Məhkəmə qərarları › İş №2-1(114)-873/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-873/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-873/2021 01.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin etibarnamə üzrə nümayəndəsi və vəkili İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmək haqqından tutulmuş gəlir vergisinin ona qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1965-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Sonuncu əvvəllər Daxili İşlər Nazirliyinin polis nəfəri kimi işləmiş, daha sonra ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra mətndə cavabdeh) tərəfindən 02 iyul 2020-ci il tarixdə M/V ******* nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir və bununla da o, qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. İddiaçı “əmək haqqından tutulmuş əlavə gəlir vergisinin geri qaytarılmasına köməklik göstərilməsi barədə” cavabdehə müraciət etmiş, cavabdeh isə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsini bildirərək 15.10.2020-ci il tarixli 024-58986M- 3220 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteran üçün ödənilən pulun və işlədiyi illərdə əmək haqqından tutulmuş gəlir vergisinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2000-ci ildən 01.05.2020-ci ilə qədər əmək haqqından tutulmuş gəlir vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 21.04.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin Polis nəfəri kimi torpaqların azadlığı uğrunda döyüşmüş, buna görə veteran vəsiqəsi almışdır. O, veteranlara dair güzəştlərdən istifadə etmək üçün cavabdehə müraciət etsə də, əvvəlki müddət üçün müavinət verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdeh iddiaya 26.05.2021-ci il tarixli 027-2336-1221 nömrəli məktubu ilə münasibət bildirərək qeyd etmişdir ki, Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya veteran vəsiqəsi təqdim edilməmiş və vergi güzəşti təyin olunmamışdır. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. İddiaçıya hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, tələbinin təmin olunması xahiş etdi və əlavə olaraq bildirdi ki, ona müharibə veteranı vəsiqəsi Daxili İşlər Nazirliyi tərəfindən 02.07.2020-ci ildə təqdim olunsa da, birinci Qarabağ müharibəsində iştirak etmiş və ona Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyi tərəfindən 14.08.1997-ci il tarixli vəsiqə verilmişdir. Hesab edir ki, tələb etdiyi dövrlər üzrə güzəşt və imtiyazlardan istifadə hüququ olduğundan iddia tələbi təmin edilməldir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi (vəkili) iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, 034195 nömrəli 02.07.2020-ci il tarixli veteran vəsiqəsinin surəti, cavabdehin 15.10.2020-ci il tarixli 024-58986M-3220 nömrəli imtinası və 26.05.2020-ci il tarixli 027-2336-1221 nömrəli məktubu əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı əvvəllər Daxili İşlər Nazirliyinin qurumunun əməkdaşı olmuş, ona 02 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Hazırkı mübahisə iddiaçının işlədiyi dövrdə əmək haqqından tutulan gəlir vergisinin geri qaytarılmasının mümkünlüyü ilə bağlıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsində qeyd olunur ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Həmin Məcəllənin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Göründüyü kimi, müharibə veteran adı almış şəxslərə vergi güzəştləri tətbiq olunması qeyd olunan qanunvericilik normasında nəzərdə tutulmuşdur. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İş mateiallarında olan sübutlarla müəyyən edilir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi 20.07.2020-ci il tarixdə verilmiş və onun güzəşt və imtiyazlardan istifadə hüququ da məhz həmin tarixdən yaranmışdır. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi Veteranlar birliyi tərəfindən iddiaçıya verilmiş 14.08.1997-ci il tarixli vəsiqə ilə bağlı məhkəmə qeyd edir ki, adıçəkilən sənəd buna səlahiyyəti olmayan qurum tərəfindən verilmiş və həmin vəsiqə hər hansı bir güzəşt və imtiyazın tətbiqi üçün əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası vəşərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov vəŞaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, YuxarıƏskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüşəməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi hallarda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, qanunvericilik normalarına əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir, vəsiqə həmin statusu təsdiq edən sənəddir. İddiaçının təqdim etdiyi vəsiqə 02.07.2020-ci il tarixdə verilmişdir ki, göründüyü kimi iddiaçı iddia etdiyi dövrdə veteran statusuna malik olmamışdır, ona görə də həmin dövr üçün veteranlara görə verilən imtiyaz və güzəştlərdən istifadə edə bilməzdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “2000-ci ildən 01.05.2020-ci ilə qədər əmək haqqından tutulmuş gəlir vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar