Məhkəmə qərarları › İş №2-1(114)-872/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-872/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-872/2021 18.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «dövlət vəsaiti hesabına mənzillə təmin olunması» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət vəsaiti hesabına mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 26.05.2021-ci il tarixli 2-1(114)-872/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 01.08.1992-ci il tarixdə Göygöl rayon hərbi komissarlığı tərəfindən Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə (BABKM) göndərilmiş, 20.01.1995-ci ildə həmin məktəbi bitirdikdən sonra 15.01.2016-cı il tarixədək müxtəlif hərbi hissələrdə N il xidmət etmiş, leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə yüksələrək bir çox orden və medallarla təltif edilmişdir. 25.08.1997-14.12.1997, 08.01.2001-14.04.2001-ci illərdə AR Silahlı Qüvvələrinin zabit təkmilləşdirmə kurslarını, 11.08.2003-16.09.2003-cü ilədək Zabit təkmilləşdirmə kursunda motoatıcı tabor komandiri kursunu, 08.09.2014-cü il tarixdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə kursunu bitirmiş və briqada komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət etmişdir. 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Onun və ailəsinin xüsusi yaşayış sahəsi olmadığı üçün 20 ildən çox qüsursuz xidmət keçmiş hərbi qulluqçu olaraq dəfələrlə mənzillə təmin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 12.09.2020-ci il tarixli, 3565 saylı cavab məktubunda bildirmişdir ki, o, hərbi xidmət dövrü ərzində məhkum olunmuş hərbi qulluqçuların adlı siyahısına daxil edilmiş, həmçinin müvafiq komissiyaya sənədlər təqdim edilmiş və komissiyanın qərarı barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Bundan sonra yenidən cavabdehə müraciət etmiş və 09.03.2021-ci il tarixdə cavabdeh təkrar olaraq eyni məzmunlu cavab vermişdir. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddia tələbinin predmeti “dövlət vəsaiti hesabına mənzillə təmin olunması" Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmadığından cavabdeh əsl cavabdehlə əvəz olunmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Həmin Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. İddiaçı müvafiq Komissiyaya müraciət etmədən və imtinasını almadan məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 09.03.2021-ci il tarixli 1013 №-li məktubunu imtina kimi qəbul etsə də, mətnindən görmək olar ki onun tələbindən imtina olunmamış, ona izah olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən onun adı Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət dövrü ərzində məhkum olunmuş hərbi qulluqçuların adlı siyahısına daxil edilərək, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 29 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış Komissiyaya təqdim edilmişdir. Komissiya tərəfindən qərar qəbul edildikdə nəticəsi barədə ona məlumat veriləcəkdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı adını siyahıysa daxil edərək, siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərmişdir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, habelə cavabdehin etirazının dəlillərini nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Həmin Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. İddiaçı hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl həmin komissiyaya rəsmi müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda iddia üzrə mümkünlük şərtlərindən biri mövcud olmadığına görə iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- - 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı «dövlət vəsaiti hesabına mənzillə təmin olunması» üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə müraciət etmiş, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının müraciəti Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 29.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış müvafiq Komissiyaya göndərilmiş və Komissiya tərəfindən müvafiq qərar qəbul edildikdə nəticəsi barədə iddiaçıya məlumat veriləcəkdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi iddiaçının müraciətinə cavab olaraq müvafiq Komissiya tərəfindən qərar qəbul edildikdən sonra nəticəsi barədə iddiaçıya məlumat veriləcəyini bildirmiş və iddiaçının tələbindən imtina etməmişdir. Həmçinin iddiaçıya izah olunur ki, hazırki mübahisə ilə əlaqədar iddiaya cavab verməli olan aidiyyəti cavabdehə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1, 35, 80, 81, 85-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «dövlət vəsaiti hesabına mənzillə təmin olunması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar