Məhkəmə qərarları › İş №2-1(114)-863/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-863/2020

31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-863/2020 31.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsi) qarşı iş illərinin, hərbi xidmət müddətinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 1993-1997-ci illərdə işlədiyi illərin və hərbi xidmət illərinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-1997-ci illərdə işlədiyi illərin və hərbi xidmət illərinin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh DSMF-nin Qazax rayon şöbəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə qarşı 1993-1997-ci illərdə işlədiyi illərin və hərbi xidmət illərinin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əmək kitabçasında qeyd olunan müddəti cavabdeh orqan nəzərə alır, hərbi xidmət illərini və arxiv arayışında qeyd olunan müddəti isə sosial sığorta stajına hesablamaqdan imtina etmişdir. Cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı 1993-1997-ci illərdə Birinci Şıxlı kənd Vidadi adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən imtina olunmuşdur. -İddiaçı məxsus ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1972-ci il tarixdən xx.xx.1993-cü il tarixədək ayrı-ayrı müəssisələrdə işləmişdir. -Qazax rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 135 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixli 54 saylı əmrlə Vidadi sovxozuna gözətçi təyin olunmuş, xx.xx.1997-ci il tarixli 42 saylı əmrlə vəzifəsindən azad olunmuş və həmin müddətlər üzrə əmək haqqı almışdır. -İddiaçı məxsus НЗ nömrəli xx.xx.1973-cü il tarixli hərbi biletin surətindən görünür ki, sonuncu xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasına əsasənyaşına görə tələb edilən sığorta stajı müqabilində cəmi 7 il sığorta stajı təsdiq edildiyindən, eləcə də təqdim edilən arxiv arayışında iddiaçının 1984- 1991-ci illərdə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmadığından cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; - 3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. - 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Təqdim edilmiş arxiv arayışından, eləcə də hərbi biletin surətindən görünür ki iddiaçı həqiqətən 1993-1997-ci illərdə Vidadi sovxozunda müvafiq aylar üzrə işləmiş və əmək haqqı almış, eləcə də xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Qeyd olunan dövrlər üzrə iddiaçının ümumilikdə 6 il 04 ay sığorta stajı yaranır. Məhkəmə qeyd olunan arxiv arayışını və hərbi bileti mötəbər sübut kimi qəbul edir. Bundan başqa iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 18 il 8 ay 18 gün sığorta stajı yaranmışdır ki, bu işin mübahisəsiz halıdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, hazırki halda arxiv arayışında öz təsdiqini tapmış sığorta stajı və hərbi xidmət dövrü də nəzərə alındıqda onun ümumilikdə 25 il 18 gün (18 il 8 ay 18 gün + 6 il 04 ay) sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qazax rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 135 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi illərin və xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar