Məhkəmə qərarları › İş №2-1(114)-87/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-87/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-87/2022 12.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqanın qanunsuz hərəkəti nəticəsində ona məxsus ünvan 1 ünvanda yerləşən mağazanın (qeyri-yaşayış obyektinin) uçurulması nəticəsində dəymiş 500.000 manat maddi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X6 ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhər İcra Hakimiyyətinin əlavə cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini və vurulmuş ziyanın müştərək qaydada cavabdehlər tərəfindən ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə şəhər İcra Hakimiyyəti cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-14/2021 nömrəli qərarı ilə İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-408/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-14/2021 nömrəli qərarı ləğv edilmiş və İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəf olaraq Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətini Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə Şəhər İcra Hakimiyyətindən və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətindən 500.000 (beş yüz min) manat dəymiş maddi zərərin tutulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanda mağaza olmuşdur. Həmin mağazanı Dövlət Əmlakının özəlləşdirilməsi proqramına uyğun olaraq almış və qeyd olunan mağazanı icarəyə verərək ailəsinin maddi təminatını həyata keçirmək istəmişdir. Həmin mağaza 2018-ci ilin yaz aylarında cavabdeh Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinin qanunsuz tapşırığı əsasında dağıdılmışdır. Onun tərəfindən həmin mağazanın dağıdılmasının qanunsuzluğu barədə dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, onun xəbərdarlığına məhəl qoyulmamışdır. Mağazanın hansı əsasla dağıdılması barədə ona heç bir məlumat və qanuni əsas bildirilməmişdir, İş üzrə cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində mağazanın dağıdılması ilə bağlı ona ümumilikdə 500.000 manat maddi zərər vurulmuşdur. Belə ki, ona məxsus olan mağaza əvvəlcə cavabdehin sərəncamı və tapşırığı əsasında yenidən qurulmuş və quruculuq işlərinə xeyli miqdarda vəsait xərclənmişdir. Həmin tikilinin sahələri iddia ərizəsinə əlavə etdiyi sərəncamda və sənədlərdə öz əksini tapmışdır. Sonradan isə ona məxsus olan qeyd etdiyi mağaza əsassız olaraq uçurulmuşdur. İddiaçı nümayəndəsi və vəkili X6 əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 12 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən mağazanın sökülməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir tapşırıq verilməmiş, həmin ərazidə tərəflərindən heç bir abadlıq və quruculuq işi aparılmamışdır. Hazırda da iddia edilən sahə boşdur və tərəflərindən həmin sahədə heç bir iş aparılmır. İddiaçıya hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2006-cı il tarixli 000420 qeydiyyat nömrəli şəhadətnamə - həmin şəhadətnamədən görünür ki, ünvan 1 ünvanda yerləşən mağaza (ümumi sahəsi 94,8 kv.m.) İddiaçı satılmışdır. - Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor Təşkilatı tərəfindən aparılmış X5 məxsus Hacıkənd qəsəbəsində yerləşən obyektin qiymətləndirilməsinə dair rəy – həmin rəydən görünür ki, qeyd edilən obyektin xx.xx.2012ci il tarixə uyğun olaraq bazar dəyəri 350 400 (üç yüz əlli min dörd yüz) manat təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********50 nömrəli məktubu – həmin məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi, 162/167 ünvanda yerləşən mağazanın özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsinə dair 3 saylı Gəncə Ərazi İdarəsinə hər hansı rəsmi sənəd daxil olmamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 94.8 kv.m. qeyriyaşayış bina İddiaçı məxsusdur, lakin həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (0.0129 ha) dövlət mülkiyyətindədir. - Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 03/359 nömrəli məktubu – həmin məktubdan görünür ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti tərəfindən Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində hər hansı tikintisöküntü, abadlıq və quruculuq işləri aparılmamış və bu barədə heç bir normativ akt (sərəncam) olmamışdır. - Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 03/771 nömrəli məktubu – həmin məktubdan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti və onun tabeli qurumları tərəfindən tərəfindən Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində tikinti-söküntü, abadlıq və quruculuq işlərinin aparılmasına dair hər hansı akt verilməmişdir. - Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 03/467 nömrəli məktubu – həmin məktubdan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən obyektdə və ya torpaq sahəsində Kəpəz rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri tərəfindən hər hansı söküntü işləri aparılmamış və bu barədə heç bir tapşırıq və ya normativ akt (sərəncam) olmamışdır. - Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1651 nömrəli sərəncamı – həmin sərəncamdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar X4 məxsus mağazanın yenidən qurulması ilə əlaqədar inşa edilmiş ümumi sahəsi 135,8 kv.m. olan, o cümlədən yaşayış sahəsi 73,1 kv.m., satış zalı 139,6 kv.m., həyət tikililəri 22,5 kv.m. olan tikililərin qeydiyyata alınması və İddiaçı istifadəsində olan 314 kv.m. torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi cavabdeh iddiaçının əmlakından məhrum edilməsinin qanunun tələblərinə müvafiq olduğunun yoxlanılmasına heç bir səy göstərməmişdir. Halbuki, “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 4.16.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən Gəncə Şəhər İcra Hakimiyyəti rayon ərazisində mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməyə borclu olan əsas icra hakimiyyəti orqanıdırlar. Məhkəmə bu qənaətə gəlir ki, torpaq sahəsinin alınmasına dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin sözügedən torpaq sahəsində abadlıq işlərinin aparılmasına dair göstərdiyi dəlillərin qanunla müəyyən edilmiş əsasları olmamış və qanunda tələb edildiyi kimi Nazirlər Kabineti tərəfindən torpaq sahəsinin alınmasına dair heç bir normativ akt qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: - Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərti ilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; - Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; - Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakının tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyətli obyektləirin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 203.3-ü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasına yol verilmir: - öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi (maddə 203.3.1); - qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.2); - sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.3); - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması (maddə 203.3.4); - rekvizisiya (maddə 203.3.5); - müsadirə (maddə 203.3.6). Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir (maddə 203.5). Qeyd olunan Məcəllənin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilməsi həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Sözügüdən 135,8 kv.m olan mağazanın – qeyri-yaşayış binasının iddiaçının mülkiyyətində olması mübahisələndirilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müəyyən edir ki, qeyri-yaşayış binası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə əsasən iddiaçının mülkiyyəti olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun mülkiyyəti dövlət tərəfindən alınmışdır. Bu müdaxilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. Məhkəmə iddiaçının əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə iddiaçının mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçının şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmiş, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçıya məxsus əmlakın cavabdeh tərəfindən sökülmədiyini göstərmişdir. Həmçinin aşağıda qeyd olunan əsasnamənin müddəalarına əsasən rayon ərazisində abadlıq və yaşıllaşdırılmaların aparılması şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətinə aid edilməmişdir. “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin: - 3.9.10-cu maddəsinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir; - 4.9.14-cü maddəsinə əsasən yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək və 4.9.20-ci maddəsinə əsasən müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsini təşkil etmək səlahiyyəti nəzərdə tutulmuşdur. - 4.18.1-ci maddəsinə əsasən bu Əsasnamənin 3.16.3-cü yarımbəndində nəzərdə tutulmuş vəzifə rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. - 4.18.2-ci maddəsinə əsasən bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Normaların məzmunundan göründüyü kimi cavabdeh inzibati orqanın qeyd edilən ərazi üzrə yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını, müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək, ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsini təşkil etmək və s. səlahiyyətləri nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. İddiaçı öz mülkiyyətindən cavabdehin hərəkəti nəticəsində qanunsuz olaraq məhrum olunmuşdur və iddiaçı öz mülkiyyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir. İddiaçı maddi zərərə görə 500.000 manat məbləğin kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Hazırki işdə maddi zərərin qiymətləndirilməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyinin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli, 10/1597 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 162/167 nömrəli mağazanın sökülməsi ilə əlaqədar İddiaçı dəymiş zərərin miqdarını dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Auditor Palatası Gəncə şəhəri Auditor Təşkilatı tərəfindən 02 fevral 2012-ci il tarixdə tərtib olunmuş ekspert rəyinə əsasən qeyri-yaşayış sahəsinin 350.400 manat dəyərində olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində yerləşən 162/167 nömrəli mağazanın sökülməsi ilə əlaqədar İddiaçı 350.400 manat dəyərində ziyanın dəydiyi müəyyən edilir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 350.400 (üç yüz əlli min dörd yüz) manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 350.400 (üçü yüz əlli min dörd yüz) manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar