Məhkəmə qərarları › İş №2-1(114)-860/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-860/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-860/2025 15.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) 497,28 manat məbləğində vəsaitin tutularaq filialın xəzinə hesabına geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 497,28 (dörd yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının xəzinə hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhəri üzrə Nümayəndəliyi (bundan sonra Nümayəndəlik) tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) "Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, sığortaolunan X4 aid 15 noyabr 2021-ci il tarixdən 20 mart 2022-ci il tarixədək olan dövrü əhatə edən SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə "hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq- hesab cedveline Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) yeniden baxılmışdır. Baxış zamanı Nümayəndəlik tərəfindən "Elektron hökumət" portalı vasitəsilə MEİS- daxil edilmiş ********************131994 nömrəli haqq-hesab cədvəli üzrə ödənilmiş hamiləliyə və doğuma görə müavinətin artıq ödənildiyi məlum olmuşdur. Belə ki, Y.Məhərrəmovaya aid haqq-hesab cədvəli emal edilərkən 2021-ci ilin İ, İİ, İİİ rüblərinə aid mecburi dövlət sosial sığortası üzrə təqdim edilmiş hesabatlarda 1 yanvar 2021-30 sentyabr 2021-ci il dövrü üzrə hər ay üçün qazanc 375,00 (üç yüz yetmiş beş) manat qeyd edilmişdir. Lakin sığortaedən tərəfindən 13 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - Xidmət) 2021-ci ilin sözügedən dövrə aid məcburi dövlət sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilmiş və hesabatlarda sığortaolunana hər ay üzrə 260,00 (iki yüz altmış) manat qazanc göstərilmişdir. Həmçinin 2021ci il İV rübüne aid məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat MEİS-in "Sığorta" (Hesabat) - Baxış altsistemində öz əksini tapmadığından bu haqq-hesab cədvəli təqdim edilmiş əmək haqqı arayışı əsasında emal edilmişdir. Əmək haqqı arayışında 2021-ci il oktyabr ayı üçün qazanc 375,00 (üç yüz yetmiş beş) manat qeyd edilmişdir. 6 aprel 2022-ci il tarixdə Xidmətə 2021- ci il İV rübünə aid məcburi dövlət sosial sığortası üzrə ilkin hesabat təqdim edilmiş və hesabatda oktyabr ayı üzrə qazanc qeyd olunmamışdır. Bu səbəbdən yuxarıda qeyd edilən haqq-hesab cədvəli üzrə sığortaolunan Y.Məhərrəmovanın "xxxx" ASC-nin Göygöl rayon filialındakı ******************** nömrəli hesabına ödənilmiş 1516,57 manat (bir min beş yüz on altı manat əlli yeddi qəpik) məbləğində müavinətdən 497,28 manat (dörd yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) məbləğində artıq ödəmə yaranmışdır. Filial tərəfindən Nümayəndəliyə 18 mart 2024-cü il tarixli 3-17-1/2- 66502/2024 nömrəli məktubla Əsasnamənin müvafiq hissələrinə istinad edilərək sifarişli poçt göndərişi ilə müraciət olunmuş, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 497,28 manat məbləğində müavinətin geri qaytarılması tələb edilmişdir. Müavinət məbləğinin geri qaytarılmadığı halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi adıçəkilən məktubda bildirilmiş, lakin müavinət məbləğinin geri qaytarılması bugünədək təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsin 2-1(114)-2968/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 yanvar 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhəri üzrə nümayəndəliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-66502/2024 saylı ərizəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə göndərilmiş 3-21-2-1/2-476/2024 saylı məktub, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2968/2024 saylı sərəncamına cavab olaraq X9 rayon filialı tərəfindən məhkəməyə göndərilmiş X3 ödəniş kartı üzrə çıxarışın təsdiqlənmiş surəti. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının əməkdaşı tərəfindən qanunvericiliyə uyğun olaraq 21 yanvar 2022-ci il tarixində emal edilmişdir. Emal zamanı X3 nümayəndəlik tərəfindən haqq- hesab cədvəlinə əlavə edilmiş son 12 tam təqvim ayı ərzində əldə etdiyi gəlirlərlə fərdi şəxsi hesabında qeyd olunan gəlirləri qarşılaşdırılmışdır. SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən sosial sığorta hadisəsi 2021-ci ilin noyabr ayında baş verdiyi üçün müavinət məbləğinin hesablanması zamanı orta aylıq əməkhaqqının müəyyən edilməsi məqsədilə Y.Məhərrəmovanın son 12 tam təqvim ayını əhatə edən noyabr 2020 - oktyabr 2021ci il tarixləri ərzində əldə etdiyi 4300,00 (dörd min üç yüz) manat qazancı həmin dövrə düşən iş günlərinin sayı olaraq 241(iki yüz qırx bir) günə bölünmüşdür. Nəticədə bir günə düşən orta gündəlik qazanc məbləği 17,84 manat (on yeddi manat səksən dörd qəpik) müəyyən olunmuş, həmin məbləğ 126 təqvim gününə düşən 85 İş gününə vurularaq hamiləliyə və doğuma görə müavinətin yekun məbləği 1516,57 (bir min beş yüz on altı manat əlli yeddi qəpik) manat hesablanmışdır. Lakin, Nümayəndəlik tərəfindən məcburi dövlət sosial sığortası üzrə təqdim edilmiş hesabatlara dəqiqləşmə verilərək gəlirlərin azaldılması və İV rüb üzrə qazancın olmaması yekun müavinət məbləğinin 1019,29 manata (bir min on doqquz manat iyirmi doqquz qəpik) düşməsinə səbəb olmuşdur. Göründüyü kimi, X5 497,28 manat artıq ödəmə yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 16-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə (bundan sonra Əsasnamə) uyğun olaraq həyata keçirilir. Qanunun 8-ci maddəsinə əsasən sığortaedənlər Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Əsasnamənin 116-cı hissəsinə əsasən artıq verilmiş müavinət məbləği müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Nümayəndəlik sözügedən dövr üzrə sığortaedən olduğuna görə artıq ödənilmiş müavinətin qaytarılması onun tərəfindən həyata keçirilməlidir. Məbləğin Fonda geri qaytarılması birmənalı olaraq müvafiq haqq-hesab cədvəllərini MEİS-ə daxil edən, müavinət sənədlərini Fonda təqdim edən sığortaedənin öhdəliyidir. Belə ki, haqq-hesab cədvəllərinin MEİS-ə daxil edilməsindən sosial sığorta ödəməsinin sığortaolunanın bank hesabına köçürülməsinədək olan prosesin iştirakçıları sığortaçı və sığortaedəndir. Əsasnaməyə 1 nömrəli əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı göstərilmişdir. Əsasnamənin 119-cu hissəsinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da sığortaolunanın sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Qanunun 19.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasının vəsaitləri Fondda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, Nazirlik və Fondun saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Fond dövlətin mülkiyyətində olan, Nazirlik tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Qanunun 29-cu maddəsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Artıq ödənilmiş 497,28 (dörd yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar