Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-867/2024 22.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsində iştirak etmiş, lakin ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Bu barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərdiyi ərizəyə cavab olaraq bildirilmişdir ki, onun təqdim olunmuş arayış məlumatın 8-ci bəndində göstərilən rayonlarda olmasına dair sənədlərdə olmamasına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin veilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Onun üçün məktubun məzmunu aydın olmamış, cavabdehin imtinasını isə əsassız hesab edir. O, xx.xx.2016-cı tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhərində N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon Şöbəsinin çağırışı əsasında xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilmiş, N gün orada qaldıqdan sonra Beyləqan rayonu Xaçınabad kəndində yerləşən 3-cü diviziyaya göndərilmişdir. Müharibə vaxtı döyüşlər gedəndə onlar Zəngilan, Qubadlı və Füzuli rayonları ərazisində olan döyüşçülərə zəruri döyüş sursatı, yanacaq və digər təminat yüklərini daşımışlar. Hərbi biletində müharibə vaxtı, yəni xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə həmin ərazilərdə döyüş zonasında xidmət etməyi qeyd edilmişdir. Eyni zamanda hərbi biletində xx.xx.2020-ci il tarixdə tərxis olunmağı qeyd edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş zonasında iştirak etməyi sənədlərdə sübuta yetirilmişdir. Hazırda o, müharibə veteranı adı ala bilmədiyim üçün hüquqlarından istifadə edə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 22 may 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsi). İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-4/2-5271/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh Azərbayca Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayıla bilməz. İddia tələbi “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 nömrəli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən, “bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir”. Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2023-cü il tarixli 2/2-9435 nömrəli məktubunda qeyd olunmuşdur ki, arayış-məlumatın 8-ci bəndində göstərilən rayonlarda olmamasına görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tepşiriqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxıv arayışları ilə birgə teqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan mudafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə bırgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.” AR İPM-nin 35.1.-ci maddəsinə əsasən, “Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.” Cavabdeh orqan göstərilənləri nəzərə alaraq, iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 2/2-9435 nömrəli məktubdan görünür ki, iddiaçının təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində göstərilən rayonlarda olmasına dair sənədlərin olmamasına görə cavabdehin tələbinin təmin edilməsindən imtina edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********223 nömrəli Azərbaycan Respublikası SHXÇDX-nin « Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair » elektron arayışından görünür ki, İddiaçı əsgər (kursant) rütbəsində olmuş, həqiqətən xx.xx.2016-xx.xx.2018, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus SX ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xx.xx.2016-cı il tarixli, 190 nömrəli əmrlə çilingər quraşdırıcı, N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrlə radiostansiya rəisi vəzifəsində xidmət etmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3146 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində göstərilən rayonlarda olmasına dair sənədlərin olmamasına görə cavabdehin tələbinin təmin edilməsindən imtina edilmişdir. -iş materiallarına əlavə edilmiş « Müharibə veteranı » adı və « Azərbaycan Respublikasının müharibə veteranı » vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, MAHHXHQ-əsgər rütbəsində, 3-cü zenit raket divizionun Rabitə və idarəetmə bölməsinin Radiostansiyasının Radiostansiya rəisi vəzifəsində olmuş, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb edilmiş, Cəbrayıl və Qubadlı rayonları ərazisində iştirak etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı, döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanması fəaliyyəti ilə məşğul olmuş, xəsarəti (yaralanma, travma, kontuziya) və döyüşlərdə iştirakına görə təltifləri yoxdur. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 342 nömrəli Əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı 3-cü zenit raket divizionun rabitə və idarəetmə bölməsinin (A6) radiostansiyasının radiostansiya rəisi vəzifəsinə təyin edilmişdir. -iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 423 nğmrəli Əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı səfərbərlikdən tərxis edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. -iş materiallarına əlavə edilmişAzərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 502 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin tarixlərdə əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında düşmənin hava hədəflərinə qarşı döyüş atışları icra olunan zaman (Cəbrayıl və Qubadlı rayonları ərazisində) 3-cü divizionun rabitə və idarəetmə bölməsinin radiostansiyasının radiostansiya rəisi kimi divizionun rabitə əlaqəsini təşkil edərək döyüş tapşırığını icra etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. Həmin Əsasnamənin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3- 25-4/2-5271/2023 nömrəli etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 nömrəli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin Qeyd hissəsinə istinad edilməklə bildirilmişdir ki, “bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir”. Lakin iddiaçının iddia tələbi ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlıdır. Bu səbəbdən də məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tyarixdə məhkəməyə təqdim olunmuş ərizə ilə iddia tələbi dəyişdirilmiş, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması xahiş edilmişdir. Cavabdeh iddiaçının tələbinin təmin edilməməsini iddiaçının təqdim olunmuş arayışməlumatın 8-ci bəndində göstərilən rayonlarda olmasına dair sənədlərdə olmaması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində Cəbrayıl və Qubadlı rayonlarının adları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 502 nömrəli arayışından da görünür ki, İddiaçı həqiqətən də xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarında düşmənin hava hədəflərinə qarşı döyüş atışları icra olunan zaman (Cəbrayıl və Qubadlı rayonları ərazisində) 3-cü divizionun rabitə və idarəetmə bölməsinin radiostansiyasının radiostansiya rəisi kimi divizionun rabitə əlaqəsini təşkil edərək döyüş tapşırığını icra etmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən əsasnamədə şəxsin bilavasitə döyüşlərdə iştirak etmədən də veteran statusu alması imkanı təsbit edilmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunur ki, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar. İş materiallarına əlavə edilmiş arayış-məlumatından da görünür ki, döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) İddiaçı Cəbrayıl və Qubadlı rayonlarında əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunması və onların saz saxlanması fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adının müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-867/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-867/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver