Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-871/2021 21.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Tərtər Rayon Mərkəzi X2 şəxsinə (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası) qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, əlilliyin müəyyən edilməsi üçün adına “Forma-88”-in yenidən yazılması və lazımi qaydada doldurulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Tərtər Rayon Mərkəzi X2 şəxsinə (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, əlilliyin müəyyən edilməsi üçün onun adına «Forma-88»in yenidən yazılaraq və lazımi qaydada doldurularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Eksperti Komissiyasına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci ildən başlayaraq ürəyin xroniki işemik xəstəliyi, insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla xroniki xəstəlik keçirir və mütəmadi olaraq müayinə və müalicə olunur. Xəstəliyinin müayinə və müalicəsi, səbəb əlaqəsinin müəyyən edilməsi üçün sonuncu dəfə xx.xx.2018-ci ildə Tərtər Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və xx.xx.2019-cu ilədək ambulator müalicədə olmuşdur. Bu müddətdə kordaron, diproksin, korvedilol, furasemid, veraşpiron, essensiale forte, nitrosorbid, lizananapril, tioqamma, insulin, amaril və s. dərmanlardan mütəmadi olaraq istifadə etmişdir. Bundan əvvəl isə xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək F.Əfəndiyev adına 4 nömrəli Bakı şəhər Klinik Xəstəxanasında, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək Tərtər Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək Bakı Sağlamlıq Mərkəzində, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək Azərbaycan Tibb Universitetinin X1 və xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək Tərtər Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur. Müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet-tip 2 ağır formasını göstərmişlər. Lakin bütün bunlara baxmayaraq Tərtər Rayon Mərkəzi Xəstəxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Eksperti Komissiyasına 0319003AAETV nömrəli, TQS № 088 Göndəriş göndərmiş, lakin dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu səbəbindən (məhz bu səbəbdən də onun ağırlaşmaları tibbi sənədlə öz təsdiqini tapmamış, xəstənin hal hazırki vəziyyətinin görünmədiyi bildirilmişdir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Eksperti Komissiyasının qərarı ilə Forma 88-in qəbulundan imtina edilmiş və bununla da hüquqları pozulmuşdur. Belə olan halda əlilliyinin müəyyən edilməsi üçün onun adına «Forma-88» yenidən yazılaraq və lazımi qaydada doldurularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Eksperti Komissiyasına göndərilməlidir. Ona görə də müvafiq ərizə ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh etdiyi müraciətinə məktubla imtina cavabı vermişdir ki, o da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. İlkin olaraq məhkəmə qeyd edir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarında hazırki iddia tələbində qeyd olunan cavabdeh ”Tərtər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs inzibati orqan qismində göstərilməmişdir və inzibati akt qəbul etmək səlahiyyəti olmayan hüquqi şəxsin inzibati məhkəmə icraatında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin» Nizamnaməsinin: - 1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. - 2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. - 3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. - 3.2.4 və 3.2.5-ci maddələrinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüququdur. Qeyd olunan normalardan məlum olur ki, əlliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarının müəyyən edilməsi, onların reabilitasiyasını həyata keçirən icra və bununla bağlı bütün səlahiyyətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid edilmişdir. İş materiallarında olan «Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi»ndən məlum olur ki, xx.xx.2018-ci il tarixli qiymətləndirilmə zamanı əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı «Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair» xx.xx.2018-ci il tarixli qərarın mübahisələndirilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 3-cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə əlaqədar vaxt verilmiş, məhkəmənin sərəncamı poçt vasitəsilə iddiaçıya göndərilmiş, lakin iddiaçı məhkəmənin sərəncamında qeyd edilən tələblərə riayət etməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Tərtər Rayon Mərkəzi X2 şəxsinə (üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası) qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, əlilliyin müəyyən edilməsi üçün adına “Forma-88”-in yenidən yazılması və lazımi qaydada doldurulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-871/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-871/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver