Məhkəmə qərarları › İş №2-1(114)-867/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-867/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-867/2021 24.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar Bağırova (Qurbanova) Səadət Zülfüqar qızının, İddiaçı1 və onun vəkili X3, cavabdeh Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri X4 və X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı5 oğlunun, Babayeva (Qurbanova) Səlbi Zülfüqar qızının və Bağırova (Qurbanova) Səadət Zülfüqar qızının cavabdeh Samux Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X2 və X7) qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı5 oğlu, Babayeva (Qurbanova) Səlbi Zülfüqar qızı və Bağırova (Qurbanova) Səadət Zülfüqar qızı cavabdeh Samux Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 30.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Samux rayon Aqrar İslahat Komissiyasının 02.06.1998-ci il tarixli 10 nömrəli qərarının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar Bağırova (Qurbanova) Səadət Zülfüqar qızı, İddiaçı1 və onun vəkili X8 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndələri X9 və X11 məhkəmə iclasında iddianı qəbul etmədiklərini bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər iddiaçılara və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə digər iddiaçıların və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Samux rayon Aqrar İslahat Komissiyasının 02.06.1998-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı5 oğluna və onun ailə üzvləri-arvadı X1 və qızı- X5 0.25 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair onların adına JN-126A Kod 50700018 nömrəli şəhadətnamə verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Samux rayon Aqrar İslahat Komissiyasının 02.06.1998-ci il tarixli 10 nömrəli qərarının etibarsız sayılması tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxdığına görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçılar İddiaçı1, İddiaçı5 oğlunun, Babayeva (Qurbanova) Səlbi Zülfüqar qızının və Bağırova (Qurbanova) Səadət Zülfüqar qızının cavabdeh Samux Rayon İcra Hakimiyyətinə qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar