, gələcəkdə Dövlət Sərhəd Xidmətində, hüquq mühafizə orqanlarında və dövlət qurumlarında xidmətə (işə) qəbul edilməsinin mümkünsüzlüyü onun nəzərinə çatdırılmışdır. Bundan əlavə, baş qizir İddiaçı xidməti yükünün çox olduğunu, ailə vəziyyətinin buna uyğun olmadığını, xidmətini davam etdirməsinə ailəsinin razı olmadığını və həmin problemlərin xidməti fəaliyyətinə mənfi təsir etdiyini, gələcək fəaliyyətini mülki həyatda davam etdirmək arzusunda olduğunu bildirərək, Silahlı Qüvvələrin ehtiyatına buraxılmaq arzusundan daşınmadığını qeyd etmişdir. Həmçinin Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədər sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Hakim Komissiyasında şəhadətləndirilməyinə ehtiyac olmamasını və DSX-də hər hansı bir şəxsə qarşı iddiasının olmadığını, ehtiyata buraxıldıqdan sonra Dövlət Sərhəd Xidmətində xidmətə qəbul edilməsi üçün müraciət etməyəcəyini bildirmişdir. İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6- cı maddəsinə (xidməti uyğunsuzluğa qörə) müvafiq olaraq könüllü qaydada raportla müraciət etmiş, həmin raport əsasında inzibati icraat materialları sənədləşdirilmişdir. İddiaçı öz növbəsində heç bir tutarlı əsas olmadan Dövlət Sərhəd Xidmətində xidmət etməkdən imtina etməsi, bağlaşma üzrə 5 il müddətinə (xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü ilədək) götürdüyü öhdəliklərin icra müddəti bitməmiş həmin öhdəliklərdən irəli gələn vəzifələrinin icrasından aşkar şəkildə boyun qaçırması, onunla hərbi hissə rəhbərliyi tərəfindən aparılmış söhbətə əhəmiyyət verməyərək və hərbi hissənin əməliyyat tapşırıqlarına cəlb edilməyən heyətində və ya Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrində xidmət etmək arzusunun olub olmaması soruşulmasına baxmayaraq, ehtiyata buraxılması barədə fikrinin qəti olduğunu bildirməsi, o cümlədən könüllü surətdə xidməti uyğunsuzluğa görə raportla müraciət etməsi nəzərə alınaraq, o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Yuxarıda qeyd olunanlara əssaən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 09 aprel 2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat veriləsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvəlləri N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 4/10 nömrəli təyinat vərəqəsindən görünür ki, İddiaçı “18" oktyabr 2023-cü il tarixdə hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə getməyi əmr edilmişdir. - işə əlavə edilmiş cavabdeh orqan tərəfindən iddia ərizəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 16/4820m/24 nömrəli etiraz ərizəsi; - işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, İddiaçı N nömrəli həri hissənin komandirindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağını, həmçinin Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı təqdirdə təyinat üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilməyi üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağını xahiş etmişdir və Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə bağlı mərkəzi hərbi həkim komissiyasında şəhadətlənməyinə ehtiyacı olmadığını bildirmiş və şəxsi imzası ilə imza etmişdir. - işə əlavə edilmiş arayışın surətindən görünür ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cu il tarixli, 3-38-31/2-929/2023 №-li göndərişinə əsasən Mərkəzi Hərbi-Həkim Komissiyasına müayinəyə göndərilən hərbi qulluqçu baş gizir İddiaçı müayinədən imtina etdiyi üçün (öz arzusu ilə) şəhadətləndirilməyib. - işə əlavə edilmiş arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X2 xx.xx.2023-cü il tarixli, 00716 nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə snayper bölməsinin 1-ci qrupunun əməliyyatçı-snayperi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanılmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın dəyişdirilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X2 xx.xx.2023-cü il tarixli, 00716 nömrəli əmrin surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş gizir İddiaçı snayper bölməsinin 1-ci qrupunun əməliyyatçı-snayperi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanılmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli raportla Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar şəxsi iş materiallarının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilməsi üçün göstəriş verilməsini xahiş etmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə bağlı mərkəzi hərbi həkim komissiyasında şəhadətlənməyinə ehtiyacı olmadığını bildirmiş və şəxsi imzası ilə imza etmişdir. İddiaçı hazırda əmrin əsassız olduğundan dəyişdirilməsini tələb edir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "ailə vəziyəti" ilə bağlı tərxis olmasına dair raport yazdığı halda heç bir əsas olmadan “xidməti uyğunsuzluğa” maddəsi ilə ehtiyata buraxılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Yuxarıda qeyd olunan qanunun 41.0.5-ci maddəsinin İddiaçı tətbiq olunması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin maddənin tətbiqi yalnız qadın və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil olunur. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş raportun surətindən görünür ki, İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6- cı maddəsinə (xidməti uyğunsuzluğa qörə) müvafiq olaraq könüllü qaydada müraciət etmiş, həmin raport əsasında inzibati icraat materialları sənədləşdirilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:

1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.

161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:

3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 30.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təstiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.10.3-cü bəndinə əsasən gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olullar. Həmin Qaydadaların 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. Həmin Qaydaların 3.23-cü bəndinə əsasən hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir. Həmin Qaydaların 3.25.2-ci bəndinə əsasən gizirlər və miçmanlar üçün - 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır; Yuxarıda sadalanan normalarda ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların hansı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları müəyyən edilmişdir ki, onlardan biri də hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətməsi, törətdiyi cinayətlə əlaqədar məhkum olunması, səhətinin xidmətə yol verməməsi, attestasiyanın nəticələrinin mənfi olması və qanunvericiliklə müəyyən olunmuş digər səbəblərlə əlaqədar xidməti uyğunsuzluqla bağlıdır. Nəzərə alınmalıdır ki, İddiaçı üzərinə götürdüyü öhdəliyə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında üzərinə düşən vəziləri 5 il müddətinə yerinə yetircəyinə dair üzərinə öhdəlik götürmüşdür, lakin o,vaxtından əvvəl bağlaşmanın ləğv edilməsini tələb etmişdir. Qeyd olunan bağlaşmanın ləğvi qaydası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir və həmin maddələrin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzuları ilə ehtiyyata buraxıla bilər. Hesab olunur ki, qeyd olunan Qanunun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün nəzərdə tutulmuş hər hansı digər halın İddiaçı mübasibətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq edilməsi düzgün olmazdı. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi vəzifəvə hərbi xidmət haqqında” Əsasnamənin 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin dəyişdirilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar