Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-867/2023 27.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı təhsil müəssisəsinə bərpa edilməsi və diplomun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, diplomun əldə edilməsinə kömək edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ağdam Sosial-İqtisad Kollecində təhsilinin davam etdirilməsi üçün bərpa edilməsi və diplomun alınması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022ci il tarixli iclasında sözügedən ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-10882/2022 nömrəli qərardadı ilə iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə X5 Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna (indiki Ağdam Dövlət Sosial- İqtisadi Kolleci) daxil olmuşdur. Texnikumun sonuncu imtahan semestrni başa vurub Qarabağda başlanan erməni təcavüzünə qarşı mübarizə aparan könüllü dəstələrə üzv olmuş və N saylı hərbi hissənin tərkibində düşmənə qarşı döyüşmüşdür. Bu ərəfədə isə təhsilinin yekunu ilə bağlı diplomunu ala bilməmişdir. Bununla bağlı həmin texnikumun rəhbərliyinə müraciət etmiş, 2003-cü ildə ona arayış verilmişdir. Həmin arayışla bir neçə dəfə cavabdeh orqana müraciət etsə də, nəhayət ona 2022-ci ildə imtina cavabı verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1990cı ildə döyüşlərə getdiyinə görə sonuncu kursu oxuya bilməmişdir. Sonra 2003-cü ildə öyrənmişdir ki, kollec Ağcabədi rayonunda yerləşir, müraciəti əsasında ona həmin il 47 nömrəli arayış təqdim edilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı təhsil müəssisəsini tam bitirməmişdir, yəni buraxılış imtahanlarında iştirak etməmişdir, ona görə də ona diplom verilməsi mümkün deyil. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin xx.xx.2003-cü il tarixli, 47 nömrəli arayışından görünür ki, X5 Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun sabiq tələbəsi İddiaçı şəxsi işi və natamam orta təhsil haqqında şəhadətnaməsi Ağdam şəhərinin işğalı zamanı Ağdam şəhərində qalmışdır. -surəti işə əlavə edilmiş xx.xx.1989-cu il tarixli, 29-88 nömrəli biletdən görünür ki, İddiaçı X5 Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun tələbəsi olmuşdur. -Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli M-2898/10-24 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1988-ci ildə X5 Mexanikləşdirməsi və Elektrikləşdirilməsi Texnikumuna daxil olmuş, təhsilini başa vurmadan hərbi xidmətə getdiyindən diplomunu ala bilməmiş, diplom sənədinin alınması ilə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. Nazirlikdə İddiaçı sənədləri araşdırılarkən məlum olmuşdur ki, o, 1988-ci ildə tam orta təhsili bitirdikdən (10 illik) sonra Orta ixtisas təhsili müəssisəsinə daxil olmuş, lakin iddiaçı 1990-ci ilin 20 yanvarına qədər təhsil almışdır. Beləliklə də iddiaçı X1 iştirak etmədiyinə görə, ona Nazirlik tərəfindən diplom blankının verilməsi mümkünsüz hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan SSR-də orta ümumtəhsil məktəbinin məzunları yüksək ixtisaslı peşəyə yiyələnmək üçün iki-üç illik təhsil müddəti olan orta ixtisas təhsili müəssisələrinə daxil ola bilərdilər. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlara görə, "təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Azərbaycan SSR Xalq Təhsili Nazirliyi verir. Həmçinin qeyd edilməlidir ki, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir və bu qanun təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun:- -5.1. maddəsinə görə dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. -5.2. maddəsinə görə dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. -6.1. maddəsinə görə maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. -6.5. maddəsinə görə bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. -21.3. maddəsinə görə orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2017-ci il tarixli 49 nömrəli əmri ilə “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair Müvəqqəti Qaydalar təsdiq edilmişdir. Həmin Qaydaların:- -1.1. bəndinə görə orta ixtisas təhsili müəssisələrində təhsilalanların (tələbələrin) köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar (bundan sonra Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq olunmuş "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə və 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları"na uyğun hazırlanmış və tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsi məsələlərini tənzimləyir. -1.2. bəndinə görə bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün orta ixtisas təhsili müəssisələrinə (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) şamil edilir. -3.1.5 bəndinə görə növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər orta ixtisas təhsili müəssisəsi ilə əlaqə saxlamadıqda tələbə orta ixtisas təhsili müəssisəsindən xaric edilir. -4.1. bəndinə görə orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı buraxılış imtahanlarında iştirak etməmiş, həmçinin təhsilini davam etməyə cəhd etməmişdir. Hazırda qüvvədə olan müvafiq qaydaların tələbinə görə isə xaric olunduqdan 10 il ərzində bu barədə müraciət etməmişdir. Yuxarıda istinad olunan normativ-hüquqi aktların müddəalarının hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddiaçı orta ixtisas təhsil müəssisəsinə xaric olunduqdan 10 il ərzində müraciət etmədiyindən onun həmin təhsil müəssisəsinə bərpa edilməsi tələbi əsaslı sayıla bilməz. Eyni zamanda, müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom orta ixtisas təhsilini başa vuran məzunlara verildiyindən və iddiaçı təhsilini başa çatdırmadığından tələbin diplomun verilməsi hissəsi də əsaslı hesab edilmir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanların imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı təhsil müəssisəsinə bərpa edilməsi və diplomun verilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-867/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-867/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver