Məhkəmə qərarları › İş №2-1(114)-859/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-859/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-859/2020 09.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş X3 İdarəsinin Əşya Xidmətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş X3 İdarəsinin Əşya Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək ona ehtiyata buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən almadığı əşya əvəzinə pul kompensasiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1968-1972-ci illərdə X2 Komandanlıq Məktəbində ali təhsil aldıqdan sonra xx.xx.1972-ci ildən xx.xx.1972-ci il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində, o cümlədən xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə kimi Əfqanıstanda, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələri tərkibində Gəncə şəhəri Nizami rayon Hərbi Komissarı kimi xidmət keçmiş, hərbi rütbəsi polkovnik olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995ci il tarixli 01553 saylı əmri ilə zabit rütbəsindən məhrum olunmuş, “Hərbi xidmət haqqında” qanunun 18-ci maddəsinin “ə” bəndinə əsasən, yəni törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında” Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 112 nömrəli əmrinin 56-cı bəndinə və xx.xx.2016-cı il tarixli qərarının 14.1-ci bəndinə əsasən zabit heyətindən olan şəxslər ehtiyata buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyalan əvəzinə pul kompensasiyası almaq hüququna malikdirlər. İddiaçı hesab edir ki, ona Silahlı Qüvvələrdə xidmətə görə son 36 ay ərzində almadığı əşya əvəzinə pul kompensasiyası verilməlidir. Bununla bağlı cavabdehə müraciət etsə də, imtina cavabı verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, polkovnik rütbəsində qulluq etdiyi dövr üçün kompensasiya tələb edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş X3 İdarəsinin Əşya Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 2/2526 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 57-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 15 (on beş) il müddətinə, Azərbaycan Respublikası CM-nin 70-2-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cəzaları birləşdirərək ona qəti cəza əmlakı müsadirə olunmaqla 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.1994-cü il tarixdən hesablanmaqla Azərbaycan Respublikası CM-nin 33-cü maddəsinə əsasən İddiaçı hərbi rütbədən məhrum olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdimat göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 149 nömrəli arayışında göstərilir ki, İddiaçı Nizami rayon Hərbi Komissarı vəzifəsində xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 01553 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “ə” bəndinə əsasən (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiklərinə görə) zabit rütbəsindən məhrum edilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2016-cı il tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dinc dövürdə əşya təminatı haqqında Əsasnamə”nin 14.1-ci maddəsinə əsasən zabit heyətindən olan şəxslər, gizirlər (miçmanlar), qadın hərbi qulluqçular və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququna malik olması göstərilmiş, lakin iddiaçı polkovnik hərbi rütbəsindən əsgər hərbi rütbəsinə endirilməklə ehtiyata buraxıldığı üçün əşya əmlakı əvəzinə pul kompensasiyası ödənilmir. Bu səbəbdən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 01553 nömrəli əmrinin surətindən görünür ki, polkovnik İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “ə” bəndinə əsasən (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiklərinə görə) zabit rütbəsindən məhrum edilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 488 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Gəncə şəhər Nizami rayon Hərbi Komissarı vəzifəsində polkovnik rütbəsində zabit qismində xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 01553 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “ə” bəndinə əsasən (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiklərinə görə) zabit rütbəsindən məhrum edilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. -Həmin şöbənin xx.xx.2020-ci il tarixli, 149 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 01553 nömrəli əmri ilə ehtiyata buraxılarkən əsgər hərbi rütbəsində olmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş X3 İdarəsinin Əşya Xidmətinin xx.xx.2020-ci il tarixli, 65 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı polkovnik hərbi rütbəsindən əsgər hərbi rütbəsinə endirilməklə ehtiyyata buraxıldığı üçün əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “ə” bəndinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan və səhhətinə görə dinc dövrdə və ya müharibə dövründə hərbi xidmətə yararlı olan hərbi qulluqçular törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildikdə həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Yuxarıda qeyd olunan maddi hüquq normasının tələbindən görünür ki, hərbi qulluqçular əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2016-cı il tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dinc dövürdə əşya təminatı haqqında Əsasnamə”nin 14.1-ci maddəsinə əsasən zabit heyətindən olan şəxslər, gizirlər (miçmanlar), qadın hərbi qulluqçular və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququna malikdirlər. Qeyd olunan Əsasnamənin 14.1-ci maddəsi isə ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququ olan hərbi qulluqçuların konkret dairəsini müəyyən etmişdir. Maddənin məzmunundan da görünür ki, həmin kateqoriyadan olan pul kompensasiyasını almaq hüququna ehtiyata və istefaya buraxılarkən zabit heyətindən olan şəxslər, gizirlər (miçmanlar), qadın hərbi qulluqçular və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları malikdir. İşin faktiki hallarından da görünür olur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 01553 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “ə” bəndinə əsasən (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə) zabit rütbəsindən məhrum edilmiş və əsgər qismində ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş X3 İdarəsinin Əşya Xidmətinə qarşı kompensasiyanın ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar