Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-866/2021 10.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şərab-1 X3 Cəmiyyəti) qarşı ünvan 1 ünvanda yerləşən mənzilin onun adına özəlləşdirilməklə mülkiyyət hüququnun qeydiyyatının aparılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) ünvan 2 ünvanda yerləşən 5 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 04.03.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh 18.03.2021-ci il tarixli **********91 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə edilmiş sənədlər mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur, bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. İmtinanı əsassız hesab edən iddiaçı 30.03.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilin onun adına özəlləşdirilməklə mülkiyyət hüququnun qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 5 saylı mənzildə yaşayır. Həmin mənzil ünvan 3ənzil olmuş və iddiaçıya ASC-nin Həmkarlar ittifaqı Komitəsinin və idarə Heyətinin keçirdiyi iclas zamanı 12 saylı protokol əsasında verilmişdir. Ərizəyə həmin sənədləri əlavə edərək cavabdehə müraciət etsə də, sonuncu əsassız olaraq müraciəti düzgün qiymətləndirməmişdir. Belə ki, həmin evdə iddiaçıdan başqa heç kəs pasport qeydiyyatında deyil, evin balans saxlayıcısı tərəfindən evin özəlləşdirilməsi ilə bağlı heç bir etirazı yoxdur və mənzilin dəyərinin əvəzsiz olaraq özəlləşdirilməsinə razıdır. O cümlədən cavabdehin imtinasında əsaslandığı maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Cavabdeh iddiaya dair etiraz təqdim etmiş, etirazda müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinad etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə üçüncü şəxs "xxxx" X3 Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Gəncə şəhəri Kəpəz Rayonu İcra Hakimiyyəti başçısının 06.12.2007-ci il tarixli 72 nömrəli Forma-2 arayışının surəti və 02.08.2011-ci il tarixli 33 nömrəli Forma-2 arayışı, doğum haqqında şəhadətnamənin surəti, "xxxx" X3 Cəmiyyətinin 17.12.2007-ci il tarixli 67 nömrəli arayışı, 11.12.2007-ci il tarixli 12 saylı protokolundan çıxarış, cavabdehin imtinası və etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti etibarilə uğurlu iddia deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuşdur. Həmin normaya görə bu əsaslara aiddir: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1-ci maddə); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2-ci maddə); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı (8.0.3cü maddə); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4-cü maddə); 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5-ci maddə); mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (8.0.6-cı maddə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (8.0.7-ci maddə); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8-ci maddə).... Adı çəkilən Qanunun: 9.1 və 9.2-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: . bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 10.2-ci maddəsinin tələblərinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri (10.2.1); torpaq sahəsinin planı və ölçüsü (10.2.2); torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi (10.2.3); dövlət rüsumunun ödənilməsi barədə sənəd (10.2.4). 11.1-ci maddəsində qeyd olunur ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin 11.12.2007-ci il tarixli 12 nömrəli qərarı ilə müəssisənin balansında olan İddiaçı yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 74 saylı binanın 5 saylı mənzilinin Azərbaycan Respublikası Prezidentinin 26.01.1993-cü il tarixli fərmanına əsasən qiyməti ödənilmədən özəlləşdirilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi 11.12.2007-ci il tarixli 12 nömrəli protokoldan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanan əsaslardan biri kimi həmin qanunda müəyyən edilməmişdir. Eyni zamanda, mübahisəli mənzilin "xxxx" ASC-nin mülkiyyətində olması müəyyən edilmir. Belə ki, iş materiallarında olan Forma-2 arayışlarında mənzilin dövlət fonduna məxsus olması qeyd edilmiş, "xxxx" ASC isə məhkəmənin mənzilin onun balansında olubolmaması barədə sorğunu cavablandırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olaraq təmin edilməsi qanunamüvafiq deyildir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şərab-1 X3 Cəmiyyəti) qarşı ünvan 1 ünvanda yerləşən mənzilin onun adına özəlləşdirilməklə mülkiyyət hüququnun qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-866/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-866/2021
10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver