Məhkəmə qərarları › İş №2-1(114)-86/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-86/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-86/2021 06.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X13, Cəmiyyətin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə “10.04.2020-ci il tarixli, **********198905 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra mətndə 14 saylı Ərazi Vergilər İdarəsi) 10.04.2020-ci il tarixli, **********198905 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (bundan sonra mətndə "xxxx" MMC) 2017-2019-cu illər üzrə ümumilikdə 885111,6 manat vergi məbləğinin azaldılması müəyyən edilmiş və həmin məbləğə 443320,51 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qeyd olunan qərarla razılaşmayan "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 10.04.2020-ci il tarixli, **********198905 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 24.05.2019-cu il tarixli **********183737 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-yə 2016 – İ rüb 2019 dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama 10.06.2019-cu il tarixdə başlanmış və 20.02.2020-ci il tarixdə bitmişdir. Yoxlama 4 halda cəmi 130 gün dayandırılmış, 2 halda isə cəmi 60 gün uzadılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi 20.02.2020-ci il tarixli, **********187116 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya 2018-ci ilə mənfəət vergisi üzrə 655996,08 manat, əlavə dəyər vergisi üzrə 66600,03 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 686 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 161829,49 manat, ümumilikdə 885111,6 manat əlavə vergi məbləği hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən (vergilərin azaldılmasına görə) 442555,8 manat, 58.6-cı maddəsinə əsasən (malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə) 524,70 manat, VM-nin 57.1-ci maddəsinə əsasən (vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə) 240 manat, ümumilikdə isə 443320,51 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarı tamamilə əsassız və qanunsuz hesab edirlər ona görə ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 20.02.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, müəssisə tərəfindən hesabat ili ərzində gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənədlər təqdim edilmədiyindən və bu səbəbdən əldə edilmiş mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından vergi ödəyicisinin mənfəəti Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək mənfəət vergisi hesablanmışdır. Yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin sənədləri vergi orqanına təqdim edilməsinə baxmayaraq xərc sənədləri nəzərə alınmadan əldə edilmiş gəlir vergi orqanı tərəfindən Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən şərti rentabellik faizi tətbiq edilərək hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na və həmin Qərara dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 04 aprel 2003-cü il tarixli 42 saylı Qərarına əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini hesablayır. Vergi ödəyicisinin (xarici hüquqi şəxslərdən başqa) mənfəəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Prezidentinin 30.08.2000-ci il tarixli, 393 nömrəli Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 11-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 noyabr 2003-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tələbinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən norma vergi orqanın üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanun bu norması imperativ xarakterə malikdir. Müəssisənin 2018-ci ildə əldə etdiyi gəlirlərlə bağlı xərc sənədləri mövcuddur və məhkəməyə təqdim olunacaqdır. Bundan başqa, müəssisənin yoxlamanın nəticəsinə (onun xeyrinə) təsir edəcək, xərc sənədlərini vergi orqanının əməkdaşlarına təqdim etməməsi ağlabatan və inandırıcı deyildir. Vergi orqanı tərəfindən sənədlərin təqdim edilməsindən imtina olunması barədə tərtib olunmuş aktların imzalanmasından müəssisə rəhbərliyi tərəfindən imtina olunması buna bariz nümunədir. Çünki müəssisənin bütün xərc sənədləri mövcuddur. Bu baxımdan vergi orqanının səyyar vergi yoxlaması aktında gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərini təsdiq edən sənədlər təqdim edilmədiyindən, müəssisənin gəlirinin əldə edilməsi ilə bağlı xərclərin, eləcə də mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergilərin hesablanmasına dair dəlili ilə razılaşmırıq. Bundan başqa cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergi hesablanması qaydasını konkret müəyyən etdiyi halda, səyyar vergi yoxlaması zamanı bu qaydaya riayət etməmişdir. Halbuki,Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarının 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Sadalanan normalardan aydın olduğu kimi, vergi orqanı vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablayır. Göründüyü kimi, cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən, yəni əlaqəli məlumatları əldə etmədən birbaşa Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları tətbiq etmişdir. Bundan başqa, Səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, vergi orqanı tərəfindən əlavə dəyər və ödəmə mənbəyində tutulan vergilər üzrə əlavə vergi məbləğlərinin hesablanması zamanı Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən 12 fevral 2020-ci il tarixli **********225200 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə istinad edilmişdir. Həmin əlavə vergi məbləğlərinin düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün ilk növbədə mütəxəssis rəyinin mötəbər olub-olmaması aydınlaşdırılmalıdır. Mütəxəssis rəyindən görünür ki, mütəxəssis araşdırması aparılmasını cəmi 1 (bir) vərəqdə qeyd etməklə kifayətlənmişdir. Həmin araşdırma zamanı gəldiyi nəticədə müəyyən rəqəmlər qeyd etmişdir ki, bu rəqəmlərin haradan götürülməsi, necə müəyyən edilməsi, hansı mənbədən əldə edilməsi müəyyən olmamaqla ümumiyyətlə əsaslandırılmamışdır. Belə olan halda hesab edirik ki, mütəxəssis rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilə və düzgün nəticə kimi qiymətləndirilə bilməz. Buna görə də həmin rəyə istinadən hesablanmış əlavə vergi məbləğləri də düzgün hesablanmış kimi qəbul edilə bilməz. Göstərilənlərdən savayı, Səyyar vergi yoxlamasının 5-ci və 6-cı səhifələrindən görünür ki, vergi orqanı tərəfindən mütəxəssis ilk olaraq "xxxx" MMC-dən dəvət edilmiş, vergi orqanı tərəfindən dəfələrlə əlaqə saxlanmasına baxmayaraq mütəxəssis tərəfindən rəyin təqdim edilməsi təmin edilməmişdir. Bundan sonra vergi orqanı tərəfindən Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən müətəxəssis dəvət edilmiş və həmin mütəxəssis tərəfindən rəy verilmişdir. Lakin cəmiyyət tərəfindən aparılmış araşdırma zamanı aktda göstərilən halın belə olmadığı və həqiqətin tamam ayrı olduğu müəyyən edilmişdir. Belə ki, cəmiyyət tərəfindən bu halın aydınlaşdırılması ilə bağlı "xxxx" MMC-yə teleqramla müraciət edilmiş, "xxxx" MMC tərəfindən verilmiş məlumatda isə rəyin hazır olduğu, onun elektron variantının vergi orqanına təqdim olunduğu, lakin vergi orqanı tərəfindən mütəxəssisin gəldiyi nəticə onları qane etmədiyi üçün (həmin rəy əsasında hesablanacaq əlavə vergi məbləğlərinin cəmiyyətin elan etdiyi vergi məbləğlərindən cüzi fərq edəcəyinə görə) və rəyin dəyişdirilməsinin mümkün olmaması səbəbindən həmin rəyin alınmasından imtina edilmiş və Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyindən uydurma rəy alınmışdır. Eyni zamanda, vergi orqanı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən rəyin verilməməsi ağılabatan deyildir. Bu hal da Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin müətəxəssis rəyinin vergi orqanının sifarişi əsasında uydurma rəqəmlərlə verilməsini təsdiq edir. Halbuki, cavabdeh inzibati orqan inzibati icraat zamanı öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməli, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, inzibati aktı qəbul edərkən onun doğruluğuna və əsaslılığına şüphə doğura biləcək bütün halları ortadan qaldırmalı, icraat iştirakçılarının təqdim etdiyi izahat və sübutlarla kifayətlənməməli, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı və nəticədə tam obyektiv, qanuni və əsaslı inzibati akt qəbul etməli idi (“İnzibati icraat haqqında” Qanunun 22.1, 24.1-24.4-cü maddələr). Göstərilənlərdən başqa Vergi Məcəlləsinin 38.2, 49.2, 49.5, 53.3 və 54.0.2-ci maddələrinin tələblərinə baxmayaraq, işin materiallarından görünür ki, səyyar vergi yoxlamasının müddəti iki dəfə uzadılmış, dörd dəfə isə dayandırılmışdır. Halbuki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, 22.07.2019-cu il tarixli qərarla yoxlamanın müddəti 30 iş günü və 29.08.2019-cu il tarixli qərarla 30 iş günü uzadılmış, 07.10.2019-cu il tarixli qərarla yoxlamanın müddəti 32 iş günü, 07.11.2019-cu il tarixli qərarla 30 iş günü, 06.12.2019-cu il tarixli qərarla 36 iş günü və 10.01.2020-ci il tarixli qərarla 32 iş günü dayandırılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə səyyar vergi yoxlamasının keçirilməsi müddəti müstəsna hallarda və yalnız yuxarı vergi orqanının qərarına müvafiq olaraq artırıla bilər. İşin materiallarından görünür ki, 10 iyun 2019-cu il tarixdə başlanılmış səyyar vergi yoxlaması 14 saylı Ərazi Vergi İdarəsinin rəisinin qərarları ilə, yəni vergi yoxlamasını aparan vergi orqanının özü tərəfindən artırılmışdır. Bununla da vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbi pozulmuşdur. Halbuki, həmin norma əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş hüquqi aktlarda (Əsasnamələrdə, Nizamnamələrdə, Qaydalarda və s.) həmin normada təsbit ediləndən fərqli qaydalar nəzərdə tutula, yaxud fərqli qaydalar həmin normanı əvəz edə bilməz. Odur ki, 14 saylı Ərazi Vergilər İdarəsinin hərəkətləri qanunun tələblərinə cavab vermədiyindən qeyri-qanuni hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X21 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflərindən hər bir sənəd məhkəməyə təqdim edildiyi kimi cavabdeh inzibati orqana da təqdim olunmuş, lakin heç bir əsas olmadan sənədlərin təqdim edilməməsi barədə imtina aktı tərtib edilərək təqdim olunan heç bir sənədə hüquqi qiymət verilməmişdir. İşdə olan ekspertiza rəyindən də məlum olur ki, tərəflərindən məhkəməyə və ekspertiza mərkəzinə təqdim olunmuş sənədlər araşdırılmış və hər hansı vergi məbləğinin azaldılması müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, izahatında bildirdi ki, yoxlama əsasında qəbul edilmiş 10.04.2020-ci il tarixli, **********198905 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın təhlili göstərir ki, səyyar vergi yoxlamasının aparılmasında ciddi nöqsanlara yol verilmiş, yoxlama açıqdan-açığa qərəzli olaraq səthi və natamam aparılmışdır. Halbuki, Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, habelə qanunvericilikdən irəli gələn digər vəzifələri yerinə yetirməyə borcludurlar. Göründüyü kimi vergi məcəlləsinin yuxarıda qeyd edilən tələblərinə əsasən vergi yoxlamaları, o cümlədən də səyyar vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları tam və hərtərəfli aydınlaşdırmalıdırlar. Lakin yuxarıda qeyd olunan qərara əsasən vergi orqanı tərəfindən düzgün olmayan akt tərtib edilmişdir. Belə ki, qanuni işləyən bir müəssisə olaraq, iddiaçı tərəfindən rəsmi qaydada mallar alındığı, bütün vergilər tərəfindən vaxtı-vaxtında ödənildiyi, vergi yoxlayıcıları lazımı sənədlərlə təmin etdikləri və vergi yoxlayıcıları heç bir ciddi nöqsan tapmadıqları halda, nədənsə yoxlamanın müdddəti 7 (yeddi) aya qədər təkrar-təkrar əsassız olaraq uzadılmış və nəticədə məsuliyyətə cəlb edilmə ilə bağlı qərar qəbul edilmişdir. Hesab edirlər ki, bu uzadılmalar şirkətin fəaliyyətinə ciddi zərər vurmuş, bu 6 ay ərzində vergi yoxlayıcıları dəfələrlə müəssisədə olmuş, kassa və sənədləri yoxlamışlar. Əlavə olaraq, çoxlu sayda sənədlər tələb olunmuş və bütün sənədlər deyilən tərzdə və deyilən vaxtda vergi orqanına təqdim edilmişdir. Bütün bu dövr ərzində vergi işçisinin də şirkətin fəaliyyətinin yoxlanılmasına ədalətli yanaşacağına ümid edərək, vicdanlı əməkdaşlıq mövqeyi tutulmuş, hər dəfə vergi yoxlayıcısının yoxlamanı uzatma ilə bağlı xahişi də geri çevrilməmiş və mütəxəssisə təyin olunan yoxlamanı aparmaq üçün bütün lazımi materiallar təqdim olunmuş, çatışmayan sənədlər gec əldə olunmaması məqsədilə e-mail vasitəsi ilə göndərilmişdir. Yoxlama zamanı heç bir ciddi nöqsanın aşkarlanmadığı tərtib olunmuş aktdan və mütəxəssis rəyindən də görünür. Bütün fəaliyyəti rəsmi sənədlər üzərindən həyata keçən şirkətin yoxlama müddətinin 7 ay ərzində dəfələrlə əsassız olaraq uzadılması cavabdehin şirkətə qəsdən maddi və mənəvi zərər vurmaq və psixoloji təzyiq göstərmək məqsədi daşımışdır. Aparılan səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə idarənin 05 avqust 2019-cu il tarixli, **********189203 nömrəli Mütəxəssisin dəvət edilməsi haqqında Qərarı ilə "xxxx" MMC-dən X9 mütəxəssis kimi dəvət edilmiş, sonuncu tərəfindən mütəxəssis rəyinin hazırlanması üçün tələb olunmuş bütün sənədlər və məlumatlar şirkət tərəfindən vaxtında və tam təqdim edilmişdir. Mütəxəssis rəyinin hazırlanması dövründə iddiaçıya, mal-material və yanacaq xərcinin müəyyən edilməsinin qeyri-mümkünlüyü barədə nə vergi yoxlayıcıları, nə də mütəxəssis tərəfindən heç bir qeyd və ya irad bildirilməmiş, bununla bağlı şirkətə əlavə heç bir sorğu göndərilməmişdir. Bunun əksinin sübut edilməsi vəzifəsi isə cavabdehin üzərində olsa da, bu günə kimi heç bir sübut təqdim etməmişdir. Bununla belə, 14 saylı Ərazi Vergilər İdarəsinin şirkətə ünvanladığı 8 oktyabr 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, idarənin 29 avqust 2019-cu il tarixli, **********189203 nömrəli Mütəxəssisin dəvət edilməsi haqqında Qərarı ilə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən /VÖEN **********/ X6 əlavə mütəxəssis kimi dəvət edilmiş, sonuncu ilə 7 iş günü ərzində mütəxəssis rəyinin hazırlanması üçün 29.08.2019-cu il tarixində müqavilə bağlanmış və 5 ay sonra, yəni 29.01.2020-ci il tarixində hazırlanan mütəxəssis rəyi idarəyə təqdim edilmişdir. Yaqubov Hüsaməddin idarəyə təqdim etdiyi mütəxəssis rəyində mal-material və yanacaq xərcinin müəyyən edilməsinin imkan daxilində olmadığını bildirmişdir. Qeyd edək ki, Yaqubov Hüsaməddin tərəfindən mütəxəssis rəyinin hazırlanması dövründə şirkətə mal-material və yanacaq xərcinin müəyyən edilməsinin qeyri-mümkünlüyü barədə nə vergi orqanı, nə də mütəxəssis tərəfindən heç bir məlumat və ya irad bildirilməmiş, bununla bağlı şirkətə əlavə heç bir sorğu göndərilməmişdir. Halbuki şirkət tərəfindən bütün alış sənədlərinin, o cümlədən mal və material alışı ilə bağlı bütün müqavilələrin, gömrük bəyannamələrinin və invoysların (VHF) surətləri vergi orqanına təqdim edilmiş, eyni zamanda bu sənədlər internet vergi idarəsinin bazasında da mövcuddur. Hesab edirlər ki, qeyd olunan bu sənədlər əsasında şirkətin yoxlanılan dövr ərzində mal-material və yanacaq xərcini müəyyən etmək mümkün olduğu halda, mütəxəssis tərəfindən bu işin 5 ay müddətində icra edilməməsi tamamilə əsassızdır. Bundan əlavə, təqdim olunmuş aktda qeyd olunur ki, mənfəət vergisinin hesablanması ilə bağlı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi barədə məlumatların təqdim edilməsi üçün 17.02.2020-ci il tarixli, **********659700 nömrəli məktubla idarənin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət edilmiş, lakin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsi tərəfindən 19.02.2020-ci il tarixli **********924200 nömrəli məktubla vergi orqanlarında olan uçot baza məlumatlarına əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmadığı bildirilmişdir. Qeyd edək ki, səyyar vergi yoxlamasının başlamasından tam 9 ay sonra, X2 əlavə mütəxəssis kimi dəvət olunmasından 6 ay sonra və mütəxəssis rəyinin hazırlanıb idarəyə təqdim edilməsindən 19 gün sonra belə bir müraciətin edilməsi vergi yoxlayıcılarının aparılan yoxlamaya səthi yanaşmasının göstəricisidir. Ölkədə boru çəkilişi ilə məşğul olan onlarla digər şirkətlərin olduğu halda, vergi orqanlarının uçot baza məlumatlarında analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmadığını bildirilməsi şirkətə qarşı açıq-aşkar qərəzli mövqeyin olduğunu göstərir. Bundan başqa, 14 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişləri, vergi xidməti müşaviri X17 və 1-ci dərəcəli müfəttiş X14 tərəfindən tərtib edilmiş 20 fevral 2020-ci il tarixli İmtina Aktı tamamilə əsassızdır və orada qeyd olunan faktlar həqiqətə uyğun deyildir. Belə ki, yuxarıda qeyd olunan əməkdaşlar tərəfindən tərtib edilmiş həmin İmtina Aktında qeyd olunur ki, guya onlar 20 fevral 2020-ci il tarixdə tərtib etdikləri **********187116 nömrəli Səyyar vergi yoxlaması aktını elə həmin gün, yəni 20.02.2020 tarixində "xxxx" MMC-nin rəhbəri X12 və mühasibi X18 təqdim etmiş, lakin X19 və X21 heç bir səbəb göstərmədən Səyyar vergi yoxlaması aktını imzalamaqdan, eyni zamanda X19 aktın bir nüsxəsini götürməkdən imtina etmişdir. Nəzərinizə çatdırırıq ki, X10 və X13 nə həmin Aktı tərtib etmiş X17 və X14 ilə, nə də İdarənin hər hansı başqa əməkdaşı ilə 20 fevral 2020-ci il tarixdə nəinki üzbəüz görüşü, hətta telefon əlaqəsi də olmamışdır. Belə olduğu halda, yuxarıda adları qeyd olunan əməkdaşların bu məzmunda İmtina Aktı tərtib etməsi, üstəlik Aktın doğruluğunu imzalarıyla təsdiq etməsi, məyusluq doğurmaqla yanaşı, bütövlükdə sözügedən səyyar yoxlamanın şəffaf və düzgün aparılmaması, əməkdaşların şirkətə qarşı qərəzli olması barədə qənaəti bir daha təsdiq edir. Yuxarıda qeyd olunmuş faktlar belə düşünməyə əsas verir ki, vergi orqanı səyyar vergi yoxlamasının tam və hərtərəfli aparılmasını qəsdən təmin etməmiş, aparılan yoxlamaya səthi yanaşaraq yoxlama üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Bütün bunları nəzərə alaraq hesab edirlər ki, yoxlamanı aparmış vergi yoxlayıcılarının əsas məqsədi, əsassız olaraq şirkətin əldə etdiyi mənfəətin birbaşa müəyyən edilməsinin mümkünsüzlüyünü göstərmək və Vergi Məcəlləsinin 83.9-cü maddəsini tətbiq etmək olmuşdur. Bu səbəbdən aparılan ədalətsiz yoxlama bütövlükdə qeyd olunan maddənin tətbiqinə süni əsaslar yaratmağa yönəlmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh 14 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X7 etiraz və mülahizə ilə eyni məzmunlu izahat verdi əlavə olaraq bildirdi ki, hazırda mübahisələndirilən qərar iddiaçı tərəfindən sənədlər təqdim olunmadığından Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyi tərəfindən təqdim edilmiş rəy əsasında qəbul olunmuş və tərəflərindən sənədlərin götürülməsi ilə bağlı heç bir tədbir görülməmişdir. İlkin olaraq təyin olunmuş "xxxx" MMC tərəfindən rəy verilmədiyindən Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyi tərəfindən mütəxəssis rəyi alınmış və mübahisələndirilən qərarın qəbul edilməsi zamanı sonuncu rəyə istinad olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Başqa sözlə, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən **********198905 nömrəli 10.04.2020-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan: - Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 24.05.2019-cu il tarixli, **********183737 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iyun 2016-mart 2019 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. - Mütəxəssisin dəvət edilməsi haqqında **********188033 nömrəli 05.08.2019-cu il tarixli qərarla müəyyən olunur ki, yoxlama dövrü üzrə işçi sayı və əmək tutumunun, malmaterial və yanacağın silgi normalarının, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirinin və daşınan əmlakının icarə haqqı məbləğinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə hərəkətlərin aparılması üçün "xxxx" MMCdən X9 mütəxəssis kimi dəvət edilmişdir. - "xxxx" MMC-nin 20.08.2019-cu il tarixli rəyinin nəticə hissəsində qeyd olunur ki, "xxxx" MMC tərəfindən yoxlanılan dövr üzrə iş (xidmət) məsrəflərinin həcmi, məbləği, işlərin (xidmətlərin) yerinə yetirilməsində əmək tutumu «Hacıqabul İrriqasiya» 2017-2018ci illər üzrə mal-material xərcləri cəmi 15932500,0 manat, əmək tutumu cəmi 1724000,0 manat, yanacaq sərfiyyatı cəmi 190000,0 manat, «Baş İstintaq İdarəsi» inzibati bina 2017-2018-ci illər üzrə mal-material xərcləri cəmi 793000,0 manat, əmək tutumu cəmi 676000,0 manat, yanacaq sərfiyyatı cəmi 7114,0 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin 15.09.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 20.08.2019-cu il tarixli rəydə göstərilən xərclərə mövcud 175.000 manat bank xərci, 280.000 manat texnika və nəqliyyat vasitələrinin icarə xərci olmaqla ümumilikdə 455.000 manat xərc daxil edilməmişdir. - Mütəxəssisin dəvət edilməsi haqqında **********189203 nömrəli 29.08.2019-cu il tarixli qərarla müəyyən olunur ki, yoxlama dövrü üzrə işçi sayı və əmək tutumunun, malmaterial və yanacağın silgi normalarının, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirinin və daşınan əmlakının icarə haqqı məbləğinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə hərəkətlərin aparılması üçün Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” X1 mütəxəssis kimi dəvət edilmişdir. - Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin 29.01.2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, 01.06.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək olan dövrdə "xxxx" MMC tərəfindən yerinə yetirilmiş işlər: ümumi dövriyyə-19627100,0 manat, əmək haqqı xərci -3170336,0 manat, əmək tutumu - 853550,88 adam saatı. Qeyri-rezident (Azərbaycan Respublikası ərazisində yük daşıma)- 271281,0 manatmüəyyən edildi. "xxxx" MMC tərəfindən icarəyə götürülən texnikaların icarə qiymətləri orta bazar qiymətlərin uyğundur. Qeyd: mal-material və yanacaq xərcinin müəyyən edilməsi imkan daxilində olmadığı üçün mütəxəssistərəfindən icra edilmədi. - 20.02.2020-ci il tarixli, **********187116 nömrəli səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə yoxlanılan dövrdə vergi yoxlaması nəticəsində 2018-ci ilə mənfəət vergisi üzrə 655996,08 manat, əlavə dəyər vergisi üzrə 66600,03 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 686 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 161829,49 manat, ümumilikdə 885111,6 manat verginin azaldılması hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən (vergilərin azaldılmasına görə) 442555,8 manat, 58.6-cı maddəsinə əsasən (malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə) 524,70 manat, VM-nin 57.1-ci maddəsinə əsasən (vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə) 240 manat, ümumilikdə isə 443320,51 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. - 10.04.2020-ci il tarixli, **********198905 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın təsdiq edilmiş surətindən görünür ki, …”"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iyun 2016-mart 2019 vergi dövrləri üzrə vergilərin ümumilikdə 885111,6 manat məbləğində azaldılmış hesab edilərək 443320,51 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.05.2021-ci il tarixli, 9/60 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən iş materialları və ekspertin vəsatətinə əsasən tədqiqata təqdim edilmiş mühasibat sənədləri (qaimə-fakturalar, elektron qaiməfakturalar, elektron VHF-lər, ödəniş sənədləri və s.) nəzərə alınmaqla 14 saylı Ərazi Vergilər İdarəsinin 24.05.2019-cu il tarixli, **********183737 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə 26 iyun 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək olan dövr üzrə "xxxx" MMC-də keçirilmiş, 20 fevral 2020-ci il tarixli **********187116 nömrəli səyyar vergi yoxlaması aktı ilə yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisində mənfəət vergisinin, ƏDV-nin, ÖMV-nin və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunmur (birinci və ikinci suallar üzrə). Üçüncü-doqquzuncu suallar üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 08.05.2021-ci il tarixli, 9/60 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, tədqiqata təqdim edilmiş iş materiallarında "xxxx" MMC-nin ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin müəssisənin tətbiq etdiyi hesablama metodunun və vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Onuncu sual üzrə rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqi hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin 29.01.2020-ci il tarixli mütəxəssis rəyi iş materiallarında öz əksini tapmamışdır. Bu səbəbdən də hazırkı sualı cavablandırmaq mümkün olmadı. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları, işin müəyyən edilmiş hallarını, habelə aşağıdakı hüquqi əsasları rəhbər tutaraq hesab edir ki, mübahisələndirilən qərar qanunazidd olduğundan və iddiaçının hüquqlarını pozduğundan ləğv edilməlidir. Belə ki, 20.02.2020-ci il tarixli Səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən təqdim edilmiş 19901584,17 manat dəyərində malların silinməsi ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli 42 nömrəli Qaydalarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 19921506,35 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır. Məhkəmə iş materiallarını və işin müəyyən edilmiş həqiqi hallarını əsas götürərək hesab edir ki, inzibati orqan tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəətinin hesablanması qanuni sayıla bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi mənfəətin (gəlirin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasının əsasları qanunverici tərəfindən konkret müəyyən olunduğu halda, inzibati orqanın vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən edilməsinin mümkün olmadığını inandırıcı hesab etmir. Belə ki, inzibati orqan tərəfindən "xxxx" MMC üzrə səyyar vergi yoxlaması 24.05.2019-cu il tarixli, **********183737 nömrəli qərarla təyin edilərək mütəxəssisin dəvət edilməsi haqqında inzibati orqan tərəfindən 05.08.2019-cu il tarixli və 29.08.2019-cu il tarixli qərarlar qəbul edilsə də və 9 aya yaxın müddət ərzində səyyar vergi yoxlaması aparılsa da, cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi 17 fevral 2020-ci il tarixədək "xxxx" MMC-dən tərəfindən 19901584,17 manat dəyərində malların silinməsi ilə bağlı sənədlərin yoxlamaya tam təqdim edilməməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təsadüfi deyil ki, "xxxx" MMC tərəfindən 24.09.2019-cu il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanan məktubda dəvət edilmiş mütəxəssisə bütün lazımi sənədlərin təqdim edildiyi, sorğu və sualların vergi ödəyicisi tərəfindən cavablandırıldığı qeyd edilmiş, inzibati orqan tərəfindən bu iddiaya hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan bütün alış sənədlərinin, o cümlədən mal və material alışı ilə bağlı bütün müqavilələrin, gömrük bəyannamələrinin və invoysların (VHF) surətlərinin vergi orqanına da təqdim edilməsi, eyni zamanda bu sənədlərin internet vergi idarəsinin bazasında da mövcud olması ilə bağlı iddiaçı tərəfin mövqeyini inandırıcı hesab edir. Belə ki, “Sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında” **********97323 nömrəli qərar inzibati orqan tərəfindən 17.02.2020-ci il tarixdə, yəni 20.02.2020-ci il tarixli Səyyar vergi yoxlaması aktı tərtib edilməmişdən 3 gün əvvəl çıxarılmışdır. Halbuki həmin tarixə kimi artıq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin 29.01.2020-ci il tarixdə mütəxəssis rəyi tərtib edilmişdir. Göründüyü kimi cavabdeh bir tərəfdən malların satışını təsdiq edən sənədlərin təqdim olunmadığını, digər tərəfdən vergi ödəyicisinin satdığı malların bazar qiymətlərindən fərqli qiymətlər olub-olmamağını müəyyən etmək məqsədi ilə mütəxəssis dəvət etdiyini və məhz həmin mütəxəssis tərəfindən verilmiş rəy əsasında hazırki mübahisələndirilən qərarı qəbul edildiyini bildirir. İddiaçının nümayəndəsi və vəkili isə məhkəmə iclasları zamanı bütün satış sənədlərinin inzibati orqana təqdim olunduğunu bildirərək həmin sənədlərin surətini məhkəmə icraatında yenidən təqdim etmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəətinin hesablanması qanuni hesab edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh ekspertiza təyin edilənədək malların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, malların inventarizasiyasını keçirməmiş və hər hansı araşdırma aparmamışdır. Məhkəmə iclasına dəvət edilmiş Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi X6 bildirmişdir ki, vergi orqanı tərəfindən müətxəssis kimi cəlb edildikdən sonra onun vergi ödəyicisi ilə heç bir əlaqəsi olmur və tələb olunan bütün sənədlər inzibati orqan tərəfindən onlara təqdim edilir. Hazırki iş üzrə inzibati orqan tərəfindən heç bir xərc sənədləri və s. təqdim edilməmiş, yalnız şirkət tərəfindən tərtib edilmiş «Forma-2» əsasında qiymətləndirilmə aparılmışdır. «Forma-2» sənədi görülmüş iş əsasında tərtib edilmiş sənəd olmaqla orada qeyd edilən qiymətlərdən kənara çıxmalar mümkündür və bu halların dəqiq müəyyən edilməsi üçün şirkətə məxsus bütün sənədlər təqdim edilməlidir. Lakin inzibati orqan tərəfindən heç bir sənəd təqdim edilmədiyindən yalnız bu cür qiymətləndirilmə aparılmaqla hazırki rəyi tərtib etmişdir və əgər sənədlər ona tam təqdim olunsaydı tamamilə başqa nəticələrin əldə edilməsi də mümkün ola bilərdi. Məhkəmə iclasına dəvət edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin İqtisadi ekspertizalar şöbəsinin aparıcı eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu X8 08.05.2021-ci il tarixli, 9/60 nömrəli ekspert rəyini müdafiə edərək bildirdi ki, tərəfindən aparılmış tədqiqat materialları 03 cilddə təqdim olunmuşdur. İş üzrə əlavə sənədlərin zəruriliyi ilə əlaqədar 14.01.2021-ci il tarixində məhkəməyə vəsatət göndərilmişdir. Vəsatətə əsasən əlavə sənədlər məhkəmə tərəfindən təqdim edilmiş, bundan sonra təqdim olunmuş sənədlər əsasında hərtərəfli araşdırma aparılaraq rəy hazırlanmışdır. Həmçinin təqdim olunan sənədlər əsasında ilkin olaraq "xxxx" MMC tərəfindən verilən rəy əsaslandırılmış və həmin rəylə tərəfindən verilmiş rəy eynilik təşkil etmişdir. Yəni işdə olan sənədlər həm "xxxx" MMC-yə, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunmuş və həmin səndlər əsasında verginin azaldılması müəyyən edilməmişdir. Bundan başqa, iş materiallardan da məlum olduğu kimi "xxxx" MMC tərəfindən 20.08.2019-cu il tarixdə rəy hazırlanaraq təqdim edildiyi halda inzibati orqan tərəfindən Mütəxəssisin dəvət edilməsi haqqında **********189203 nömrəli 29.08.2019-cu il tarixli qərarla yoxlama dövrü üzrə işçi sayı və əmək tutumunun, mal-material və yanacağın silgi normalarının, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirinin və daşınan əmlakının icarə haqqı məbləğinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə hərəkətlərin aparılması üçün Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” X1 mütəxəssis kimi dəvət edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, cavabdeh tərəfində dəvət edilmiş mütəxəssis oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, mütəxəssis rəyin verilməsinə əsas olmuş məlumatlar natamam məlumatlardan istifadə edilməklə verilmişdir (təsadüfi deyil ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi X6 29.01.2020-ci il tarixli mütəxəssis rəyini natamam sənədlər əsasında tərtib etdiyini bildirmişdir). Eyni zamanda, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyanın 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). - 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. - 70.1-ci maddəsinə əsasəm inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (10.04.2020-ci il tarixli) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Bununa yanaşı məhkəmə səyyar vergi yoxlamasının aparılması müddətləri ilə bağlı aşağıdakıların qeyd edilməsini də zəruri hesab edir. Belə ki, 24.05.2019-cu il tarixli, **********183737 nömrəli qərarla yoxlamanın müddəti 30 iş günü müəyyən edilməklə "xxxx" MMC üzrə iyun 2016-mart 2019 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və 10.02.2020-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 20.02.2020-ci il tarixli **********187116 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. 25 iyun 2021-ci il çap tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, 01.06.2016-01.04.2019 yoxlanılan dövr üzrə "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Çıxarışa görə vergi orqanının təşəbbüsü ilə mütəxəssisin dəvət edilməsi və ya ekspertizanın keçirilməsi əsası ilə 07.10.2019-cu il tarixdən 07.11.2019-cu il tarixədək 32 gün müddətinə, 07.11.2019-cu il tarixdən 06.12.2019-cu il tarixədək 30 gün müddətinə, 06.12.2019-cu il tarxidən 10.01.2020-ci il tarixədək 36 gün müddətinə və 10.01.2020-ci il tarixdən 10.02.2020-ci il tarixədək 32 gün müddətinə yoxlamanın müddəti dayandırılmışdır. Bundan başqa Çıxarışdan görünür ki, 05.09.2019-cu il tarixdən 17.10.2019-cu il tarixdək 43 gün müddətinə və 23.07.2019-cu il tarixdən 05.09.2019-cu il tarixədək 45 gün müddətinə artırılmışdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, 24.05.2019-cu il tarixli, **********183737 nömrəli qərarla "xxxx" MMC üzrə təyin edilmiş səyyar vergi yoxlaması cavabdehin müxtəlif qərarları ilə artırılmış və 4 dəfə yoxlamanın müddəti dayandırılmışdır. Ümumumilikdə cavabdeh tərəfindən səyyar vergi yoxlamasının müddətinin artırılması və dayandırıması haqqında ardıcıl 6 qərar qəbul edilərək yoxlama müddəti 9 aya yaxın müddət aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 8.11-ci bəndinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Həmin Qaydaların 11.1-ci bəndinə görə səyyar vergi yoxlamasının səmərəli keçirilməsi üçün müvafiq üsullar müəyyənləşdirilməli, işin həcmi formalaşdırılmalı və müəyyən edilmiş müddətlərdən tam istifadə edilməlidir. Məhkəmə qeyd edir ki, yoxlamanın başlanma tarixi ilə yoxlama müddətinin uzadılması barədə qərar qəbul edilməsi tarixi arasındakı müddət 30 gündən çoxdur. Bundan başqa, yoxlamanın dayandırıması ilə bağlı qərarlardan məlum olur ki, səyyar vergi yoxlaması zamanı da müddət ötürülmüşdür. Halbuki, qanunverciliyin tələblərinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə səyyar vergi yoxlamasının keçirilməsi və artırılması müddətləri “təqvim günü” ilə ifadə edilsə də, cavabdeh həmin müddəti “iş günü” kimi qəbul etmişdir. Güman ki, belə nəticəyə gəlməkdə cavabdeh Vergi Məcəlləsinin 38.4-cü maddəsini (səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir) rəhbər tutmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə “Səyyar vergi yoxlamasının iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi”nə dair müddəa həmin Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 və 90 günlük müddətlərin təqvim günü kimi başa düşülməli olduğunu istisna etmir. Başqa sözlə, qanunvericiliyin ifadə tərzinə və mənasına görə səyyar vergi yoxlaması yalnız iş günlərində və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməli olsa da, ümumilikdə 30 təqvim günü, müstəsna hallarda isə 90 təqvim günündən artıq davam etməməlidir. Cavabdeh vergi orqanı isə qanunvericiliyin tələblərini yanlış tətbiq edərək yoxlama müddətlərini iş günü ilə təyin etmişlər ki, bu da yoxlamanın qanunsuz olaraq uzadılması ilə nəticələnmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması aktı 20.02.2020-ci il tarixdə tərtib edilsə də, “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 10.04.2020-ci il tarixdə qəbul edilmişdir. Halbuki, qanunverciliyin tələblərinə əsasən yoxlama materiallarına baxılması və müvafiq qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gündür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: - 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 50.1-ci bəndinə əsasən yoxlama materiallarına baxılması və müvafiq qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gün müəyyən edilmişdir. Belə olan halda işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.04.2020-ci il tarixli, **********198905 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 10.04.2020-ci il tarixli, **********198905 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar