Məhkəmə qərarları › İş №2-1(114)-865/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-865/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-865/2023 17.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin olunmuş əlilliyinin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdə yaralanmış, əmək qabiliyyətini itirmiş, xəstəliyiminin şəhadətləmdirilməsinə dair 2214 nömrəli sənəd ilə sağ ayaq biləyi oynağının posttravmatik artrozu, orta dərəcədə hərəkət məhdudiyyəti, açıq travma nəticəsində sağ baldır sümüyünün hər iki sümüyünün sınıqlarının düzgün bitişməməsi diaqnozu qoyulmuşdur. Uzun illər hərbi travma ilə əlaqədar pensiya almış, ancaq TSEK-in 27 sentyabr 2022-ci il tarixli qiymətləndiriləsi ilə onun əlilliyinin qiymətləndirilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, həmçinin ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarın ona əlillik təyin edilməsindən imtina hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 30 mart 2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2002-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları =>S96 - Əzələ və vətərin aşıq-baldır oynağ; Diaqnozun mətni: Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınıq" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi.Oynaqların kontrakturası.Digər daimi ağrı.Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Hipertrofik çapıq İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla.Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya Digər rubrikalarda təsnif olunmayan varus deformasiya; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Göründüyü kimi, Gəncə şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AAN1F nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2022-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 497 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınığı. (xx.xx.1992). Sağ aşıq baldır oynağının posttravmatik artrozu, hər iki baldır sümüklərinin geyri-düzgün bitişmiş sınığı, funksiyanın mülayim dərəcədə pozulması ilə " diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ayaq ağrılarından şikayətlənmişdir. Anamnezində üç ildir ki, şəkərli diabetdən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı hər iki aşağı ətraflarda əzələ inkişafı paralel, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Rentgenoloji olaraq sağ baldırın orta 1/3-də qeyri-düzgün bitişmiş sınıq müəyyən edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriaların dopplerografiyası zamanı müayinənin nəticəsi "Tək-tək kalsifik plaklarfonunda magistral tipli trifazik axımlar" kimi müəyyənləşdirilmişdir. AR İTS TƏBİB PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/14930 nömrəli Arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 497 nömrəli qərarından görünür ki, Kəlbəcər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən mina partlayış travması nəticəsində xx.xx.1992-ci il tarixdə aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək X4 və Ortopediya İnstitutunda müalicə olunduğu travma - diaqnoz: "Sağ baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınığı (xx.xx.1992 və xx.xx.1993-cü il tarixdə tarixdə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz:" Sağ aşıq-baldır oynağının posttravmatik artrozu, hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, funksiyanın mülayim dərəcədə pozulması ilə") "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır". -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli, **********3 nömrəli qərarından görünür ki, İddiaçı növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriaların dopplerografiyası zamanı müayinənin nəticəsi "Tək-tək kalsifik plaklarfonunda magistral tipli trifazik axımlar" kimi müəyyənləşdirilmişdir. AR İTS TƏBİB PHŞ Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/14930 nömrəli Arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə « Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı » diaqnozuna əsasən müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müayinəsi nəticəsində « Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı » diaqnoz, xx.xx.2022-ci il tarixli müayinəsi nəticəsində « Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sag baldırın dəlib keçən güllə yaralanması .Sümüklərin qeyri-düzgün bitişməsi. Baldırın deformasiyası. Sag baldır və pəncəəzələlərinin kəskin atrofiyası. Dayaq hərəkət funksiyasının pozulması. Digər daimi ağrı, Aşıq -baldır oynagının kontrakturası(açıcı- 110dər, bükücü-100dər.) Nevrasteniya, Asteno-nevrotik sindrom” diaqnoz, xx.xx.2022-ci il tarixli müayinəsi nəticəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi.Oynaqların kontrakturası.Digər daimi ağrı.Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Hipertrofik çapıq İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla.Digər rubrikalarda təsnif olunan xəstəliklzamanı rast gəlinən periferik angiopatiya Digər rubrikalarda təsnif olunmayan varus deformasiya” diaqnozu qoyulsa da diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə, eyni zamanda 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş «Sağ aşıq-daban oynağının porttravmatik artozu, hərəkətlərin mülayim dərəcədə pozulması. Açıq travma nəticəsində baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığı» diaqnoza əsasən əlillik vəziyyətinə yenidən baxılmış, lakin “diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə” səbəbi ilə imtina edilmişdir. Bundan sonra ona xx.xx.2022-ci il tarixli müayinəsi nəticəsində « Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sag baldırın dəlib keçən güllə yaralanması .Sümüklərin qeyri-düzgün bitişməsi.Baldırın deformasiyası.Sag baldır və pəncəəzələlərinin kəskin atrofiyası.Dayaq hərəkət funksiyasının pozulması.Digər daimi ağrı, Aşıq -baldır oynagının kontrakturası(açıcı-110dər, bükücü-100dər.) Nevrasteniya, Asteno-nevrotik sindrom” diaqnoz, xx.xx.2022-ci il tarixli müayinəsi nəticəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi.Oynaqların kontrakturası.Digər daimi ağrı.Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Hipertrofik çapıq İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla.Digər rubrikalarda təsnif olunan xəstəliklzamanı rast gəlinən periferik angiopatiya Digər rubrikalarda təsnif olunmayan varus deformasiya” diaqnozu qoyulsa da Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli, **********3 nömrəli qərarına əsasən diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaçıya 2002-ci ildən 2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq, eyni diaqnoza əsasən ona sonrakı müayinələr nəticəsində « diaqnoz əlillik təyin etmir » səbəbi ilə verilmiş imtina qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarı iddiaçıya əlillik təyin edilməsindən imtina hissəsində ləğv edilməli və xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarı İddiaçı əlillik təyin edilməsindən imtina edilməsi hissəsində ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar