Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-87/2020 28.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 X8 Bərdə rayon filialına qarşı işlədiyi və hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bərdə rayon şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1974-1996-cı illərdə Bərdə rayonu keçmiş “Şəhriyar” adına kolxozda işlədiyi, xx.xx.1975-ci il tarixdən 1977-ci ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək İmişli rayon Aqrokimya laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək işlədiyi və hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(114)-87/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1974-1996-cı illərdə Bərdə rayonu keçmiş “Şəhriyar” adına kolxozda işləmiş, xx.xx.1975-ci il tarixdən 1977-ci ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək İmişli rayon Aqrokimya laboratoriyasında işləmişdir. Qeyd olunan illərin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 Bərdə rayon şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək 1974-1996-cı illərdə Bərdə rayonu keçmiş “Şəhriyar” adına kolxozda işlədiyi, xx.xx.1975-ci il tarixdən 1977-ci ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək İmişli rayon Aqrokimya laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 X8 Bərdə rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının kolxoza aid iş stajı əmək kitabçasında olmadığı və İmişli rayonu Aqrokimya laboratoriyası tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; - Bərdə rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 587 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2017-ci il tarixli, 556 nömrəli arayışı; - xx.xx.2001-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bərdə rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********8 nömrəli əmək pensiyasının təyin edilməməsi barədə bildiriş; - məhkəmənin sorğusu əsasında İmişli rayon Dövlət Arxivi tərəfindən göndərilmiş iddiaçınınİmişli rayon Aqrokimya laboratoriyasında işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlərin təsdiq edilmiş surətləri; - Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 X8 Bərdə rayon filialının xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1974-1996-cı illərdə Bərdə rayonu keçmiş “Şəhriyar” adına kolxozda işlədiyi, xx.xx.1975-ci il tarixdən 1977-ci ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək İmişli rayon Aqrokimya laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 Bərdə rayon şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Bərdə rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 587 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1974-1996-cı illərdə Bərdə rayonu keçmiş “Şəhriyar” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək İmişli rayon Aqrokimya laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində iddia tələbinin təmin edilməsini aşağıdakı hallarla əsaslandırır. Belə ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 X8 Bərdə rayon filialıİmişli rayonu Aqrokimya laboratoriyası tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyini əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmənin sorğusu əsasında İmişli rayon Dövlət Arxivi tərəfindən göndərilmiş iddiaçının İmişli rayon Aqrokimya laboratoriyasında işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlərin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixli, 07 saylı əmrlə xx.xx.1997-ci il tarixdə İmişli rayon Aqrokimya laboratoriyasına sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixli, 1 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdə ərizəsi əsasında işdən azad edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək İmişli rayon Aqrokimya laboratoriyasında işlədiyindən və işlədiyi müddətdə əmək haqqından sosial sığorta haqları tutulduğundan, İmişli rayonu Aqrokimya laboratoriyası tərəfindən Dövlət X6 məcburi dövlət sosial sığorta haqqı ödənilməməsi iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi halı kimi nəzərə alına bilməz və belə hal iddiaçının sosial təminat hüququnun pozulması ilə nəticələnər. Məhkəmə iddiaçının xx.xx.1975-ci il tarixdən 1977-ci ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi hissəsində də iddia tələbini əsaslı hesab edir. Belə ki, iş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2017-ci il tarixli, 556 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən 1977-ci ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh (inzibati orqan) Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 X8 Bərdə rayon filialı iddiaçının işlədiyi və hərbi xidmətdə olduğu müddətin ona əmək pensiyası hüququ verən sığorta stajına hesablanmasından imtina etməsi ilə sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan, iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 1974-1996-cı illərdə Bərdə rayonu keçmiş “Şəhriyar” adına kolxozda işlədiyi, xx.xx.1975-ci il tarixdən 1977-ci ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək İmişli rayon Aqrokimya laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 X8 Bərdə rayon filialının üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1974-1996-cı illərdə Bərdə rayonu keçmiş “Şəhriyar” adına kolxozda işlədiyi, xx.xx.1975-ci il tarixdən 1977-ci ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək İmişli rayon Aqrokimya laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 X8 Bərdə rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-87/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-87/2020
28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver